Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Keçmiş qoruq müdiri, hazırkı təhsil naziri Mikayıl Cabbarov dünən belə bir açıqlama ilə çıxış etdi: “Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 18 ildir ki, həyata keçirilməkdədir. Bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb”.
Diqqət edin: 18 ildə cəmi 2902 nəfər! Yəni ilə vur-tut 161 nəfər!
Halbuki hörmətli iqtisadçımız Natiq Cəfərlinin dediyinə görə, iqtisadiyyatı və siyasi sistemi bizə yaxın olan Qazaxıstanda son 15 ildə 97 min gənc dövlət hesabına xaricdə təhsil alıb, bu, bir ildə 6465 nəfər deməkdir!
Indi isə gəlin daha əvvələ qayıdaq.
1919-cu ildə Xalq Cümhuriyyəti Bakı Dövlət Universitetinin yaradılmasının ardından təhsillə bağlı başqa bir önəmli addıma imza atır. Parlament hökumətin təklifinə əsasən azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul edir.
Bundan sonra parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün Məmməd Əmin Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndizadə) ibarət xüsusi müsabiqə komissiyası yaradır.
Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər Italiya, 10 nəfər Ingiltərə, 9 nəfər Osmanlı ali məktəblərinə göndərilir.
Daha 13 gənc Rusiyada oxumaq üçün seçilir. Amma o vaxt orada vətəndaş müharibəsi başlandığı üçün həmin gənclərin təhsil almağa getməsi mümkün olmur.
Beləliklə, Xalq Cümhuriyyəti o vaxtkı ən çətin şərtlər altında ilk ildə 100 tələbəni xaricə təhsil ardınca göndərməyə qərar verir.
Bu gün neft-qaz pullarının çoxluğu ilə öyünən, özünü regionun lider dövləti elan edən, analoqsuz inkişafdan dəm vuran yaptokratlar isə ildə cəmi 161 gənci xaricə oxumağa göndərmələri ilə fəxr edir.
Hələ onu demirik ki, araşdırılsa, onların əksəriyyətinin məmur balaları olduğu da gün kimi ortaya çıxacaq.
Əlbəttə, xaricə təhsil ardınca bu qədər az gəncin göndərilməsinin səbəbi əsla maddi deyil. Tamamilə siyasidir. Rejimin əndişələrindən, narahatlıqlarından irəli gələn məsələdir. Yüksək təhsil, müasir dünyagörüş – Sistemin əsas qorxusunu məhz bu keyfiyyəti olan insanlar təşkil edir.
Inanmayanlar üçün iki fakt.
Bir: ölkənin özündə təhsilin keyfiyyətinin belə aşağı salınması, total savadsızlaşdırmanın “təhsil siyasəti”nin məzmununu təşkil etməsi, məktəblərə “şəxsiyyətə pərəstiş”, “şahsevənlik” dərslərinin hakim kəsilməsi hər şeyi çılpaqlığı ilə gözlər önünə sərmirmi?
Iki: zaman-zaman siyasi sifarişlə ölkə həbsxanalarına doldurulan gənclərin sırasına baxsınlar. Onların arasında xaricdə yüksək təhsil almış, mütərəqqi dəyərlərə sahiblənmiş gənclər azmı olub, ya da lap indinin özündə azdırmı belələri?
Maraq üçün bunu da yazaq. Xalq Cümhuriyyətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrin bir çoxunun aqibəti də fərqli olmamışdı. Belə ki, onların təhsillərini başa çatdırmaları Cümhuriyyətin süquta uğrayıb, Sovet hakimiyyətinin qurulması illərinə təsadüf etdi. Nəticədə məsələn, Mustafa bəy Vəkilov Paris Universitetini, Nəbi Məmmədov Kiyev Dövlət Kommersiya Institutunu, Məmmədzəki Dursunzadə Istanbul Universitetini, Isgəndər Rzazadə Darmştad Ali Texniki Məktəbini, Yusif bəy Ağasıbəyli Drezden Politexnik Institutunu, Teymur bəy Vəkilov Xarkov Tibb Institutunu bitirib ölkəyə qayıtdıqdan bir müddət sonra repressiya qurbanlarına çevrildilər, kimiləri güllələndi, kimiləri sürgünə göndərildi.
Yalnız yeni siyasi sistemə uyğunlaşmağı bacaranlar, hökumət orqanlarını Sovet hakimiyyətinə sədaqətli olacaqlarına inandıra bilənlər sağ qalmağı, repressiyalardan xilas olmağı bacardılar.
Lap elə indi olduğu kimi!