Bu barədə açıqlamasında Baş Prokurorluq onun keçmiş sədr olduğunu yazmağı «unudub»
O, rüşvətlə torpaq satmaqda ittiham olunur
Cəlilabad bələdiyyəsinin sədri Kamal Məmmədov barəsində cinayət işi açılıb. Bu barədə Respublika Prokurorluğu məlumat yayıb. Məlumatda deyilir ki, bələdiyyə sədri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə rayon sakinlərindən biri müraciət edib.
Prokurorluq bildirir ki, araşdırma aparılıb və Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı istintaqda şübhələr yaranıb. Bələdiyyə sədri adı açıqlanmayan Cəlilabad sakininə 4 sot torpaq satması üçün “20 000 manat pul tələb etmədə” və “faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almada” ittiham olunur.
K.Məmmədov barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
“Azadlıq” məsələylə bağlı araşdırma apararaq şok məlumatlar əldə edib. Belə ki, prokurorluğun yaydığı məlumatda Kamal Məmmədovun keçmiş bələdiyyə sədri olduğu qeyd edilməyib. Halbuki o, bir neçə ay öncə vəzifədən uzaqlaşdırılıb.
Onu da bildirək ki, Kamal Məmmədov Cəlilabad rayonunun Məmmədrzalı kəndindəndir. Ixtisasca aqranom olan Məmmədov əvvəllər rayonun torpaq şöbəsində işləyib. Sözügedən idarəyə Cəlilabad rayon Torpaq Şöbəsinin keçmiş müdiri Füzuli Hüseynovun vasitəsilə işə düzəlib. Füzuli Hüseynovun qardaşı Sabir Hüseynov hazırda icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridi. Sabir Hüseynov həm də deputat, “Qasid” firmasının rəhbəri Mirkazım Kazımovun bacısının kürəkənidir.
Məlum məsələdir ki, şəhər bələdiyyəsi sədri olmaq üçün ya həmin rayonun icra başçısıyla, ya da rayonu kurasiya edən məmurla dostluq münasibətin olmalıdır. Kamal Məmmədov da Hüseynovlar qardaşları vasitəsilə Cəlilabad rayonun icra başçısı Əziz Əzizovla yaxınlaşıb. Icra başçısının ona dəstək verməsi nəticəsində o, şəhər bələddiyəsinin sədri olmağı bacarıb.
“Azadlıq”a məlumat verən qaynağın sözlərinə görə, Kamal Məmmədov bələdiyyə sədri olandan az sonra oğlunun kirvəsi Rahibi özünə sürücü götürüb. Məlumatlara görə, bu yaxınlarda həmin sürücü böyük həcmli narkotikayla Sədərəkdə həbs olunub, hazırda istintaq gedir. Bundan ehtiyatlanan icra başçısı Kamal Məmmədovu bələdiyyədən uzaqlaşdırmaq qərarına gəlib.
“Azadlıq”a məlumat verən başqa bir qaynaq isə deyir ki, Kamal Məmmədovun işdən çıxarılmasına səbəb rayon ərazisində başçıdan xəbərsiz torpaq satması olub.
Informasiya şöbəsi