Meriya Müsavatın qurultay müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayına yer ayrılması üçün edilən müraciətə cavab verib. Partiyadan “Media forum” saytına bildiriblər ki, meriya qurultayın keçirilməsi üçün Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evini təklif edib.

Müsavat Partiyası 8-ci qurultayını sentyabrın 27-də keçirməyi planlaşdırır. Qurultayda partiyaya yeni başqanın seçiləcəyi gözlənir. Sentyabrın 10-da “Media forum”a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, partiya meriyaya müraciətində qurultay üçün 800-1000 nəfər arasında adam tuta biləcək yer istəmişdi və nümunə kimi Opera və Balet Teatrını göstərmişdi.

Gülağa Aslanlı bildirib ki, qurultayı Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirmək təklifini qəbul edib-etməmək qurultaya hazırlıq üzrə təşkilat komitəsinin səlahiyyətindədir və komitə meriyanın cavab məktubunu müzakirə edib müvafiq qərar verəcək.