Pərviz Həşimlidən Fikrət Məmmədova növbəti müraciət…

Məhbus jurnalist ailə üzvləriylə üzbəüz görüş istəyir

Bakı İstintaq Təcridxanasında saxlanılan tanınmış hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimli Moderator.az vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. 

Müraciətdə deyilir:

“Hörmətli ədliyyə naziri!

Mən artıq səlahiyyət sahiblərinə etdiyim müraciətlərin sayını itirsəm də bu günədək onların heç birinə nə qanedici cavab almışam, nə də qaldırdığım bu və ya digər problem həllini tapıb. İstər istintaq dövründə, istərsə də məhkəmə prosesi zamanı mənim və vəkillərimin qaldırdığı heç bir vəsatət təmin edilməyib, saxlanma şəraitim və digər problemlərimlə bağlı qaldırdığım problemlər müxtəlif instansiyalar və vəzifəli şəxslər tərəfindən biganəliklə qarşılanıb. 

Ancaq bildirmək istəyirəm ki, hal-hazırda saxlanma şəraitimdən narazı deyiləm və mənə qarşı məxsusi olaraq ayr-seçkilik qoyulduğunu və ya məqsədli şəkildə təzyiqlə üzləşdiyimi iddia edə bilmərəm. Amma bununla yanaşı anlaya bilmədiyim bir məsələ mənə ailəmlə və azyaşlı övladımla görüş verilməsi prosedurundakı sərtlikdir. Artıq bir həftədən sonra həbs olunmağımın bir ili tamam olsa da bu günədək ailə üzvlərimlə və azyaşlı övladımla normal şərtlər daxilində görüşmək imkanından məhrum edilmişəm. Həbsimin olduqca hay-küylü keçirilməsi və MTN əməkdaşlarının evimizdə axtarış apararkən həyat yoldaşımın və 5 yaşlı qızımın keçirdiyi sarsıntı onların sağlamlığına sağalmaz yara vurmaqla bərabər məni də çox ciddi narahat edir və öz məhbəs həyatım demək olar ki, arxa plana keçib, bütün günü onların aqibətinin necə olduğu nigarançılığı bütün əsəblərimi pozmaq həddinə gəlib. 

Bu azmış kimi 3 gün öncə qaynım Kamal Rüstəmov Göygöl rayonu ərazisində amansızlıqla qətlə yetirilib və xahişimə baxmayaraq onun yas mərasimində iştirakıma imkan yaradılmamasını da anlayışla qarşılayıram. Ancaq əldə etdiyim məlumata görə həyat yoldaşım yeganə qardaşının qətlə yetirilməsindən sonra sözlə ifadə edilməyəcək dərəcədə psixoloji gərginlik, əsəb sarsıntısı keçirib və yalnız dərmanların təsiri altında saxlanılır. 

Hörmətli Fikrət müəllıim!

Bunları yazmaqda məqsədim odur ki, ailə üzvlərim və konkret olaraq həyat yoldaşım bu gündək mənim taleyimdən ciddi əndişə keçirdikləri halda bu gün onun həyatı ciddi təhlükə altında və mənim dəstəyimə ehtiyacı var. Ona görə də ümid edirəm ki, yaranmış şəraiti nəzərə alaraq ailə üzvlərimlə və azyaşlı övladımnla nəhayət üz-üzə görüşməyə imkan yaradacaqsınız və şüşə arxasından işgəncə hesab olunan bu cür görüşləri normal görüşlərlə əvəz edəcəksdiniz. Bunu etmək Sizin səlahiyyətinizdə və xahişimi nəzərə alacağınıza ümid edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.”