Hakimiyyət “əfv ərizəsi” yazanları aldadır

«Peşman» olanların azadlığı təmin edilmir

Artıq Ilham Əliyevin bağışlamaq siyasəti hamıya məlumdur.  Ölkədəki vəziyyətdən xəbərdar olan hər kəs bilir ki, ictimai-siyasi fəalların “narkotika”, “xuliqanlıq”, “dövlət çevrilişi” ittihamı ilə həbs edilib, əfv ərizəsi ilə azad olmaq şansı var. Yəni hökumətimiz müxtəlif ittihamlarla həbs ediyi adamlara “əfv ərizəsi” yazdıraraq, bu adamların siyasi məhbus olduğunu etiraf etmiş olur.

Amma hakimiyyət bu “proses”də də yalançı mahiyyətini üzə çıxarmaqdadır. Müşahidələr onu göstərir ki, son dövrlər əfv ərizəsi yazan şəxslərin azadlığa buraxılması təxirə düşür.  Əslində baş verənlər hakimiyyətin növbəti cinayəti kimi də qiymətləndirilə bilər. Çünki, bu adamları şərləyib həbs etdirirlər, sonra öz əleyhinə ifadə verməyə məcbur edirlər və sonda da azad etməkdən boyun qaçırırlar.

Sentyabrın 9-da Gəncə Apelyasiya Məhkəməsi “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə çıxarılmış 6 illik həbs hökmünü qüvvədə saxlayıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində qərara alınıb ki, təyin edilmiş cəza haqlıdır. Apelyasiya şikayətində isə, Həsən Hüseynlinin təqsirsiz olduğu, heç bir cinayət törətmədiyi bildirilir və ona bəraət verilməsi istənilirdi.

Qeyd edək ki, Həsən Hüseynli bu ilin martın 31-də Gəncədə saxlanılıb. Iyulun 14-də Gəncə məhkəməsi onu xuliqanlıq və soyuq silah gəzdirmə ittihamı ilə 6 il azadlıqdan məhkum edib. 

Bu faktı ona görə qeyd etdik ki, Həsən Hüseynli də bir müddət əvvəl əfv ərizəsi yazmışdı və prezidentə minnətdarlıq ifadə etmişdi. Ancaq nəticə göstərdi ki, hakimiyyət şərləyib həbs etməklə bərabər, əfv ərizəsi yazdırıb, aldatmağa da “qadir”dir.

Əfv ərizəsi yazıb azadlığa qovuşmayanlarla bağlı başqa nümunələr də var. 

Görünür, hakimiyyət bu adamlara “əfv ərizə”si yazdırdıqdan sonra da azadlığa buraxmağa ürək etmir. Yaxud belə addım atmaqla, həbs edilmiş adamlara ikiqat iztirab yaşatmaq istəyir.

Bu yazını yazmaqda məqsədimiz “əfv ərizəsi” yazanları qınamaq deyil. Sadəcə demək istəyirik ki, sizi qondarma ittihamlarla həbs edənlərin səmimiyyətinə inanmayın.  Hakimiyyət bilir ki, siz müxtəlif təzyiqlər qarşısında “əfv ərizəsi” yazsanız da, haqqın tərəfindəsiniz.

Ona görə bir daha fikirləşmək və eyni tələyə ikinci dəfə düşməmək gərəkdir.

Bir gün haqsız həbs olunanların hamısı azadlığa çıxacaq və bu adamlara “əfv ərizəsi” yazdırmaq istəyənlər diz çöküb başğışlanmaqlarını istəyəcəklər.

Akif