«Gürcüstanla viza rejimi tətbiq olunarsa belə, bu, iki dövlət arasında sərtləşmə kimi qəbul edilməməlidir»
Zəlimxan Məmmədli: «Gərək Azərbaycan və Gürcüstan eyni orentasiyalı siyasət yürüdərək Şengen zonasına daxil olardı»
Artıq bir müddətdir ki, Gürcüstanla Azərbaycan arasında viza rejiminin tətbiq oluna biləcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Gürcüstanı bu addımı atmağa vadar edən səbəblər bu ölkənin Avropa Birliyi ilə əməkdaşlıqda növbəti mərhələyə keçməsidir. Belə ki, Gürcüstanın Avropa Birliyi ilə imzaladığı son sənədlərdən sonra bu ölkənin vətəndaşları Şengen ölkələrinə vizasız səfərlər edə biləcəklər.
Məhz bu dəyişiklik Azərbaycanla əlaqələrə yenidən baxmağa vadar edir. Düzdür, hələlik dövlət səviyyəsində belə bir qərar verilməyib. Amma qeyri-rəsmi məlumatlara görə, belə bir addımın atılmasına hazırlıq getməkdədir və yaxın zamanlarda bu qərar elan ediləcək. Bəs, yeni dəyişiklik Azərbaycanla Gürcüstan əlaqələrinə necə təsir edəcək?
“Borçalı” Ictimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirdi ki, hər bir dövlətin öz miqrasiya siyasətini müəyyən etmək, sərhədlərini istədiyi kimi qorumaq hüququ var. Azərbaycanın da bundan öncə miqrasiya qanunvericiliyini sərtləşdirdiyini xatırladan Z.Məmmədli bildirdi ki, qanunvericilikdəki dəyişikliklərdən inciyənlər sırasında soydaşlarımız da olub. Gürcüstanla Azərbaycan arasında viza rejimi tətbiq olunarsa belə, bunu iki dövlət arasındakı münasibətlərdə sərtləşmə kimi qəbul etməyin əleyhinə olan Z.Məmmədli hesab edir ki, Gürcüstan bu addımı atarsa, bu dövləti bunu etməyə vadar edən səbəblərə nəzər yetirmək lazımdır: “Sərhəd rejiminin sərtləşdirilməsi Gürcüstanın maraqlarına xidmət edən hüquqi bazadır. Bu digər ölkələrə münasibətdə də tətbiq olunacaq. Viza rejimi ilə Ermənistan və digər qonşu ölkələr də üzləşə bilər. Soydaşlarımız burada prosesləri emosional müstəviyə daşımaqdansa, yeni qaydalara əməl etməlidirlər. Biz də soydaşlarımızı məhz buna səsləməliyik. Sadəcə olaraq Azərbaycan və Gürcüstan eyni orentasiyalı siyasət yürütməli idilər. Azərbaycan və Gürcüstan eyni anda Şengen zonasına daxil olmaq üçün mübarizə aparmalı idilər. O zaman qanunvericilikləri də uyğunlaşardı. Amma biz islahatlara münasibətdə fərqli, ikili yanaşmanı görürük”.
Xəyal


