Şahin Abbasov Miri Qənbərovla bağlı yeni faktlar açıqladı
“Azkontrakt” ASC-nin prezidenti Miri Qənbərovla rəhbərlik etdiyi qurumun tabeliyində olan “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasov arasında qalmaqal davam edir. Qeyd edək ki, bir neçə gün öncə Şahin Abbasov “Azadlıq”a müsahibə verərək Miri Qənbərovu “Azkontrakt”ı fəaliyyətsiz duruma salmaqda, qurumun balansında olan əmlakı dağıtmaqda ittiham etmişdi. Miri Qəmbərov isə “Azadlıq”a ünvanladığı cavab məktubunda Şahin Abbasovun ittihamlarının əsassız olduğunu, baş direktorun korporativ maraqlarına görə onu hədəfə seçdiyini bildirmişdi. Miri Qəmbərov yazırdı ki, Şahin Abbasov rəhbərlik etdiyi qurumun balansında torpaq sahəsini kürəkəninin adına keçirmək istəyir.
Şahin Abbasov Miri Qənbərovun bu və digər iddialarına cavab verib. Onun “Azadlıq”a göndərdiyi cavab məktubunu təqdim edirik:
Niyə torpaqları “Azkontrakt”a aid olmayanlara satır paylayırsınız?
“Mən açıqlamalarımda 18 ildir prezident fərmanı ilə təsis olunmuş, səhm payının 100 faizi dövlətə məxsus olan ”Azkonrakt”ın indiyədək ölkə iqtsadiyyatının xeyrinə heç bir iş görmədiyini, mürgülü vəziyyətin hələ də davam etdiyini yazmış, hökumətin təsirli tədbirlər görməli olduğunu qeyd etmişdim. Lakin Miri Qəmbərov bütün bunlara cavab vermək əvəzinə, quru sözlər yazaraq hələ bir 18 ildir davam edən fəaliyyətsizliyinə bəraət qazandırmaq istəyir.
Miri Qənbərov yazır: “…ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi, digər qurumlara, fiziki şəxslərə icarəyə və yaxud istifadəyə verilməsi məsələlərinin həyata keçirilməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi birbaşa məşğul olur. ”Azərkontrakt” qeyd olunan məsələlərdə “Azərmetal”ın kollektivinin müraciətlərini və rəylərini nəzərə alaraq öz prinsipial mövqeyi ilə dəfələrlə çıxış edib. Bunu təsdiq edən xeyli miqdarda yuxarı instansiyalara və aidiyyəti qurumlara olan müraciətlər əyani sübutdur”.
Soruşuram, çox hörmətli Miri müəllim, nəticə nə olub? Nəticə bu olub ki, Maştağada “Azkontrakt”ın yardımçı təsərrüfatının 17 hektar torpağını özünüzə məxsus kiçik müəssisənin adına keçirərək sonradan satmısınız.
Nəticə bu olub ki, 26 dekabr 1997-ci ildə, 46a saylı əmr verərək Sumqayıtda ikinci bir törəmə – Sumqayıt Topdansatış Müəssisəsi yaradırsınız və həmin məktubunuzda yazırsınız ki, guya Sumqayıt Şəhər Icra Hakimiyyəti sizə 317 saylı, 08 dekabr 1997-ci il tarixli məktub yazaraq bu müəssisənin yaradılmasını xahiş edib. Və guya Sumqayıt şəhərində “metal, kimya və rezin məmulatlarının qəbul edilməsində lazım olan anbar” təsərrüfatı hava-su kimi lazım olub. Amma sonradan məlum oldu ki, Sumqayıt Şəhər Icra Hakimiyyətindən sizə belə bir məktub yazılmayıb və bu məktub saxtadır. Saxtalıq həm də ondadır ki, “Azərmetal”ın Sumqayıtdakı həmin anbar təsərrüfatının sahəsi tələm-tələsik başqa şəxslərə satılıb. Bundan başqa, sizin Kərəm Həsmənova müraciətləriniz bununla nəticələnib ki, məhz sizin qanunsuz və ədalətsiz sərəncam və ya əmrlərinizlə indiyədək “Azərmetal”ın 12,75 hektar torpaq sahəsi satılıb, özü də məhz kənar şəxslərə. Niyə bunları demirsiniz? Bu sırada bazamızın Sumqayıt filialındakı 6,1 hektar sahəsi siz Miri Qənbərovun 26 dekabr 1997-ci il tarixli 46A saylı əmri ilə, Sabunçu sexinin 0,7 hektar sahəsi 14 iyun 1999-cu il tarixli 27 saylı əmri ilə, Abşeron TSTM-in 1,41 hektar torpağı sahəsi 11 fevral 2005-ci il tarixli 01 saylı əmri ilə, qalan 1,2 hektar sahə yenə də sizin əmrinizə bizə aidiyyəti olmayan fiziki şəxs I.Ramazanova satılıb. Bu nə biabırçılıqdır? Niyə bu yerin sahibi, yəni “Azərmetal”ın kollektivi kənarda qalır, amma bizə halallıqla məxsus olan torpaq sahələrini ümumiyyətlə, “Azkontrakt”a aid olmayanlara satır, paylayırsınız? Hansı ki, həmin Abşeron Topdansatış Müəssisəsi əlavə olaraq M.Qaşqay küçəsi 100 ünvanda yerləşən anbar təsərrüfatını özəlləşdirib. Bəlkə bu ərazinin satılmasına da mən Şahin Abbasov sərəncam verib?
Bu qədər müəssisənin özü və torpaq sahəsi hanı?
Yazırsınız ki, cəmiyyətin tabeliyində olan təşkilatlara “Azərmetal”ın ərazisi hesabına torpaq sahələrinin başqalarına verilməsi məhz birliyin rəhbərliyinin təşəbbüsü və razılığı əsasında həyata keçirilib.
Miri Qənbərov, əgər elədirsə, bəs niyə bizim kollektivə qalmış 85 sot torpaq sahəsi də özümüzə verilməyib? Hansı ki, “Özəlləşmə haqqında” Qanun bunu sizdən tələb edirdi, kollektivin müstəsna hüquqları bunu diqtə edibdir. Təkrar edirəm, niyə bizə məxsus 13 hektara yaxın ərazi kimə gəldi satılıb verilir, amma bu sahə üzərində 30 ildir çalışan kollektivə isə hətta 85 sotu da çox görürsünüz?
Yazırsınız ki, adıçəkilən birliyin rəhbərliyinin müraciəti əsasında ümumi ərazisi – 9004 kv.m., faydalı sahəsi 2420,9 kv.m. olan bina və tikililər Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış müvafiq müqaviləyə uyğun olaraq fiziki şəxs kimi “Azərmetal” birliyinin işçisi Nuriyev Elçin Zeyvər oğluna (Abbasov Şahinin qızının həyat yoldaşı) icarəyə verilib.
Miri Qəmbərov, Elçin Nuriyev mənim kürəkənim olmamışdan əvvəl “Azkontrakt”ın işçisidir və niyə kolektivin notarial qaydada etibar etdikləri bu şəxsin adına olmaz, amma sistemdə işləməmiş, bizə aidiyyəti olmayanlara olar? Yaxşı, Elçin Nuriyevə olmaz, qoy kollektivin başqa üzvlərinə olsun. Axı siz bunu da etməmisiniz və dövlətin qanunlarının əleyhinə gedərək ədalətsizliyi davam etdirirsiniz.
Miri Qənbərov, unutmusunuzsa, yadınıza Baş nazir Artur Rasizadənin 05.07.1997-ci il tarixli 131 saylı sərəncamını salıram, sənədi olduğu kimi təqdim edirəm:
“Baş nazir A.Rasizadə 05.07.1997-ci il, 131 saylı sərəncam “Azərkontrakt” Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı:
– “Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
– “Azərmaşavadanlıq” idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
– “Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi”, “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-“Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
– Texniki vasitələrin kirayə müəssisəsi – “Azərkirayə” (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
– “Azərətsüd” icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi 2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
– “Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti – ”Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi)
– “Istehsalat avtoekspedisiya” birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi)
-“Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
– Qax rayonunda yerləşən istirahət evi (məşhur Kasparovun istirahət və şahmat mərkəzi)(“Azərkontrakt” Səhmdar Cəmiyyəti)”.
Miri Qənbərov, bəs bu qədər müəssisənin özü və torpaq sahəsi hanı, kimə və ya kimlərə satılıb?
Nəhayət, yazırsınız: “Azərmetal”ın baş direktoru Abbasov Şahinin şantaj xarakterli müsahibəsi ilə bağlı yalnız onu xatırlatmaq kifayətdir ki, birliyin fəaliyyətsizliyinə, düşdüyü böhran vəziyyətinə, işçilərin illərlə maaşlarının almamasına, professional mütəxəssislərin işdən getmələrinə görə, idarəetmə qanunvericiliyinə əsasən, birbaşa məsuliyyət tam təsərrüfat hesablı təşkilatların rəhbəri kimi şəxsən onun üzərinə düşür”.
Kollektivə 360 min manat borcunuzu da unutmusunuz?
Miri Qənbərov, ya siz “Azkontrakt”ın təsis olunması barədə mərhum prezident Heydər Əliyevin 1996-cı il tarixli 519 saylı fərmanını unutmusunuz, ya da hələ də bilmirsiniz ki, biz sizin tabeliyinizdəyik və sizin əmriniz, sərəncamınız, baş müqaviləniz olmasa heç bir kənar qurumlarla müqavilə bağlaya bilmərik.
Deyirsiniz ki, guya işçilərin illərlə maaşlarının almamasına baiskar mənəm. Miri Qənbərov, sizin kollektivə 360 min manat nəğd pul borcunuzu da unutmusunuz?
Bundan başqa, bəlkə Nazirlər Kabinetinə, Əmlak Komitəsinin sədri Kərəm Həsənova, digər dövlət orqanlarına yazdığınız məktubları unutmusunuz? Ərazilərimizi başqalarına satmaq üçün Kərəm Həsənova yazdığınız bütün məktublarda yazırsınız ki, dövlət sifarişi olmadığına görə “Azərmetal” fəaliyyət göstərə bilmir. Elə isə, mən nə etməli idim, əgər sizdən hərəkət yoxdursa!
Yazırsınız: “Çox acınacaqlı bir faktdır ki, Abbasov Şahin hələ də başa düşməyib ki, respublikamızın iqtisadi inkişafı iyirmi ildən artıq bir müddətdir ki, bazar iqtisadiyyatı istiqamətində inkişaf edir”.
Miri Qənbərov, indi başa düşdüm ki, siz həqiqətən də “Azkontrakt”ın tabeliyində olmuş digər müəssisə və təşkilatların Bakının bahalı yerlərində olan torpaq sahələrini də elə həmin bazar prinsipləri ilə kənar şəxslərə satmısınız. Amma inanıram ki, ən azı kollektivimizin iradəsi ilə ortaya çıxmış bu müraciətdən sonra ölkə rəhbərliyi 18 ildir status və səlahiyyət verdiyi bir dövlət qurumunun fəaliyyətsizliyinə birdəfəlik nöqtə qoyacaq”.


