Ənnağı Hacıbəyli
Son illər Azərbaycan çox qanunsuz və ədalətsiz ittihamların, həbslərin şahidi olub. Haqqa, hüquqa dövlət səviyyəsində təcavüz o qədər adiləşib ki, cəmiyyətin buna reaksiyası da kütləşib. Adiləşdirmənin dövlət siyasəti həddinə çıxarılması hüquq mühafizə orqanlarını, məhkəmələri ikrah doğuran duruma salıb. Əslində dövlətçiliyin süqutuna, qanunun hörmətdən salınmasına, hüququn və insan haqlarının aşağılanmasına gətirib çıxaran son hadisələr dövlət və millət üçün təhlükəli məqama yaxınlaşır. Qanunu, ədalət mühakiməsini ayaq altına alan adam oturduğu budağı kəsən düşüncəsizi xatırladır.
Hamının mühakimə olunmaq perspektivi var – ədalətli, ya ədalətsiz. Ədalətli mühakiməyə isə yalnız ona layiq olanların haqqı var.
Nahaqqın intiqamı
Intiqam Əliyevin həbsi sadəcə qanunsuzluq və ədalətsizlik deyil, allahsızlıqdı. Bütün varlığı ilə haqq-hüquq uğrunda mübarizə aparan, bütün gücünü, sağlamlığını, vaxtını insan haqlarının müdafiəsinə həsr edən bir adamı həbsə atmaq allahsıslıqdan başqa bir şey deyil. Gecələrin də çoxunu ofisdə keçirən, ailəsinə, özünə normal diqqət ayırmağa zaman tapmayan bir hüquq fədaisinin həbsinə allahsızlıqdan başqa nə ad vermək olar?
Bu insan minlərlə haqqı pozulmuş insanın beynəlxalq məclislərdə, Avropa Məhkəməsində hüquqlarını fədakarcasına, çox vaxt təmənnasız müdafiə edən nəhəng bir maşın kimi işləyirdi.
Intiqam böyük hüquqçu, humanist, liberal dəyərlərə, insan haqlarına sonsuz sayğı göstərən tək-tək insanlardandı. O, bu millətin, bu ölkənin milli sərvəti, güvənc yeri, sabahına inam mənbəyidi. Ipək kimi yumşaq, haqsızlığa, əqidəsizliyə, satqınlığa sərt münasibəti ilə seçilən bu adam əqidəyə sədaqəti ilə nümunədi – siyasətsiz müxaliflik nümunəsi. Bu qəribəlik onun mahiyyətidi, onun siyasəti də haqqa xidmətə tabe etdirilib. Təmənnasız xidmətə.
Intiqamın həbsi onun və haqq adamlarının daşıdığı dəyərlərə nifrətdən qaynaqlanır. Nifrət isə qısır, doğub törəməyən hissdi. Pozitivlikdən, insana hörmətdən, haqqa sayğıdan məhrum əcaib bir şey…
Hüquqçulardan, hüquq müdafiəçilərindən və jurnalistlərdən ibarət böyük bir ordunun yetişməsində əvəzsiz xidməti olan Intiqam müəllim ustad dərəcəsinə yüksəlmiş şəxsiyyətdi. Bu şərəfli ad administrativ və maddi resurslarla əldə edilən saxta doktorluq dərəcəsi deyil. Onu qazanmaq şərəfi də hər kişiyə nəsib olmur.
Həbsə gedəndə hamını pozitiv olmağa, ona vaxt ayırmaq əvəzinə başqalarını müdafiəyə çağıranda da yalançı təvazökarlıq eləmirdi. Bu, onun mahiyyətidi – öz haqqını da başqaları ilə bölüşmək böyüklüyü. Təmənnasızlıq, öz mənafeyini başqalarının haqqına qurban vermək bacarığı. Bütün bu hisslərdən məhrum olanların verdiyi cəzadı Intiqamın həbsi. O adamlar Intiqamdan zəif olduqları üçün belə aqressiv və ədalətsizdilər.
Çağdaş Azərbaycan tarixi insan haqları müdafiəçilərinə ölüm hökmü tələb edən quzğunların əli ilə yazılır. Ölüm hökmünün ləğvindən 12 il sonra insan qanına susamış quzğunların əli ilə…
Bu yaxınlarda Vilnüsdə beynəlxalq konfrans keçirilirdi. Çoxlu sayda ölkədən, beynəlxalq təşkilatlardan gəlmiş hüquqçuların və hüquq müdafiəçilərinin qatıldığı bu mötəbər tədbirin moderatoru Intiqam Əliyev idi. Hamı onun idarəçilik qabiliyyətinə, erudisiyasına, fərqli fikirləri dəyərləndirmək və məclisi bir məcraya yönəltmək bacarığına heyran qalmışdı. Bu, Azərbaycanın nüfuzu, hörməti, qələbəsi idi. Hamı görürdü ki, bizdə də demokratiya ideallarına, insan haqlarının müqəddəsliyinə, hüququn üstünlüyünə tapınan insanlar var.
Məhkəmələrin intiqamı
Hesablarımıza həbs qoyan məhkəmə prokurorluğun savadsız təqdimatını olduğu kimi qərarına köçürmüşdü. Orfoqrafik və stilistik səhvlərini də düzəltmədən. Bir dənə də sübut göstərilməyən, haqqında qərar çıxardığı adamları məhkəməyə çağırmadan, heç nəyi araşdırmadan qərar çıxarmaq, konstitusiyanın və beynəlxalq normaların verdiyi mülkiyyət hüququna bu dərəcədə sayğısızlığı dünyanın heç bir ölkəsinin hakimi və prokuroru ləyaqətinə sığışdırmazdı. Qərarı darmadağın edən çıxışımızdan sonra da Apelyasiya Məhkəməsinin hakimlərinin tükü tərpənmədi: “qərar dəyişdirilmədən saxlanır”. Guya, onların yuxarıdan verilən qərarları dəyişdirmək haqqı var…
Məhkəmə. Intiqam müəllimin həbsdən şikayətinə baxılır. Nəsə alıb-verməyə alışmış, təqsirləndirmək haqqını siyasi sifarişlərin icrasına qurban vermiş hakimlər təqsirləndirilən şəxsdən soruşurlar: “Bizdən nə istəyirsən?” Ömrü boyu kimdənsə nəsə istəməyə öyrənməmiş Intiqam müəllim cavab verir: “Sizdən heç nə istəmirəm. Siz günahsız nidaçılara hökm oxuyan, cibinə narkotik atılmış gəncləri məhkum edən, camaatın evini başına uçuranları haqlı çıxaran hakimlərsiniz…”
Milyonyarımlıq intiqam
Milli Məclisin komitə sədri Əli Hüseynovun Leyla Yunus, Intiqam Əliyev və Rəsul Cəfərovun həbsinə münasibəti: “Onlar necə vəkil, hüquq müdafiəçiləridi ki, özlərini müdafiə edə bilmirlər?!”
Əslində bu münasibət normal münasibətə yer qoymur – qərəzi, insan hüquqlarına sayğısızlığı, kəmfürsətliyi ilə. Amma deməmək olmur: sən necə dövlət qurmusan ki, hətta dünya şöhrətli vəkil, hüquq müdafiəçisi də hüquqlarını müdafiə edə bilmir?! Sənin Milli Məclsdə təqdim və müdafiə etdiyin qanunlarda yazılıb ki, məhkəmə hökmü olmadan kimsəni suçlamaq olmaz. Yoxsa buna da dəyişiklik layihəsi hazırlanır? Təəccüblü deyil. Son illər qanunvericiliyə yüzlərlə avtoritar dəyişikliyi təqdim və müdafiə edən, ciddi-cəhdlə əsaslandıran adamın mövqeyi başqa cür ola da bilməz.
Gənc yaşda belə təfəkkür sahibi olmaq gerçəkdən adamı ağrıdır. Bizim taleyimizi hansı idealların daşıyıcılarına tapşırıblar. Karyera hissi nə qədər müqəddəsləşib ki, o bizim bütün normal hisslərimizi, duyğularımızı, hətta bilik və təfəkkürümüzü, insan haqlarına sayğı hissimizi belə əcaib hala salıb.
Hüquq adamını başqalarından ayıran özəlliklərdən biri də məsuliyyət hissidi. Hüquqçu bu gün danışdığı sözün sabah arxasında necə dayanacağını düşünməlidi. Bu gün sözün kölgəsində gizlənmək hünər deyil. Sabah sözünün bitdiyi yerdə hansı duruma düşəcəyini indidən göz önünə gətirməli, hərəkətlərini, sözlərini ölçüb-biçməlisən.
Dövlət adamında dövlətçilik təfəkkürü olmalıdı. Məmur təfəkkürü nə qədər praqmatik olsa belə, gerçəklik hissinə, dövlət və hüquqa sayğıya söykənməlidi. Hakimiyyətə söykənən adam özünü nə qədər arxayın hiss eləsə də, dövlətin, hüququn, ləyaqətli şəxsiyyət olmanın daha uca dəyərlər olduğunu dərk eləməlidi.
Cılız intiqam
Intiqamın və başqa son vaxtlar həbs edilənlərin tutuqlanması öncəsi hakimiyyət ictimai rəyi həbslərin qanuniliyinə, “milli maraqlara”, “dövlət təhlükəsizliyinə” xidmət etdiyinə inandırmağa çalışdı. Işğal olunmuş teleməkanda, “molodes” və pul qazanmaq həvəskarlarının defisit olmadığı yerdə bu, çətin iş deyil. “Qrant yeyənlər”, “Azərbaycana düşmən qüvvələrə xidmət edənlər”, “ABŞ-ın agentləri” və başqa damğalar vuran möhürlər çoxdan hazır idi və haqqı ilə birlikdə saytlara, jurnalistlərə, hakimiyyətin xoşuna gəlmək üçün fürsət gözləyənlərə paylanmışdı. Sonrası texniki məsələ idi. Üstəlik, televiziyaların, nahaqqı haqq elan etmiş saytların yetişdirdiyi kütlə üçün çox da əziyyət çəkməyə gərək yox idi. Ucuz broylerə öyrədilmiş mədə onsuz da başın əvəzinə işləməyə alışıb. Hətta Avropada oturub demokratiya içində üzən “dissidentlər” də fürsəti göydə qapdılar. Əxlaqı istedadından da qısır olanlar, indi tutuqlanmış adamların köməyindən dəfələrlə yararlanmışlar içini tökməyə fürsət axtarırmış. Əlbəttə, sənin haqqını təmənnasız müdafiə etmiş, səndən ötrü məhrumiyyətlərə düçar olmuş insanlara borclu qalmaq yaxşı şey deyil. Borcu qaytarmaq gərəkdi. Üstəlik, bundan nəsə qazanmaq imkanı varsa, lap yaxşı.
Intiqam Əliyev haqqında nəinki pis, hətta yaxşı danışmaq haqqı olmayanlar da fürsəti dəyərləndirməyə çalışdılar. Intiqam və həmfikirləri ilə bütün mübahisələri və müqayisələri zaman-zaman uduzmuş adamlar cılız intiqam məqamının yetişdiyini görüb hərəkətə keçdilər. Kimin imkanı nəyə çatırdısa, onu eləməyə çalışdı. Hüququ karyera nərdivanına çevirmiş adamlar ayaqlarının altındakı pilləkənin bumeranq perspektivini duyacaq durumda deyillər. Kəmfürsətlərin qalibiyyət məqamı. Bu məqamın şərəfini hər kəs istədiyi kimi qiymətləndirə bilər. Demokratiya fikir plüralizmi deməkdi…
Haqqın intiqamı
Haqq intiqam sevməz. Onun intiqamı haqq olmağında, ucalığında, düzlüyündədi. Çox vaxt nahaqq bunu bildiyindən bir az da azğınlaşır. Intiqamlar qarşısında cılızlığını dərk edib daha da azğınlaşan, daha da enən, əcaibləşən, nahaqqı haqqından çox olanlar daha da quduzlaşır. Belələri haqqı yenə bilməz ki! “Haqq nazilər, üzülməz!” Bu gün haqqın nazilən, lap iynə deşiyindən keçən qədər nazilən günü olsa da, o üzülməyəcək. Haqqa tapınan insanların sayəsində haqq heç vaxt üzülməz. Üzülsəydi, bəşəriyyət iyirmi birinci əsrə gəlib çıxmazdı. Heç olmasa bunu dərk edin, bundan nəticə çıxarın. Məsləhətdi ki, hətta bundan xoflanın. Dünyanın axırı deyil!