YAP-çı deputatlardan “ölüm hökmü” çağırışı

Nurəddin Məmmədli: «Ölüm hökmünün bərpa olunması Azərbaycanı demokratik dünyadan uzaqlaşdırmaq və günahsız insanları cəzalandırmaq istəyindən irəli gəlir»

Hakimiyyətin fərqli fikrə, müxalif düşüncəyə qarşı nifrəti o qədər böyükdür ki, öz tənqidçilərini şərləyib həbs etdikdən sonra da hirsi soyumur. Indi də ölüm hökmünün bərpasından və Leyla Yunus kimi “vətən xainlərinə” ölüm hökmü verilməsindən danışırlar.

Belə ki, Milli Məclisin deputatı, Yaqub Mahmudov  “publika.az”-a müsahibəsində deyib ki, antiAzərbaycan təbliğatı aparan insanlara qarşı daha sərt addımlar atılmalıdır və ölüm hökmü ilə bağlı məsələyə yenidən baxılmalıdır: “Leyla Yunus vaxtilə qərargahda oturaraq ermənilərə hərbi məlumatlar ötürüb. Leyla Yunus o vaxtdan bəri Azərbaycan haqqında məlumatları xaricə ötürməklə antiAzərbaycan təbliğatı aparıb. Azərbaycanda bir nəfər belə siyasi məhbus olmadığı halda, onlar özləri kimi vətən xainlərini ”siyasi məhbus” hesab ediblər. Indi Azərbaycan rəhbərliyi vətənimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizə aparır, biz müharibə şəraitində yaşayan dövlətik. Müharibə vəziyyətində olan bir ölkə isə hərbi dövrün qanunlarını işə salmalıdır. Eyni zamanda da vətən daxilində xainlərə və satqınlara yer olmamalıdır, onlar əsla bağışlanmamalıdır. Biz vaxtilə vətən xainlərinə qarşı qanunda nəzərdə tutulan bir sıra cəzaları, o cümlədən ölüm hökmünü ləğv etmişik. Düşünürəm ki, indi biz bu məsələyə yenidən baxmalıyıq. Vətən xaininin cəzası ən ağır cəza olmalıdır.ÿBu cür adamlara ölüm hökmü tətbiq edilməlidir.ÿOnlar üçün ən ağır cəzaÿ ölüm cəzası olmalıdır”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar Ibrahimov da Yaqub Məmmədovun təklifini dəstəkləyib: “Leyla Yunus, onun əri və digər bu cür adamlar mənim bacımı, qardaşımı qətlə yetirən erməniyə xidmət edirlər, Irəvana gedib-gəlirlər. Onlar ciddi qanun pozuntularına görə tutulublar. Burada heç bir siyasi məqsəd ola bilməz. Leyla Yunus ermənilərə açıq şəkildə işləyir və bunu hamı bilir. Həmin müxalifət partiyaları isə ermənilərə bir qədər üstüörtülü işləyir. Ümumilikdə isə onların hamısı ermənilərə qulluq edirlər. Yaqub müəllimlə tam razıyam. Bu adamlar vətən xainləridir, yaşadığı dövlətin xalqına xəyanət edib. Ona görə də belə adamların cəzası ancaq ölümdür. Bu gün ölüm cəzası qüvvədə olsaydı, deyərdim ki, Leyla Yunus və onun kimilərinə bu cəza verilsin”- deyə Eldar Ibrahimov bildirib.

Dəhşətli bu deyil ki, bu adamlar Leyla Yunus və digər siyasi məhbusları ölümlə cəzalandırmaq istəyir, ən dəhşətlisi budur ki, bu düşüncədə olan adamlar Milli Məclisdə təmsil olunur.

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, millət vəkillərinin bu tipli təklifləri absurddur və Azərbaycanı orta əsrlərə sürükləmək cəhdidir: “Millət vəkillərinin belə bir təkliflə çıxış etməsi çox məntiqsizdir. Əvvəla, dünyanın ayrı-ayrı ölkələrində aparılan tədqiqatlar göstərib ki, ölüm hökmünün ləğvi və ya bərpası törədilən cinayətlərin miqyasına və dinamikasına təsir etməyib. Digər tərəfdən, Azərbaycan Avropa Şurasına daxil olanda üzərində götürdüyü öhdəliklərdən biri də ölüm hökmünün ləğvi ilə bağlıdır. Bu gün ölüm hökmünün bərpası ilə bağlı çağırışlar, faktiki olaraq Azərbaycanı Avropadan uzaqlaşdırmaqdır”.

Ekspert onu da əlavə etdi ki, Leyla Yunus və digərlərinə qarşı irəli sürülən ittihamlar əsassızdır və bunu sübut etməyə ehtiyac da yoxdur: “Ölüm hökmünün bərpası, xeyli sayda günahsız insanların həyatını itirməsinə səbəb olur. Dəfələrlə müşahidə olunub ki, ölüm cəzasına məhkum edilmiş şəxslərin, bir müddət sonra günahsızlığı sübut olunub. Söhbət konkret olaraq Leyla Yunusdan gedirsə, bu fikirlər Leyla Yunusa qarşı hakimiyyətin qəzəbindən qaynaqlanır.  Leyla Yunus heç vaxt ermənilərlə əməkdaşlıq etməyib. Leyla Yunus dünya praktikasına uyğun olaraq Ermənistan və Azərbaycan arasındakı konfliktin həlli istiqamətində, xalq diplomatiyası vasitəsilə addımlar atıb. Bu isə, ermənilərlə əməkdaşlıq anlamına gəlmir. Sadəcə olaraq Leyla Yunusun Azərbaycanda insan hüquqlarını müdafiə etməsi, siyasi məhbusların dünyada tanınması, onların azadlığına nail olmaq üçün apardığı mübarizə hakimiyyəti narahat edir və buna görə də onu cəzalandırmaq istəyirlər”.

Akif