Xaricə gedən tələbələr niyə geri qayıtmır?

Akademik bunun səbəbini yanlış ünvanda axtarır

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov xaricdə təhsil alan gənclərin bəzilərindən şikayətlənib. “Biz sizi göndərmişik ki, sonradan gəlib universitetləri gücləndirəsiniz. Biz sizə görün nə qədər pullar xərcləmişik, 20, 50, 80 min pul vermişik. Bu pulları nəyə görə vermişik? Ona görə vermişik ki, siz orada oxuyub, mütəxəssis olub, gəlib öz universitetlərimizdə işləyəsiniz, universitetlərdə elmi məktəbləri formalaşdırasınız. Universitetlər, akademiyalar elmi məktəblərlə güclənir.

Açıq danışaq, bu gün sizdən yaxşı dövrdə yaşayan yoxdur. Sizi göndərmişik ki, uzun illər təcrübəsi olan universitetlərdən elmi mühiti Azərbaycana gətirəsiniz. Əfsuslar olsun ki, mən bir rektor kimi deyirəm, universitetimizdə ingilis qruplar var və xaricdə təhsil alıb gələn gənclərin az bir qismi bu qruplara müraciət edir. Biz sizi universitetə dəvət edirik, xaricdə təhsil alandan sonra geri qayıdın və ali məktəblərlə əməkdaşlıq edin”- deyə Abel Məhərrəmov ASAIF-in Bakıdakı Forumunda çıxışı zamanı bildirib. PA-nın ictmai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu tədbirdə çıxış edərək, ürəyini boşaltmağa imkan tapıb: “Bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər. Gənclər təhsil aldıqları ölkələrin mədəni həyatına sıx inteqrasiya olunmalı, Azərbaycan mədəniyyətini, tarixini, turizm potensialını, Azərbaycanda gedən inkişaf prosesini xarici vətəndaşlara, həmyaşıd gənclərə tanıtmalı, Azərbaycanın tolerant ölkə imicini qorumalıdırlar. Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar. Sözügedən qrupların əsas işi diaspora və lobbiçilik olmalıdır”- deyə Əli Həsənov bildirib.

Əvvəla, hörmətli akademikimiz Abel müəllimə demək istəyirik ki, özü yıxılan ağlamaz. Çünki, Azərbaycandakı mövcud vəziyyət, aparılan siyasət xaricdə oxumuş gənclərin ölkəyə qayıtmasına imkan vermir. Bugün xaricdə oxumuş, yüksək intellektli gənclər şərlənərək həbs olunur. Həmin gənclər ölkədə demokratiyanın, ədalətin təmin olunmasını, təhsilin keyfiyyətinin artırılmasını tələb edirdilər. Ancaq sübut olundu ki, dünyanın nüfuzlu təhsil müəssisələrini bitirib Azərbaycana qayıtmaq həbsxana ilə mükafatlandırılır.  

Bir sözlə, bu gənclərin dünya praktikasını ölkə təhsilinə tətbiq etmək şansları yoxdur. Çünki, təhsilimizin “bətni”nə korrupsiya, yaltaqlıq, yalançılıq artıq tətbiq olunub.

Digər tərəfdən, xaricdə təhsil alan gənc ölkədə müəllimə münasibətin hansı səviyyədə olduğunu görür. Müəllimlə, deputatın maaşı arasında 10 dəfədən artıq fərq varsa, xaricdə təhsil alan gənc ölkəyə niyə qayıtmalıdır?

Cənab akademik, bu gənclər öz ömründən kəsib, prezidentin ömrünə calamaq istəyənlərin deyil, prezidentdən ömrünün uzanmasını tələb edənlərin ölkəsində oxuyublar.

Bəşəri dəyərlərin təbliğinə şahidlik etmiş gənclər üçün şəxslərin tərifinin prioritet olduğu ölkədə işləmək çətindir.

Ona görə də xaricdə təhsil alan gənclərin ölkəyə qayıtmaması təəccüblü görünməməlidir. Bu gənclər təhsil aldıqları ölkədən Azərbaycana boylananda, AzTV-lərin gecə-gündüz göstərdiklərini görə bilmirlər. Nə qədər ki, bu ölkədə vətəndaşa qiymət, fərqli fikrə hörmət yoxdur, onlar geri qayıtmaq istəməyəcək.

Əli Həsənovun fikirlərinə gəlincə, burda daha çox siyasi çalarlar özünü göstərir. Çünki, PA rəsmisi gənclərdən lobbiçilik fəaliyyəti göstərməyi, ölkəmizdəki inkişafdan danışmağı tələb edir. Daha dəqiq desək, Əli Həsənov bu gənclərdən Siyavuş Novruzov, Əli Əhmədov, Etibar Hüseynov olmağı tələb edir. Amma yenə də unudur ki, bu gənclərin təhsil aldıqları ölkələrdə adı çəkilən şəxslər mənfi personajlar siyahısındadır. Məsələn, bu gənclər görməyiblər ki, Norveçin, Isveçin, Almaniyanın hansısa naziri gəncləri başına toplayıb ölkədəki inkişafdan danışsın. Əksinə, şahidi olublar ki, tənqidsiz inkişaf mümkün deyil.

Əli müəllim daha sonra gənclərə məsləhət görür ki, oxuduqları ölkənin mədəni sferasına inteqrasiya etsinlər. Bəs, hüquqi, siyasi sferalarına niyə inteqrasiya etməsinlər?

Hökumətimizin qənaətincə, bu gənclər ölkəyə qayıdıb yemək və mahnı verilişlərinə baxmalı, 150-200 manatın girovluğunda yaşamalı və rəhbərə dua oxumalıdılar.

Bu gənclərə dadlı nemətləri göstərib şirnikləndirmək çətin olacaq. Çünki, xaricdə təhsil almış bu gənclər görür ki, həmin dadlı nemətlər “tələ”lərin üzərinə düzülüb.

Yaxşı olar ki, gənclərdən geri qayıtmağı tələb etməzdən əvvəl qayıdacaqları ölkəni “mina”lardan təmizləyəsiniz.

Akif