Şahvələd Çobanoğlu
Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin məhkəməsi başlayıb. Işi vətəndaşları qorumaq olan Daxili Işlər Nazirliyinin rəhbəri indi heç bir cinayət əməli törətməyən tanınmış bir insanı tutdurmaq istəyir. Siyasi səbəb aydındır, Eldəniz Quliyev hakimiyyəti tənqid edən şəxsdir və müxalif mövqeli Milli Şuranın rəhbərliyində təmsil olunur. Hər yanda ictimai fəalların şərlənib həbs olunduğu bir dövrdə Eldəniz müəllimin hədəfə gəlməsi elə də qəribə görünmür. Amma bu məhkəmə iddiasında qəribə olan iki məqam qalmaqdadır.
Birincisi, Ramil Usubov Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə iddia qaldırıb. Yəni ittiham diffamasiya maddələrindən ibarətdir və Azərbaycan bu maddələri Cinayət Məcəlləsindən çıxarmağa hazırlaşdığını bəyan edib. Hətta bu maddələrin istifadə olunmadığı barədə də dəfələrlə bəyanatlar verilib, diffamasiya barədə qanunun qəbul edilməsi üçün işlərin getdiyi bildirilib. Çünki bu maddələr sözə görə həbsi nəzərdə tutur və bizim çağ üçün qəbuledilməz bir hal sayılır.
Bu işdə daha bir qəribəlik odur ki, dövlət orqanı özünü dəymədüşər bir fərd kimi aparır. Dünyanın hər yerində vətəndaşlar məmurlar və dövlət qurumları barədə ən ağır ifadələri işlədirlər. Hətta dövlət başçıları yumurta və pomidor atəşinə tutulur. Vətəndaşlar ən sərt sözlərlə idarəçiləri qınayır, onların işinə qiymət verərkən olduqca qıcıqlandırıcı ifadələrdən istifadə edirlər. Buna görə kimsə cəzalandırılmır. Bu, demokratik idarəçiliyin gerçəkliklərindən biridir.
Məmurlar özlərini digər vətəndaşlar kimi apara bilməz. Yol polisinin vətəndaşlara qarşı elədikləri azdırmı? Onların qanunsuz əməllərini kim görməyib? Internet bunu sübut edən videolarla doludur. Bəs Ilham Əliyev niyə yol polisi ilə bağlı tədbirlər görürdü? Maaşlar qaldırıldı, ödənişlər kart sisteminə keçdi və s. Bunlar yol polisindəki biabırçılığın etiraf idi. Indi sözə görə – həm də heç bir təhqir olmayan sözə görə adamı məhkəməyə vermək açıq siyasi fürsətçilikdir.
Avropa Insan Haqları Məhkəməsinin belə hallara aid bir çox qərarları var. Əvvəla, Insan Haqları Məhkəməsi mətbuatda yayılan yazı və çıxışlarda ictimai problemlərə diqqəti çəkmək üçün sərt ifadələrdən istifadə edilməsinin təhqir, böhtan saymağı yanlış sayıb, üzv dövlətlərin məhkəmələrinə bu qərarları ləğv etməyi tövsiyə edib.
Insan Haqları Məhkəməsi dəfələrlə təhqir, böhtan, işgüzar nüfuz iddialarında məmurlarla digər vətəndaşların eyni tutulmamasını bildirib və əslində məmurlar da, məhkəmələr də bunu nəzərə almalıdır.
Eldəniz Quliyevə qarşı iddianın uydurma və siyasi motivli olduğu bəllidir, amma bu ittihamda sadalan əməllər gerçək olsaydı və siyasətdən uzaq olan bir adama qarşı yönəlsəydi belə, qanunsuz və əsassız olardı və məhkəmə bu iddianı qəbul etməli deyildi. Çünki o çıxışda cinayət əməli yoxdur. Necə deyərlər, heç yol hərəkəti qaydasını da pozmaq yoxdur.
Oğlunu vətənə qaytardığına görə peşman idi…
2005-ci il martın 2-də öldürülən jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov vəfat etdi. Sabir dayı oğlunun qətlinin açılmasını və cinayəti törədənlərin cəzalandırılmasını görmədi. Bunun üçün o, indiki Azərbaycan hakimiyyətindən çox yaşamalı idi, bu da ona qismət olmadı.
Sabir dayının həyatı Elmarın ölümü ilə boşalmış, gerçək iztirab və faciəyə çevrilmişdi. Elmarın övladı da xaricdə yaşamağa məcbur olduğu üçün ona çox çətin idi. Əvvəlki illərdə “bəs niyə açılmır bu cinayət?” deyə hey suallar verirdi. Amma son illər özü də söyləyirdi ki, qətlin açılacağına artıq inanmır.
Onun oğlu azadlıq üçün qurban getmişdi. Elmar Hüseynov adı ABŞ da bəşəriyyətin azadlığı uğrunda qurban gedənlərin xatirə lövhəsinə yazılmış yeganə azərbaycanlıdır Elmar söz azadlığını güzəştə getməyən, həqiqəti olduğu kimi, senzurasız ifadə etdiyi üçün öldürülmüşdü və bütün dünya onun bu fədakarlığını bilir…
Ata da bilirdi oğlunun kim olduğunu, lakin heç nə ovundurmurdu. Həmişə deyərdi ki, Elmar ali təhsil aldıqdan sonra Rusiya getmişdi, işləri də çox yaxşı idi, onu Vətənə qaytardığı üçün çox peşman idi. Çünki oğlu Vətəndə yaşaya bilmədi, hətta nəvəsi də yaşaya bilmir. Bu mənada Sabir Hüseynovun ağrılı həyatı Azərbaycanın acı gerçəyi idi. Atalar və analar Vətəndən qorxur ? Vətənin onun balasına bəla ola biləcəyinə görə.

