Lerik problemlər məngənəsində

Rayon camaatı suya həsrətdir; bir məscid satılıb, başqa birisi sökülüb

Sakinlərdən icra başçısı Rövşən Bağırovun savad səviyyəsini nümayiş etdirən sənəd

Lerik rayonunda yaranmış su problemi artıq sakinlərin əsəblərini tarıma çəkib. Sakinlərin “Azadlıq”a bildirdiyinə görə, bir müddətdir ki, içməli suya həsrətdirlər: “Kimin pulu var alır, kimin də yoxdur, kəndlərdən eşşəklə su daşıyır. Artıq bezmişik”. 

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, nəticəsi yoxdur: “Nə su idarəsi, nə icra hakimiyyəti problemin həllinə çalışmır. Lerikdə su və kanalizasiya xətlərinin yenidən çəkilməsi üçün 28 milyon manat vəsait ayrılmışdı. Bu işin icrası Türkiyənin ”Gelişim Group” şirkətinə tapşırılmışdı. Amma ortada heç nə yoxdur. Heç kim 28 milyon manatın taleyinə aydınlıq gətirmir. Indi Lerikdə bir ton suyun qiyməti 5 manatdır. Böyük ailələr üçün bir ton su heç bir günə bəs eləmir”.

Sakinlərin sözlərinə görə, Lerikin icra başçısı Rövşən Bağırovun qəbuluna düşmək müşkül məsələyə çevrilib. “Nə vaxt qəbuluna gedirik deyirlər ki, icra başçısı istirahətdədir. Bəs biz nə edək, dərdimizi kimə deyək?”

Sakinlər bildirib ki, Lerikdə faktiki olaraq qanun işləmir. Qanun icra başçısının özü və sözüdür. Rayon sakinləri Rövşən Bağırovun savadsızlıqda da ittiham ediblər. Onlar redaksiyamıza icra başçısına ünvanlanmış və onun tərəfindən dərkənar qoyulmuş bir ərizə təqdim ediblər. Həmin dərkənardan görünür ki, icra başçısı “əmr” sözünün düzgün yazılışını bilmir. Hər halda Rövşən Bağırov “əmrləşdirilsin” əvəzinə “əmIrləşdirilsin” yazıb. “Bu fakt Rövşən Bağırovun savad səviyyəsinin ən yaxşı göstəricsidir”, – deyə sakinlər bildirib.

Sakinlər başqa maraqlı faktı da diqqətimizə çatdırıblar. Onların sözlərinə görə, Züvüç kəndində məscid satılıb: “Züvüç kəndinin sakini Şahbəyim Ağayeva vəfat etməmişdən əvvəl evinin məscid kimi istifadə edilməsini vəsiyyət edib. Bununla bağlı vəsiyyatnamə (sakinlər vəsiyyatnaməni redaksiyamıza təqdim edib) də yazıb. Amma həmin evi kənd sakinlərindən saxtakarlıq edərək başqa bir adama satıb. Kənd bələdiyyəsinin sədri Əlirza Abışov və icra nümayəndəsi Qabil Hüseynov da bu saxtakarlığa göz yumub. Bu məsələni Lerikdə hamı bilir. Icra başçısının da qulağına çatıb. Amma heç bir tədbir görmür”. 

Sakinlər daha sonra bildirib ki, icra başçısı Rövşən Bağırov bir müddət əvvəl Peştətürk kəndinin məscidini sökdürüb.

Sakinlərin iddiaları ilə bağlı icra başçısının da mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Bununla belə icra başçısının və yazıda adı hallanan digər şəxslərin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Azad