Əcnəbilər pullarını Azərbaycandan çıxarır

Nemət Əliyev: «Əcnəbi biznesmen başa düşür ki, istənilən vaxt onun pulu burada çox rahat şəkildə bata bilər»

Avqustun 1-nə olan göstəriciyə görə, əhalinin bank əmanətləri 6 milyard 940 milyon manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 8,5 faiz çoxdur.

Mərkəzi Bankın bu barədə yaydığı məlumata görə, manatla əmanətlər 7 ayda 13,25 faiz artaraq 4 milyard 403,6 milyon manat və ya bütün əmanətlərin 63,5 faizi olub. Xarici valyuta ilə əmanətlər 1,2 faiz artaraq, 2 milyard 536,5 milyon manata çatıb. Rezidentlərin hesabında 1 avqust üçün 6 milyard 310,9 milyon manat, qeyri-rezidentlərin hesabında 629,1 milyon manat olub. Vətəndaşların əmanəti 12,3 faiz artıb, əcnəbilərinki isə 18,88 faiz azalıb.

Maraqlıdır, əcnəbilər Azərbaycan banklarından pullarını niyə çıxarır?

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, əcnəbilərin öz vəsaitlərini Azərbaycan banklarından çıxarması ölkədəki əlverişsiz iqtisadi, biznes mühitinin olmasıyla bağlıdır. Ekspertin sözlərinə görə, ölkədə kapitalın saxlanılması, maliyyə vəsaitlərinin dövriyyəsinin təşkili üçün əlverişli mühit yoxdur: “Bu üzdən də həmin maliyyə vəsaitlərinin sahibləri öz pullarını Azərbaycandan çıxarıb aparır. Son dövrlərin statistikasına diqqət etsək, bunu davamlı şəkildə müşahidə etmək olar. Azərbaycan daxilində iqtisadi və siyasi mühit əlverişsizdir. Ölkədə iş görmək istəyən əcnəbi biznesmen, investor başa düşür ki, istənilən vaxt onun maliyyə vəsaitləri çox rahat şəkildə bata bilər.

Eləcə də batan vəsaitinin bərpası üçün real nəticələrə nail ola bilməyəcəyini dərk edir. Bu mənada, maliyyə vəsaitlərini ölkədən çıxarırlar. Azərbaycanda hər şey neftin üzərində fokuslaşmışdı. Lakin son dövrlər neft hasilatı üzü aşağı doğru gedir. Ölkənin qeyri-neft sektoru da inkişaf etməyib.  Neftin cəlbedənliyi fonunda Azərbaycana bir axın yaranmışdı. Artıq bu da geridə qalıb. Investorlar da bunu görür. Bir sözlə, Azərbaycanda əlverişli biznes mühiti, rəqabət şəraiti yoxdur. Belə bir mühitdə xaricilər də öz vəsaitlərini burda qoymaq istəmir”.

Nigar