Dindarlar “AAAF Inşaat”dan uzaqlaşdırıldı

Adı vəhhabilərlə işbirliyində hallanan “AAAF Inşaat” MMC-nin rəhbəri Tofiq Heydərov bütün dindar işçiləri işdən azad edib. 

Bu barədə məlumatı AzNews.az-a şirkətin özündən veriblər. Məlumatda bildirilir ki, Tofiq Heydərov vəhhabilərlə işbirliyində olması iddiası ilə bağlı prokurorluqda dindiriləndən sonra belə bir sərt addım atıb. Onun bu addımı isə şirkətdə böyük narazılığa səbəb olub. Günahsız şəxslərin və vəhhabilərlə heç bir əlaqəsi olmayan dindarların da qurban verilməsi Tofiq Heydərova qarşı xüsusi qıcıq yaradıb. Və şirkətdə işlər demək olar ki, iflic vəziyyətinə düşüb – yaşayış kompleksində bütün inşaat işlər dayandırılıb.

Bu, həm də şirkətdə çalışmış vəhhabilərlə digər dindarlar arasında ciddi narazılıq yaradıb. Başqa məzhəblərə aid dindarlar vəhhabilərə görə işlərini itirdiklərini bildiriblər. Bütün bunları görən şirkət rəhbəri isə bir müddət işə çıxmayıb. Tofiq Heydərovun hətta ölkədən qaçdığı barədə də iddialar da var. 

Lakin şirkət yayılan məlumatları təkzib edib. Bildirilib ki, havaların çox isti olması ilə bağlı işlər bir müddət ləng aparılsa da, indi əvvəlki qaydada davam edir və yeni yaşayış binaları tikilir, Tofiq Heydərov da iş başındadır.