AB-nın Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrinin xarici işlər nazirləri Bakıya gəlir
Fuad Qəhrəmanlı: «Bu görüş daha çox Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin aydınlaşdırılmasına xidmət edir»
Sentyabrın 9-da Bakıda Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcək. Görüşün əsas məqsədi Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsidir. Eyni zamanda toplantıda 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılacaq. Görüşdə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbərlikləri və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Stefan Fuele və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Schmid iştirak edəcək.
Vilnüs görüşündən ötən müddət ərzində Azərbaycanda insan haqları və demokratiya sahəsində durumun daha da pisləşməsi Bakıda keçiriləcək tədbiri maraqlı edir. Xüsusilə bu görüşdə Azərbaycanın siyasi çevrəsində yaxşı tanınan Ştefan Fülenin iştirakı Azərbaycandakı mövcud durumla bağlı müzakirələrin aparılacağını və bir sıra bəyanatların veriləcəyini deməyə əsas verir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, bu toplantı hər şeydən öncə AB-Azərbaycan münasibətlərinin yeni dönəm üçün tənzimlənməsi məqsədi daşıyır. Azərbaycanın AB ilə əməkdaşlıq formatı kimi «starteji əməkdaşlıq və modernləşdirmə» sazişini təklif etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, amma bu saziş AB tərəfindən aralıq bir mərhələ kimi qəbul olunur: «Amma Azərbaycanın irəli sürdüyü sənəd uzun müddət üçün Avropa Birliyini qane edə bilməz. Çünki Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri ilə assosiasiya sazişini imzalamaq niyyətindədir. Artıq proqrama daxil olan ölkələrin bir çoxu bu sazişi imzalayıb. Azərbaycanla bağlı məsələ isə açıq qalır. Güman ki, bu görüşün məqsədlərindən biri Azərbaycanla əməkdaşlığın mümkün olub-olmadığını dəqiqləşdirməkdir. Əslində Azərbaycan assosiasiya sazişindən imtina etmək üçün strateji tərəfdaşlıq sazişini təklif etmişdi. Amma Azərbaycan hakimiyyətinin təklif etdiyi layihə rəsmi Bakının üzərinə heç bir demokratik öhdəliklər qoymur. Bu saziş daha çox ticari əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur».
F.Qəhrəmanlı hesab edir ki, AB ilə Azərbaycan arasındakı münasibətlərə ölkəmizin insan haqları və demokratiya sahəsində tutduğu mövqe ciddi kölgə salır. Azərbaycandakı mövcud durumla bağlı AB təmsilçiləri həm Güfle, həm də Eştonun sərt mövqeyinin ifadə olunduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, əslində bu cür sərt münasibətin sərgilənməsi Brüssel ilə münasibətlərdə böhranın yaranması deməkdir: «Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə əməkdaşlıqda sərgilədiyi mövqe ölkəmizin Avropaya inteqrasiyada maraqlı olmadığını, sadəcə olaraq bu birliyə bir ticari partnyor kimi baxdığını deməyə əsas verir. Ona görə demokratiya məsələsitəkcə dəyərlərə münasibət deyil, eyni zamanda Avropa ilə Azərbaycan arasında əməkdaşlığın xarakterini müəyyən edən bir məsələdir: «İstisna deyil ki, Azərbaycandakı son durum Avropa Birliyinin Bakıda keçiriləcək toplantısında müzakirə olunacaq. Mətbuatın, vətəndaş cəmiyyəti institutlarının boğulması ilə bağlı narahatlıq bir daha dilə gətiriləcək. Azərbaycan tərəfinin reaksiyasının əsasında da növbəti mərhələ üçün nəticə çıxarılacaqdır. Bu görüş daha çox Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin aydınlaşdırılmasına xidmət edir. Çünki Azərbaycan aratıq elə bir mövqe seçib ki, bu siyasətlə Avropa Birliyi ilə əməkdaşlıq bir çərçivəyə sığmır».
Xəyal


