İranın DAK-la bağlı bəyanatının pərdəarxası

Tehranı qıcıqlandıran səbəblər hansılardır?

Xəbər verildiyi kimi kimi, sentyabrın 8-də Dünya Azərbaycanlıları Konqresi (DAK) “Yaxın Şərqdə baş verən problemlər: Güney Azərbaycandakı son durum” mövzusunda Bakıda dəyirmi masa keçirib. Dəyirmi masa Iranın Azərbaycandakı səfirliyinin sərt etirazına səbəb olub. Səfirlik bununla bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda keçirilən tədbir “separatçılıq” kimi qiymətləndirilib. Bundan başqa bəyanatda Iranda Azərbaycan əleyhinə belə toplantılara yol verilmədiyi xatırladaraq rəsmi Bakının Iranın ərazi bütövlüyünü sual altına alan bu kiçik separatçı dəstə barəsində qanun çərçivəsində davranmaq kimi tələb irəli sürür.

DAK-ın həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə “Turan” agentliyinə açıqlamasında Iran səfirliyinin belə bir bəyanatla çıxış etmək haqqı olmadığını deyib. O, bəyanatı insan haqlarını pozmaq kimi dəyərləndirib. DAK-ın ictimai qurum olduğunu deyən Sabir Rüstəmxanlı Güney Azərbaycan türklərinin insani haqları barədə danışmağı qurumun birbaşa vəzifəsi adlandırıb. 

“Iran tərəfin belə bəyanatla çıxış etməyə, səfirin əsəb nümayiş etdirməsinə əsası yoxdur. Belə əsəbləri də çox görmüşük, belə səfirləri də, hər kəs öz işi ilə məşğul olsun və başqasının nə edəcəyi ilə bağlı hökm verməsin”, – deyə deputat əlavə edib.

DAK yeni yaranmış qurum deyil və bu təşkilat zaman-zaman Güney Azərbaycanla bağlı tədbirlər keçirib. Iran bu tədbirlərə sonuncu dəfə olduğu kimi sərt reaksiya verməyib.

Mülahizələrə görə, Iranın bu dəfəki sərt reaksiyasının iki səbəbi ola bilər. Birinci səbəb, geopolitik vəziyyətlə bağlı rəsmi Bakının Tehranla münasibətlərini normallaşdırmasıdır. Azərbaycan indiki vəziyyətdə Iranla münasibətləri gərginləşdirmək istəmir. Qarşı tərəf də bunun fərqindədir və görünür, vəziyyətdən istifadə edərək özünü Azərbaycana münasibətdə daha da sərbəst aparmağa çalışır.

Başqa bir səbəb isə Sabir Rüstəmxanlının Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşü ola bilər. Bu görüş təsadüf nəticəsində DAK-ın tədbirindən əvvəl baş tutub. Ehtimallara görə, Səudiyyə Ərəbistanı ilə münasibətləri gərgin olan Iran bu görüşdən hansısa əsassız nəticələrə gəlib.

Redaksiyamıza daxil olan məlumata görə, Iran o qədər qəzəblidir ki, hətta baş verənlərlə bağlı Prezident Administrasiyasına da etirazını bildirmək niyyətindədir.

Akif