Seymur Həzini ailə üzvlərilə görüşməyə qoymurlar

Hazırda Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzi ailə üzvlərilə əlaqə saxlayıb. Bu barədə “Azadlıq”a jurnalistin atası Məşgül Həziyev məlumat verərək bildirib ki, Seymur saxlanma şəraitindən, vəziyyətindən şikayətlənməyib: “Seymurla iki-üç gün əvvəl danışmışıq. Vəziyyətinin yaxşı olduğunu bildirdi. Ondan sonra əlaqəmiz olmayıb”.

Məşgül Həziyevin sözlərinə görə, bugünədək ailə üzvlərindən heç kim Seymurla görüşə bilməyib: “Bizə görüşməyə icazə vermirlər. Ona görə də sovqat göndərməklə kifayətlənməli oluruq. Bu gün də Kürdəxanıya gedəcəyik, ərzaq aparacağıq”.

Xatırladaq ki, Seymur Həzi avqustun 29-da həbs olunub. O, 

Ceyranbatan qəsəbəsində yerləşən evlərindən çıxıb gələrkən Məhərrəm Həsənov adlı birisi yaxınlaşaraq, “facebook”da ona göndərdiyi mesaja niyə cavab vermədiyini soruşub. Seymur Həzi də öz növbəsində bildirib ki, belə bir mesaj görməyib, ola bilsin, diqqətindən yayınıb, imkan olan kimi cavab yazacaq. Bu cavabla kifayətlənməyən Məhərrəm Həsənov Seymur Həziyə hücum edib. Belə olan halda, jurnalist də özünü müdafiə etmək məcburiyyətində qalıb. Hadisə yerindən uzaqlaşanda isə ətrafda dayanmış polislər Seymur Həzini həbs edib. Jurnalistə qarşı CM-nin 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşya vasitəsilə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülərək, ilkin istintaq dövrü üçün barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Seymur Həziyə qarşı baş verənlərin əvvəlcədən hazırlanmış təxribat olduğu şübhə doğurmur. Məsələ burasındadır ki, ona həbsindən təxminən bir həftə əvvəl tutulacağı haqda xəbərdarlıq edilmişdi.