Xaqani Əliyev xaqaniquzeyli@gmail.com
Yəqin ki, mənim kimi, sizi də bir sual həmişə düşündürüb: “Görəsən yapçılar öz dediklərinə özləri inanırmı? Doğrudanmı onlar ölkədə demokratiya, söz azadlığı, azad seçki, nəhayət qayda-qanun olduğuna inanırlar?” Bu mövzuda daima fərqli fikirlər eşitmişəm, lakin ən çox eşitdiyim bu idi ki, “bəli, onlar doğrudan da buna inanırlar”. Lakin mən həmişə bir az başqa fikirdə olmuşam, çünki onların bir çoxunu YAP-a qədərki dövrdən tanıyırdım. Adi insanlar, kimi tələbə, kimi müəllim idi. Belə deyildilər…
Başqa bir tutarlı arqument isə, keçmiş, yəni “vurulmuş” yapçılardı. Onların bəziləri ilə söhbət zamanı heyrətə gəlməmək mümkün deyil. Bu yaxınlarda biri küçədə yaxamdan tutub dedi ki, “niyə yazmırsan ki, filankəsin anası ermənidir?” Güclə yaxamı qurtara bildim əlindən…
YAP-a daxil olmaq kimi, ondan qurtulmaq da asan deyil. Bu zaman hətta sovet dövründə qazandığını da itirə bilərsən. Götürək elə keçmiş deputat Gülər Əhmədovanın “başına gələnləri”… Yüksək səviyyədə himayə edilməsəydi, hər şeyini, hətta valideynlərindən miras qalan mənzilini də itirəcəkdi…
Mənim fikrimcə, hazırda ən xoşbəxt yapçı Mübariz Qurbanldır…
Keçmiş YAP funkisonerinin siyasətdən tamamilə uzaq bir vəzifəyə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Kimi onun vaxtilə pivə içməsini, kimi isə onun bəlli siyasi qütbə aid olduğunu əsas gətirərək, bu təyinatın uğursuz olacağını iddia edirdi. Irəli sürülən arqumentlərin hamısı kifayət qədər əsaslı idi və Mübariz Qurbanlının bu təyinata qədərki fəaliyyəti onun bu vəzifədə başarılı olmayacağı haqda söylənilərə haqq verirdi. Hər kəs onun YAP-dakı ab-havanı bu siyasətdən uzaq komitəyə gətirəcəyini gözləyirdi…
Mübariz Qurbanlı təxminən 20 il ərzində ağa qara deyən YAP funkusionerlərindən biri olub, hər fürsətdə rejimin atdığı bütün addımlara haqq qazandırmağa çalışıb. Fərqli düşünənlərin həbsinə, amansız repressiyalara haqq qazandırıb, saxta seçkilərə azad seçki, siyasi məhbuslara xuliqan deyib. O “müxalifətlə ermənipərəst qüvvələrin işbirliyi” kimi klassik şərləmə nəzəriyyəsinin əsas ideoloqlarından biri kimi qəbul olunurdu. Əlqərəz, tipik və digərlərinə nisbətən savadlı, eyni zamanda soyuqqanlı bir YAP funkisioneri idi. Bu və ya başqa xüsusiyyətlərinə görə partiyada ona “Lenin” ləqəbi vermişdilər. Partiyadaşları onu YAP-ın düşünən beyni(!) adlandırırdı.
Təkrar edirəm, partiyadaşları, çünki, fikrimcə, YAP-da nəsə düşünməyə ehtiyac yoxdur. MSK və Daxili Işlər Nazirliyi YAP-ın əvəzinə lazım olan hər şeyi edir.
20 il ərzində eyni şeyi hey təkrarlayan Mübariz Qurbanlını bu gün tanımaq çox çətindir. Son şəkillərinə diqqətlə fikir versəniz, onun xeyli cavanlaşdığını da görmək mümkündür. Qırışlar tamamilə yox olub, gedib.
Ən əsası isə, 20 illik Mübariz Qurbanlıdan heç bir əsər-əlamət yoxdur. 20 il ərzində varlığı ilə yoxluğu bilinməyən komitə də saat kimi işləyir, ölkənin həyatında nə qədər önəmli rol oynadığını sübut etməyə çalışır. Atılan addımların bəzilərinin tələskən olması da başadüşüləndır. 20 illik passivlikdən sonrakı aktivliyin dozası elə bu qədər olmalıdır.
Yeri gəlmişkən, Mübariz Qurbanlının başqa bir silahdaşı – ömrünün ən gözəl 20 ilini müxalifətlə mübarizəyə həsr etmiş və heç nəyə nail olmamış Əli Əhmədovu da bu gün biz başqa ampluada görürük. O, baş nazirin müavinidir və sosial problemlərlə məşğul olur. Hətta tarixə də düşməyi bacarıb – Qarabağ əlillərini qəbul edən ilk baş nazir müavini kimi…
20 il ərzində eyni kreslo, eyni kabinet, eyni erməni dəyirmanı, eyni antiAzərbaycan qüvvələrı, eyni portret, eyni mandat, eyni inkişaf nağılları və s… Razılaşın ki, normal adam ağlını itirə bilər, hər şey onun gözünə müxalifət kimi görünə bilər. Küçədəki dilənçi ordusu da, çayxanalardakı on minlərlə boş-bekar insanlar da, hətta evdəki arvad-uşaq da…
Bu yaxınlarda Siyavuş Novruzovun nazir müavini gedəcəyi söhbəti dolaşdı…
Elə sevinirdim ki…