Avstriyanın xarici işlər naziri Azərbaycana niyə gəlir?

Sebastyan Kurtsun Vyanada keçirilən rüşvət məhkəməsində adı keçən Elman Rüstəmovla bağlı müzakirələr aparacağı bildirilir

Cümə axşamı Avstriya xarici işlər naziri Sebastyan Kurtsun (dünyada ən gənc XIN rəhbəri) rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək. Avstriya mətbuatının məlumatına görə, Kurtsun Azərbaycana gəlişi Cənubi Qafqaz ölkələrinə səfər çərçivəsində baş tutacaq.

Səfərin proqramı açıqlanmır. Lakin Avstriya mətbuatı bildirir ki, Azərbaycan səfirliyi ölkənin aparıcı qəzetlərindən biri – Die Presse-nin redaktoruna viza verməkdən imtina edib. Səbəb kimi redaktor Yutta Somerbauerin 2011-ci ildə Qarabağa qanunsuz səfər etməsi göstərilir. Bakıdakı əvvəlki səfərlər zamanı isə “düzgün olmayan insanlarla, yəni müxalifətlə görüşüb”.

Bundan əvvəl səfirlik həmin qəzetin müxbiriinə viza verməkdən imtina edib. O, Bakıya üçaylıq təcrübə keçməyə gəlirmiş. Ona bildirilib ki, təcrübə keçmək istədiyi agentlik etibarlı deyil. 

Əldə etdiyimiz məlumata görə, Kurtsun gəlişi həm də Vyanadakı rüşvət məhkəməsilə bağlıdır. Söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işindən gedir. Bu cinayət işində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun da adı keçir. Hazırda bu cinayət işi məhkəmədə araşdırılır. Məhkəmədə Elman Rüstəmovun dindirilməsi zərurətə çevrilib. Avqustun 5-də keçirilən prosesdə baş bankirin videokonfrans vasitəsilə dindirilməsi nəzərdə tutulmuşdu. Lakin bu baş tutmadı. Azərbaycan hökuməti ciddi-cəhdlə Elman Rüstəmovu prosesdən təmiz çıxarmağa çalışır. Vyana məhkəməsi isə baş bankirin dindirilməsində israrlıdır. Hətta bununla bağlı Azərbaycan Xarici Işlər Nazirliyinə müraciət olunacağı da bildirilirdi. Məlumata görə, Kurts azərbaycanlı həmkarı ilə bu məsələni xüsusi olaraq müzakirə edəcək. Lakin hökumətin bu məsələdə güzəştə gedəcəyi inandırıcı görünmür. Deməli, Avstriya ilə Azərbaycan arasında diplomatik qalmaqal gözlənilir.

Xatırladaq ki, sözügedən cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb. Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub.