Peşəkarlıq budursa…..

Biz gülüş hədəfinə çevrilmək istəmirik

PA rəhbəri Ramiz Mehdiyevin jurnalistlərlə keçirdiyi müşavirə geniş müzakirəyə səbəb oldu. Biz də yazılarımızda sübut etməyə çalışdıq ki, bu müşavirənin keçirilməsində məqsəd jurnalistlərin peşəkarlığının artırılması və nöqsanların aradan qaldırılması deyil. Sadəcə olaraq hökumət həqiqətləri yazan, prinsipial mətbuat nümunələrini sıradan çıxarmaq istəyir və onları “daxili satqınlar” adı altında gözdən salmaqla məşğuldu.

Ancaq Ramiz Mehdiyevin bu məlum müşavirəsi hökumət qəzetləri və telekanallar üçün “sevimli mövzu”ya çevrildi. Indi, gecə-gündüz televiziyalarda bu müşavirənin “müsbət nəticə”lərindən, jurnalist peşəkarlığından söhbət açılır. Hökumətə xoş gəlmək istəyən adamlar da televiziya qarşısına çıxıb Ramiz Mehdiyevin fikirlərini dəstəklədiyini, bəzi jurnalistlərdə peşəkarlığın çatışmadığını dilə gətirirlər.

Görəsən, bunlar “jurnalist peşəkarlığı” deyəndə nəyi nəzərdə tuturlar? “Azərbaycan analoqsuz inkişaf edir”, “Yoxsulluğun səviyyəsi 2 faizə düşüb”, “işsizlik problemi aradan qaldırılıb” kimi ifadələri əzbərləmək və xalqa sırımaqdırmı peşəkarlıq?

Yoxsa, ləyaqətli, vicdanlı insanları “vətən xaini”, “ermənipərəst”, “antimilli ünsür” adlandırmaqdır peşəkarlıq? 

Bəlkə, televiziya ekranlarından müxalifət liderləri haqqında şər-böhtan yaymaq, qeyri-etik görüntüləri tirajlamaqdır peşəkarlıq.

Ötən gün ölkə başçısı Ilham Əliyev Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində iştirak etdi. Jurnalist peşəkarlığından danışan, tənqidi mediaya dərs keçmək eşqinə düşən hakimiyyət saytlarından birində Ilham Əliyevin sammitdə iştirakı belə təsvir edilmişdi: “NATO baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın baş naziri Devid Kemeron Azərbaycan prezidentini və digər dövlət başçılarını salamlayıblar”.

Budurmu peşəkarlıq, belə ucuz təbliğat və təqdimatdırmı  jurnalistikaya xidmət etmək?

Yaxud, telekanalların birində NATO-nun sammiti ilə bağlı hazırlanmış reportajda deyilirdi: “Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər, ölkə başçısı Ilham Əliyev ön sıralarda durmuşdu”.

Belə ucuz təqdimat kimə lazımdır? Ikinci sırada durmaq böyük hünərdirsə, o zaman Ermənistan prezidenti Serj Sərkisyan da böyük uğura imza atıb. Çünki, o da Ilham Əliyevlə eyni cərgədə dayanmışdı.

Yəni demək istəyirik ki, jurnalist peşəkarlığı, nümunəvi mətbuat, yaltaqlıq və aşırı təriflə yüklənmiş mətbuat deyil.

Ölkədəki neqativ halları ictmailəşdirmək, hökumətin yanlış siyasətini tənqid etmək qeyri-peşəkarlıq və xəyanətdirsə, o zaman dünya mətbuatı xəyanət bataqlığında boğulur.

Digər tərəfdən, Azərbaycandakı real vəziyyət bütün dünyaya məlumdur. Dostlarımızdan biri Norveçdə səfərdə olarkən yerli jurnalistlərdən biri ona demişdi: “Bir ölkədə prezidentin döş nişanlarındakı şəkli poçt markasından böyükdürsə, deməli, o ölkədə demokratiya yoxdur”. 

Bu prinsiplə yanaşsaq, dünyadan Azərbaycanın necə göründüyünü təsəvvür etmək çətin deyil.

“Azadlıq”a, o sıradan digər müstəqil mətbuat nümunələrinə dərs keçmək istəyənlərə bildirmək istəyirik ki, dövlətə və millətə ən böyük xidmət, həqiqətləri yazmaq, baş verənlərə tənqidi yanaşmaq və problemlərin həllini tələb etməkdir.

Peşəkarlıq “Prezident şəkil çəkdirəndə ön sırada durmuşdu”, “NATO-nun baş katibi Ilham Əliyev və digər dövlət başçılarını salamlayıb” tipli təqdimatların tirajlanmasıdırsa, biz belə peşəkarlıqdan imtina edirik. Çünki, gülüş hədəfinə çevrilmək və əldəqayırma jurnalist  olmaq istəmirik.

Akif