YAP-çı deputat yaxın tarixi niyə unudur?

Eldar Ibrahimov Azərbaycanın faciələrinə səbəb olmuş Rusiyanı xilaskar kimi təqdim edir

Mövcud hakimiyyət uzun illərdi ölkədə repressiv siyasət həyata keçirir və tənqidçilərini “Vətənə xəyanət”, “milli satqın”, “ermənipərəst” damğası ilə gözdən salmağa çalışır.  Ancaq bugünə qədər hansısa müxalifətçinin əməlində dövlətə və dövlətçiliyə zidd olan hər hansı məqam sübuta yetirilməyib.

Əksinə, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə böyük təhdid sayılan Rusiyanı məhz bu hakimiyyət dəstəkləyib. Hətta, hökumətyönlü deputatlar Sovet ittifaqının bərpasından, rus qoşunlarının Azərbaycanda yerləşdirilməsindən də danışdılar.  

Bugünlərdə isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar Ibrahimov bu ənənəni davam etdirərək, Rusiyanın mələk obrazını yaratmağa çalışıb. 

“Azərbaycan və Rusiya münasibətləri də hazırda yüksək səviyyədədir. Iki ölkə arasındakı münasibətləri heç kəs poza bilməz. Rusiya bizim böyük qonşumuzdur. Cənab ÿIlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında da çox yaxşı dostluq əlaqələri var. Bizim bir-birimizə inamımız var. Mən hər zaman bu münasibətlərin yaxşı olmasının tərəfdarıyam. Dəfələrlə də çıxışlarımda bu fikirlərimi demişəm. Rusiyadan bizə hər hansı təhlükə ola bilməz. Rusiyadan Azərbaycana ancaq yaxşılıq ola bilər. Mən bu yaxşılığı da Rusiyadan gözləyirəm. Bu yaxşılığı Rusiyadan bütün Azərbaycan xalqı görəcək”- deyə Eldar Ibrahimov bildirib

Bəli, YAP-çı deputat iddia edir ki, Rusiyadan bizə heç bir təhlükə ola bilməz. Görəsən Eldar Ibrahimov yaxın keçmişi niyə unutmağa çalışır?

20 yanvarda Bakı küçələrini qana boyayan əsgərlər, adamları əzib keçən tanklar hardan gəlmişdi? 20-ci əsrin ən qanlı faciəsi hesab edilən Xocalı soyqırımını həyata keçirmiş 366-cı motoatıcı alay kimə məxsus idi?

Normal düşüncəli hər bir vətəndaş bilir ki, bu faciələri Rusiya hökuməti həyata keçirib. 20 ildir torpaqlarımızın işğal altında qalması, 1 milyon vətəndaşın yurdundan didərgin düşməsi də məhz Rusiyanın siyasətidir. Bu gün Qarabağ münaqişəsinin həll olunmamasının yeganə səbəbi Rusiyadır.

Belə çıxır ki, Eldar Ibrahimov 20 Yanvar faciəsini də, Xocalı soyqırımını da, Qarabağın işğalını da inkar edir.

“Rusiyadan Azərbaycana yalnız yaxşılıq ola bilər” deyən deputat bu sadaladığımız faktları müsbət hal kimi qəbul edir?

Bu ölkənin ən böyük faciələrinə səbəb olmuş dövləti, xalqa məsum kimi təqdim etməyin adı nədir?

Görünür, şəxsi maraqlar, hakimiyyət mənafeyi dövlət və milli maraqlardan daha üstündür. Məhz buna görə də Azərbaycanın fəlakətlərinə səbəb olan Rusiya “xeyirxahlıq ilahəsi” kimi göstərilir.

Artıq şərhə ehtiyac yoxdur. Xalqın gözü tərəzidir və çəkidə vuranları da, tərəzisi saxta işləyənləri də hamı yaxşı tanıyır.

Akif