Atəşkəsin pozulması ilə Mariupolda ilk qadın həlak olub. Bunu Frans Pressin məlumatına görə, şəhər rəhbərliyi bildirir.
Bəyanatda deyilir ki, gecə şəhər ətrafında güclü atışma olub, rusiyapərəst yaraqlıların atəşi ilə 1 nəfər ölüb, 3 nəfər də yaralanıb.
DPA agentliyi yerli mediaya istinadla yazır ki, həmin şəxslər maşında gedərkən, artilleriya atəşi altına düşüblər və qəlpələr maşına dəyib.
DPA-nın məlumatına görə, separtaçılar da öz növbəsində hökumət qoşunlarını günahlandırır ki. onlar Qrad atəşi ilə atəşkəsi pozurlar.
Mariupol hökumət qoşunlarının nəzarətindədir. Atəşkəs ərəfəsi rusiyapərəst yaraqlılar şəhərə hücum edirdi. Associated Press agentliyinin məlumatına görə, Mariupolda atəşkəs ciddi pozulub.
Şahidlər Associated Press Agentliyinə deyiblər ki. şəhərin ətrafında güclü partlayışlar olub. BBC-nin məlumatına görə isə, artilleriya atəşini hər iki tərəf – həm hökumət qoşunları, həm də rusiyapərəst yaraqlılar açır.
Sentyabrın 7-də Donetsk ətrafında da mütəmadi atəş səsləri eşidilir. İki günlük atəşkəsin pozulacağı narahatlığı var.
Atəş səsləri Donetsk hava limanı ərazisindən gəlir. Hava limanı hökumət qoşunlarının əlindədir, ancaq bu ərazi rusiyapərəst yaraqlıların hücumu altındadır.
12 bənddən ibarət atəşkəs razılaşması Ukrayna hakimiyyəti ilə yaraqlı liderlər arasında sentyabrın 5-də əldə olunub.
DPA-nın məlumatına görə, hazırda bu atəşkəs rejimi çox kövrəkdir.


