Müzəffər Baxışov: «Hadisə zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətləri əsasında baş verirsə, qarşı tərəfə xuliqanlıq ittihamı verilə bilməz»
Xəbər verdiyimiz kimi Abşeron Rayon Polis Şöbəsi jurnalist «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həzi ilə dalaşan Bakı şəhər sakini Məhərrəm Həsənovu həbs edib. Aparılmış istintaqla Məhərrəm Həsənovun Seymur Həziyə yumruqla xəsarətlər yetirdiyi bilinib. Məhərrəm Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilib, barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Seymur Həziyə qarşı isə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. 221.1-ci maddəyə əsasən, Məhərrəm Həsənova üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası düşür. Seymur Həzinin ittiham olunduğu 221.3-cü maddənin sanksiyası isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmədir.
S.Həzinin vəkili Elton Quliyev qəzetimizə açıqlamasında bildirmişdi ki, Seymur Həziyə irəli sürülən ittihamın heç bir əsası yoxdur: “Biz rəsmi şəkildə vəsatət vermişik və bildirmişik ki, burada xuliqanlıq əməli yoxdur. Çünki xuliqanlıq motivsiz cinayətdir, belə qəbul olunub. Xuliqanlıq edən şəxsin məqsədi, niyyəti yalnız ictimai qaydanı pozmaq, cəmiyyətə hörmətsizlik etmək, insanlar arasındakı formalaşmış dəyərlərə saymazyanalıq nümayiş etdirmək və sair olmalıdır. Ancaq Seymur Həzi motivsiz hərəkət etməyib. Ona qarşı hücum olub. Mən vəsatətdə də qeyd etmişəm ki, kimisə xuliqanlıqla məsuliyyətə cəlb etmək lazımdırsa da, bu, Seymur Həzi yox, digər şəxs olmalıdır, yəni ona hücum eləyən. Çünki heç bir səbəb olmadan küçənin ortasında, camaatın yanında, ictimai yerdə ona yaxınlaşıb vurmağa başlayıb. Seymur da ondan canını qurtarmaq üçün özünü müdafiə edib»
“Media forum” saytı baş verənlərlə bağlı maraqlı araşdırma aparıb. Saytın araşdırmasına görə, zəruri müdafiə Cinayət Məcəlləsinin 36-cı maddəsi ilə tənzimlənir. Qanuna görə, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmayıbsa, cinayət sayılmır.
Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
Hüquqşünas Müzəffər Baxışov da bildirdi ki, S.Həzi zəruri müdafiə həddində hərəkət edib. S.Həziyə ümumiyyətlə düzgün ittiham verilmədiyini deyən M.Baxışov bildirdi ki, baş verən hadisə iş üzrə zərərçəkmiş kimi qeydiyyata alınan şəxsin qeyri-qanuni hərəkətləri nəticəsində baş verib. Belə olduqda isə xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmənin plenum qərarı var. Həmin qərara görə əgər hadisə zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətləri əsasında baş verirsə, qarşı tərəfə xuliqanlıq ittihamı verilə bilməz: «Cinayət Məcəlləsinin 221.1-ci maddəsində xuliqanlığın anlayışı verilir. Xuliqanlıq hərəkəti ictimai qaydanı pozmaq, cəmiyyətə açıq hörmətsizlik etmək, vətəndaşlara qarşı zor tətbiq etmək hədəsi ilə müşayət olunur. Xuliqanlıq mürəkkəb tərkibli bir cinayətdir. Orada ən azı üç tərkib əlaməti olmalıdır. Bu Burada ictimai qayda pozulmalı, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirilməlidir. Bu əməllərin heç biri Seymur Həzidə yoxdur. Vətəndaşa qarşı zor tətbiq olunması qaydasında da səhv var. Belə çıxır ki, xarici vətəndaşla bağlı fərqli situasiya yaranır. Bu da Azərbaycanın Milli Məclisinin biyabırçı vəziyyətdə olmasına dəlalət edir. Seymur Həzinin ictimai qaydanı pozmaq, cəmiyyətə açıq hörmətsizlik etmək niyyəti yoxdur».
S.Həzinin ona zor tətbiq etmək istəyən şəxsin hərəkətlərinə müqavimət göstərdiyini deyən M.Baxışov vurğuladı ki, S.Həziyə ittihamlar onun siyasi mövqeyinə görə verilib. M.Baxışov da hesab edir ki, bu iş üzrə hərtərəfli araşdırma aparılmalı və S.Həzinin Cinayət Məcəlləsinin 36-cı maddəsi ilə araşdırılmalıdır.
Xəyal


