Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı İtaliyada etirazlar davam edir. Virtualaz.org saytı italyan mənbələrinə istinadən xəbər verir ki, “Şahdəniz” konsorsiumunda Azərbaycan qazının Avropaya nəqli məsələləri üzrə müşavir olan keçmiş Britaniya baş naziri Toni Bleyerin İtaliyada apardığı lobbiçiliyə baxmayaraq TAP-ın marşrutunu dəyişmək tələbləri səngimir.
Belə ki, kəmərin bir hissəsi İtaliyanın Adriatik dənizi sahillərindəki Salento bölgəsindən keçməlidir. Yerli əhali və ekoloqlar bildirir ki, bu ərazidə qaz ixracı kəmərinin tikintisi ətraf mühitə zərbə vuracaq, tarixi abidələri təhlükə qarşısında qoyacaq və zeytun bağlarının məhvi ilə nəticələnəcək.
İtalyan mətbuatı xəbər verir ki, TAP layihəsinə qarşı etiraz aksiyası planlaşdırılır. Sentyabrın 20-də kəmərə etiraz edənlər Lido San Bazilo bölgəsindən yürüşə çıxacaq və kəmərin sahilə çıxacağı Melandunyoya qədər 8 kilometr yol boyu hərəkət edəcəklər. Aksiya yerli vaxtla saat 17:00-da başlayacaq, iştirakçılar piyada və velosipedlərlə hərəkət edəcəklər. Həmçinin bu yürüşə qatılmaq imkanı olmayanlar saat 18:00-da Pertini meydanında keçiriləcək mitinqdə iştirak edə bilərlər.
Aksiyanın tarixi təsadüfi seçilməyib. Sentyabrın 20-də Bakıda Azərbaycan qazının Avropaya nəqli üçün iki meqalayihədən birinin – TANAP kəməri layihəsinin təməlqoyma mərasimi keçiriləcək. Həmin mərasimdə İtaliyanın baş naziri Matteo Renzinin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və layihədə iştirak edən digər ölkələrin nümayəndələrinin iştirakı planlaşdırılır.
İtaliyada TAP kəmərinə qarşı etirazlar çoxdandır davam edir və bu etirazlar üzündən kəmərin marşrutu bir dəfə dəyişdirilib. 3200 kilometrlik kəmərin əvvəlcə İtaliyanın Appiluya regionunun Brindizi şəhəri yaxınlığında sahilə çıxması planlaşdırılırdı. Lakin etirazlardan sonra TAP konsorsimu kəmərin daha az əhaliyə malik Melendunyo qəsəbəsi yaxınlığında sahilə çıxmasına qərar verdi.
Lakin ətraf mühit fəalları deyirlər ki, dəyişiklik UNESCO-nun siyahısında olan iki abidəsi ilə Appuliyanı təhlükələrdən xilas etməyəcək. Konsorsium kəmərin yerli içməli su kəmərləri üçün təhlükə yaratdığına dair iddiaları rədd edir. Başqa tənqidçilər isə bildirirlər ki, kəmər Aralıq dənizinin nadir heyvanları olan ağqarın suitilərin yaşayış mühitinə dağıdıcı təsir göstərəcək.
Konsorsium buna cavab olaraq bildirir ki, yay aylarında və suitilərin cütləşmə mövsümlərində sahildə tikinti işləri dayandırılacaq. TAP həmçinin 150 ailəyə məxsus zeytun ağaclarının başqa əraziyə köçürüləcəyini vəd edir. Lakin bu halda da ətraf mühit fəalları etiraz edərək deyirlər ki, bu ağaclardan bəzilərinin 2000 il yaşı var və köçürmə onları məhv edə bilər.
TAP bildirir ki, yerli əhalinin narazılığı şişirdilir və çoxluq inanır ki, qaz kəməri yerli mənzərəyə qətiyyən xələl gətirməyəcək, əksinə, qazın qiyməti bütün İtaliyada düşəcək. Lakin konsorsiumun Appiluya zeytunçuları ilə anlaşması ciddi problem olaraq qalır.
“Şahdəniz” konsorsimu TAP-la bağlı İtaliyada meydana çıxan problemləri həll etmək üçün Toni Bleyeri işə götürüb. T.Bleyerin İtaliyada yaxşı əlaqələri var, lakin yerli mətbuat yazır ki, keçmiş baş nazirin TAP üçün lobbiçilik etməsi Appiluya zeytunçuları arasında qəzəblə qarşılanır.


