Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevi məhkəməyə verməsi məsələsinə rəsmi aydınlıq gətirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov “Trend”ə bildirib ki, Azərbaycan polisini “mədəniyyətdən və etik davranış qaydalarından məhrum”, “mal oğrusu”, “ova çıxmış tülkü” adlandırıb təhqir edən adını Ziyalılar Birliyinin sədri qoymuş Eldəniz Quliyev daxili işlər nazirinin onu məhkəməyə verməsini özünün ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir. Ayrı-ayrı açıqlamalarında fikirlərini dəyişərək, nazir Ramil Usubovun adını göstərmədiyi halda məhz nəyə görə onun tərəfindən məhkəməyə verildiyini qabardır: “Əvvəla, dövlətimizin əsas sütunlarından, dayaqlarından biri olan, dövlətə, dövlətçiliyə, dövlət müstəqilliyinə, hər bir Azərbaycan vətəndaşına xidmət edən Azərbaycan polisi haqqında nalayiq ifadələr işlətmək, ən azından, Ziyalılar Birliyinin sədri adını daşıyan şəxsə heç yaraşmır. İkinci, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. O ki, qaldı iddianın daxili işlər naziri tərəfindən verilməsinə, qanunvericiliyə əsasən, nazir rəhbərlik etdiyi icra hakimiyyəti orqanı əməkdaşlarının hüquqlarının müdafiəçisidir və bununla bağlı çoxsaylı polis əməkdaşlarının DİN-ə müraciətləri nəzərə alınıb, qanuna uyğun olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilmişdir ki, burada da təəccüb doğuracaq bir şey yoxdur”.
Eldəniz Quliyev “Azadlıq”a açıqlamasında bildirdi ki, Sadiq Gözəlovun səsləndirdiyi fikirlər absurddur və ona qarşı irəli sürülən ittihamların əsası yoxdur: “Sadiq Gözəlovun nə dediyinin mənim üçün əhəmiyyəti yoxdur və DİN-in mətbuat xidmətində çalışanların intellekt səviyyəsi məni təəssüfləndirir. Mənim statusumda Ramil Usubovun şərəf və ləyaqətinə toxunan heç bir ifadə yoxdur. O, cümlədən heç bir polisin də şərəf və ləyaqətinə toxunmamışam. Ümumiyyətlə, mənimlə bağlı atılan bütün addımlar əsassızdır. Məhkəmə prosesinin gedişi də, Ramil Usubovun məni məhkəmyə verməyi də gülünc və absurddur. Bütün bunlar mənim ictimai-siyasi fəaliyyətimlə, vətəndaş mövqeyimlə bağlıdır”
Akif


