Payızı məhsul bolluğu fəsli adlandırırlar. Lakin bazarlarımızda müşahidə olunan qiymət artımı fəslin bu müsbət tərəfini görməyə imkan vermir. Hələ rayonlarda məhsul yığımı başa çatmayıb, amma sözün əsl mənasında bazarlar “od tutub yanır”.
“Qiymətlərin tənzimlənməsi və bu barədə qanunların qəbul edilməsi Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə tapşırılıb. Onlar bu məslə ilə bağlı qərar versələr, biz də bu məsələyə qoşulacağıq”. Bunu Modern.az-a bazarlardakı qiymət artımını şərh edən “Azərittifaq”ın sədri, deputat Eldar Quliyev deyib.
O, qiymətlərin artımının səbəbini belə izah edib: “Qiymətlərin qalxmasına bir neçə səbəb var. İlk növbədə bu il ötən illərlə müqayisədə daha quraq oldu. Digər tərəfdən, məhsulun bir hissəsi Rusiyaya ixrac olunur. Bununla yanaşı, malların özünün Bakıya gətirilməsində insanlar süni qiymətdən istifadə edirlər. Daha ucuz alır və baha satırlar”.
Eldar Quliyev qeyd edib ki, dövlət qiymətlərin tənzimlənməsində radikal addım ata bilməz, qiymətlər sərbəstdir: “Bunun qarşısını almağın tək yolu məhsul bolluğunu artırmaq və məhsulların kənara çıxarılmasının qarşısını almaqdır. Bundan başqa, çoxlu yarmarkalar təşkil etmək lazımdır. Yarmarkalar süni qiymət artımını azalda bilər. Artıq burada ucuz alıb, baha satmaq halları olmayacaq. Sahibkar məhsulunu öz qiymətinə satacaq. Təəssüf ki, bizim bazarlar bu gün bəzi insanların əlindədir”.
“Azərittifaq”ın sədri vurğulayıb ki, gələcəkdə bazarlarda belə halların yaşanmaması üçün böyük proqram hazırlamaq lazımdır: “Sentyabr ayında qiymətlər normal olacaq. Oktyabr ayında məhsulun qıtlaşan vaxtında qiymətlər daha da artacaq. Fikirləşməsinlər ki, qiymətlər daha da normal olacaq, bir aydan sonra daha da artacaq. Qanunda qiymətlərin sərbəst olduğu yazılır. Amma bu məsələdə insanların insafı da lazımdır. Avropaya inteqrasiya edirik, amma satış qaydalarını da nəzərdə saxlamaq lazımdır”
Xatırladaq ki, bir müddət öncə Eldar Quliyev xarici təcrübəyə əsaslanaraq yen i tikilən yaşayış binalarının 1-ci mərtəbəsində məhsulların satışı üçün yer ayrılması təşəbbüsü ilə Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb.
Deputatın sözlərinə görə, artıq bazarlardan marketlərə keçməliyik: “Almaniya, Fransa, İspaniya kimi böyük ölkələrdə 4-5 mərtəbəli mağazaların 1-ci mərtəbəsi ancaq kənd təsərrüfatı məhsullarının satışı nəzərdə tutulur. Bunun üçün bizə 1000-1500 kvadrat yer ayrılmalıdır ki, biz o şəraiti yaradaq. Bu zaman ilk növbədə gigiyenik baxımdan əhalinin sağlam olması təmin ediləcək. Bu şərait yaradılacağı halda, məhsullar müayinədən keçiriləcək və süni qiymət artımının da qarşısı alına bilər. Lakin bizim müraciətimizə cavab verilməyib”.