“İREX Azərbaycan”ın hüquqşünası: “İşləyə bilmirik”

“İREX Azərbaycan” təşkilatının əməkdaşları hazırda ofisdədir, amma prokurorluq əməkdaşları təşkilatın kompüterlərini götürüb apardığına görə işləyə bilmirik”. Qurumun hüquqşünası Ələsgər Məmmədli sentyabrın 8-də “Media forum” saytına belə deyib.

Təşkilatın əməkdaşlarının istintaqa çağırılıb-çağırılmadığına gəlincə, Ələsgər Məmmədli deyib ki, bu barədə məlumata malik deyil. Onun sözlərinə görə, “İREX Azərbaycan” təşkilatının rəhbəri Anjelina Nikaora Azərbaycanı tərk edib. Ofis rəhbərinin Bakını tərk etməsinin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi ilə bağlı olub-olmadığına gəlincə, Ələsgər Məmmədli bildirib: “Anjelina Nikaroanın Azərbaycandan getməsi gündəlik işlə bağlıdır. Onun Bakıya qayıdıb-qayıtmayacağı məlum deyil. “İREX Azərbaycan” təşkilatı Azərbaycandakı layihəsini yekunlaşdırmaq üzrədir”.

Hüquqşünas bildirib ki, iyulun 26-dan “İREX Azərbaycan”ın bank hesablarına həbs qoyulub, ona görə də təşkilat öz əməkdaşlarına əməkhaqqı verə, vergi ödənişlərini və Dövlət Sosial Müdafiə Fonduna ödənişləri həyata keçirə bilmir. 

Sentyabrın 5-də Baş Prokurorluğun əməkdaşları İREX-in Bakı ofisində axtarış aparıblar. Prokurorluq əməkdaşları ofisdəki kompüterləri, digər avadanlığı, sənədləri aparıblar. “İREX Azərbaycan” təşkilatı aparılan əmlak və sənədlərin qaytarılması üçün məhkəməyə müraciət edib.