Fəzail Ağamalı şikayətçilərin iddiasını təkzib etdi
Qəzetimizin son sayında Şabran rayon Leyti kənd sakinlərinin su problemindən bəhs edən yazı dərc olunub. Yazıda quraqlıq üzündən kənddəki su quyularının, bulaqların hamısının quruduğu vurğulanıb. Yazıda diqqət çəkən daha bir məqam məqalədə «Ana Vətən» Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının adının keçməsidir. Belə ki, qəzetimizə ünvanlanan məktubda F.Ağamalının həmin kənddə evinin olduğu bildirilməklə yanaşı kəndin su probleminin həlli, parlamentdə qaldırılması üçün ona müraciət ediləcəyi vurğulanıb.
Məsələ ilə bağlı F.Ağamalının özü ilə əlaqə saxladıq. F.Ağamalı məqalədə onun adının hallanmasının yanlış olduğunu bildirdi və qeyd etdi ki, yazılanlar həqiqət deyil: «Mən ömrümdə heç zaman həmin kənddə olmamışam. Sonuncu dəfə bir alim yoldaşımla Şabran rayonunun Zeybə kəndində olmuşam. Bir adamın hardasa mülkünün olması qəbahət deyil. Amma əminliklə deyirəm ki, mən o kənddə nə olmuşam, nə də orada mülküm var. Əgər kimsə ortaya fakt qoysa, sübut etsə ki, orada doğurdan mənə məxsus ev var. Mən həmin evi ona bağışlamağa hazıram».
Hikmət


