Yas yerlərində qadağaların sirri nədir?
Azərbaycan mətbuatı yas yerlərindən reportajlara başlayacaq, yəqin ki. Axı, yas mərasimlərinin dəbdəbəli formada keçirilməsini qadağan edirlər. Hərçənd, yas dəbdəbəsi deyiləndə, konkret olaraq, hansı menyunun nəzərdə tutulduğu dəqiqləşdirilmir.
Dirilər və ölülər üçün rəsmi rəqəmlər
Azərbaycanın rəsmi statistik göstəricilərinə nəzər salsaq, indi şikayət olunan yas mərasimlərini dəbdəbəli saymaq olmaz. Ölkə rəsmən firavanlıq içindədir və bu firavanlıqdan dirilərə düşən qədər ölülərə də pay düşməlidir.
Statistika Komitəsinin sabiq sədri ölkəni firavan rəqəmlərə qərq edib dünyasını dəyişdi. Bu rəqəmlərə görə, Azərbaycanda əhali dünyanın ən yaxşı güzəranına sahib olan xalqlardan biridir.
Arif Vəliyev rəhmətə getməmişdən əvvəl onun Komitəsi bəyan etmişdi ki, (2014-cü ilin yanvar-fevral aylarında) Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manata çatıb.
Hesabatda elan edilirdi ki, Azərbaycanda adambaşına düşən gəlirlər yanvar-fevral aylarında 517,6 manat və ya ayda 258,8 manat olub. Adambaşına düşən gəlirlərin artımı isə illik 2,2 faiz inflyasiya ilə 4,4 faiz təşkil edib.
Əhalinin sərəncamında qalan gəlirlər ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 4,34 milyard manata bərabər olub.
Bu o deməkdir ki, rəsmi göstəricilərə görə Azərbaycanda əhalinin əlində 4 milyard 340 milyon manat pul var. Bu qədər pulla dəbdəbəli yas mərasimi keçirmək olar. Əlbəttə, başqa məsələdir ki, bu qədər pul kimin əlidədir. Məncə, Airf müəllim indi o dünyada bu saxta rəqəmlərin hesabını verirsə, and-aman edir ki, Azərbaycanda əhalinin əlindəki pullar bundan da artıqdır, amma bu qədər pul ölkə əhalisinin sadəcə 5-6 faizinin əlindədir.
O dünyada saxta statistika olmur. Buna görə də, dövlət o dünyaya gedən adamları saxta statistik göstəricilər əsasında yola salmaq istəmir və əhalinin 94-95 faizinə dəbdəbəli yas məclislərini qadağan edib. Amma ölməkdə olan əhalinin 5-6 faizini o dünyaya yola salmaq üçün təşkil edilən məclislərdə menyular dəyişməz qalır. Bu da məntiqlidir.
Heydər Əliyevin birinci dönəmindəki bəzi qadağalar
Amma bu yas yasaqlarının başqa, daha qədim tarixi səbəbləri və kökləri var.
70-ci illəri xatırlayanlar yaddaşlarını bir qədər də qurdalasınlar. O zamanlar, məsələn, prokurorların övladlarına hüquq fakultəsinə daxil olmaq qadağan edilirdi. Bu o demək idi i, prokurorun oğlu prokuror ola bilməz. Buna görə də prokurorlar öz övladlarını kasıb qohumlarının adına sənədləşdirirdilər. Bu yasaq indi qoyulmayacaq. Çünki prezidnetin oğlu prezident olursa, deməli, prokurorun da oğlu prokuror ola bilər və bunun üçün də hüquq fakultəsini bitirməlidir.
O zamanların başqa bir yasağı da vardı. Dövlət məmurlarının yas mərasimlərində dini qaydalar ya gözlənilməməli, ya da gözə girməyəcək səviyyədə olmalı idi. İndi bu qadağa yoxdur və dövlət məmurları hamısı Həcc ziyarətinə gedir, rüşvət almadıqlarına and içmək üçün kabinetlərində, iş stollarının üzərində, ya da siyirməsində Quran saxlayırlar.
O zamanlar daha bir qadağa toy məclisləri üzərində vardı. Dəbdəbəli toy etmək olmazdı. Bu, sovet həyat stilininin ölçülərindən kənara çıxan dövlət məmurları ilə sadə zəhmətkeşlər arasındakı kontrastı görünməz hala gətirmək üçün tətbiq edilən profilaktika tədbirlərindən biridir.
Anlayışa görə, indiki yas məclislərində dəbdəbəyə qarşı aparılan mübarizə də bu məqsədi güdür. Yəni dövlər məmurları və onların əshabələri ilə sadə zəhmətkeşlər arasında kontrast heç olmasa, yas mərasimlərində görünməsin. Axı, adamlar «mən ölümü urvatlı şəkildə yola sala bilmirəm» deyərkən olduqca kövrək görünürlər və kövrəldirlər, bu isə ictimai narazılığın yaranması üçün xoşagəlməz müqayisə imkanları yaradır. Həm də, yas məclislərinin menyusuna mollaları da təhkim ediblər. Bu, təqribən ona bənzəyir ki, xanəndəni toyun aşpazına nəzarətçi təyin edirsən.
Unudulmuş detal
Amma burada bir nüans yaddan çıxarılıb.
Dəbdəbəli olmayan yas mərasimindən çıxıb, ölünün dəfn mərasiminə gedən kütlə haraya üz tutur& Əlbəttə qəbristanlığa. Qəbristanlıqlarda dəbdəbə yığışdırılacaqmı? Yəni oradakı heykəllər, bahalı mərmər üzlüklər, ən yüksək və ən bahalı tərtibat verilmiş məzar skverləri ləğv ediləcəkmi, yoxsa bu yeni yasaq, sadəcə, JEK-ləri və mollaların imtiyazı altına verilən xeyir-şər salonlarının menyusuna aid ediləcək?
Yolunuzu Bakı qəbristanlıqlarından salın və həmin o kontrastı müşahidə edin.
Bakı qəbristanlıqları sanki o dünyaya gedənlərin məzarları yox, bu dünyada qalanların şöhrət daşlarıdır. Sizə bir sirr açımmı& Elə dövlət məmurları varki, atalarının-analarının qəbirlərini rayonlardan köçürüb bakı qəbristanlıqlarına gətirirlər və burada onların üzərində abidələr tikdirir, heykəllər yondururlar. Çünki bir zamanlar valideynləri öləndə əlləri aşağı olub, indi isə vəzifədədirlər və korrupsiya pullarını hara isə xərcləmək lazımdır.
Yazının online variantını oxuyanlar üçünsə 2011 ci ildə «Azadlıq» radiosunun hazırladığı bir qəbristanlıq süjeti əlavə edirəm.
Azad Akifoğlu