“Qarşıda gözəl günlər gözləyir bizi”

İntiqam Əliyev: “Həbslərlə toplumu qorxutmağın mümkünlüyünə ümid edənlər yanılırlar”

Həbsdə olan tanınmış hüquqşünas İntiqam Əliyev vəkili Anar Qasımlından hakimiyyətin repressiya siyasətinə baxışını ifadə edən açıqlama göndərib. Bu fikirlər İntiqam Əliyevin hətta vəkili vasitəsilə də yazışmalarına imkan verilmədiyi haqda saytımızda dərc olunmuş məqalədə yer alıb. Lakin açığı, həmin məqalədə əsas diqqət İntiqam Əliyevin Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının rəhbərinə ünvanladığı müraciətin müsadirə olunması probleminə həsr olunduğundan həmin fikirlər kölgədə qalıb. Bunun nəzərə alaraq, İntiqam bəyin, bir növ, cəmiyyətə mesajı kimi qəbul olunası açıqlamasını yenidən təqdim edirik:

“Təəssüf ki, sərt senzura şəraitində ölkədə baş verənlərə, o cümlədən, həm özümün, həm də əqidə dostlarımın həbsinə münasibət bildirmək çətin olur. Son illər baş verən həbslərin arxasında Azərbaycanı feodal qaydalarla idarə olunan ölkəyə çevirmək cəhdi dayanır. Bu həbslər toplumu qorxutmamalıdır. Onlara həm də mübarizənin bir üsulu kimi baxmaq lazımdır. Leylanın (Yunus), Anarın (Məmmədli), Rəsulun (Cəfərov), Bəşirin (Süleymanlı), Zaurun (Qurbanlı), Rəşadın (Həsənov), Rəşadətin (Axundov), Üzeyirin (Məmmədli), İlkinin (Rüstəmzadə), Ömərin (Məmmədov), Məmmədin (Əzizov), Seymurun (Həzi) və digər məhbusların bir-birləri ilə nəinki salamlaşmalarının, hal-əhval tutmalarının, hətta bir-birilərini görmələrinin qarşısının alınması qorxunun göstəricisidir. Həbslərlə toplumun gözünü qorxutmağın mümkünlüyünə ümid edənlər yanılırlar. Ola bilər ki, toplumda müəyyən  çaşqınlıq yaratsın, amma onu ram etmək mümkünsüzdür.
Azadlıqda olanda dostların məhkəmə proseslərinə gedərkən onların üzünə baxmaq çox çətin olurdu. Ölkənin ən dəyərli insanlarının günahsız olduqları halda həbsdə qalmaları, onların azadlıq haqqını təmin etməkdə gücsüzlüyünü dərk etmək ağır hissdir. Sonuncu dəfə dəyərli dostum Qurban Məmmədovun məhkəməsində bu hissi keçirmişdim. Növbəti qanunsuz hökmdən sonra məhkəmə zalını tərk edəndə o sual dolu baxışlarını heç zaman yaddan çıxarmaram.
İndi rahatam. Həbsdəyəm, dostlarımla bir yerdəyəm. İndi onları görəndə gözlərinin içinə düz baxa bilirəm. İndi onlara nəsə deməkdə az-çox haqqım olduğunu düşünürəm.
Dostlar, sizləri sevirəm, sizlərlə qürur duyuram. Qarşıda gözəl günlər gözləyir bizi”.

azadliq.info