Tofiq Yaqublu da Qubad İbadoğlunu dəstəklədi

“…Əgər biz  nələrisə dəyişmək istəyiriksə mütləq Qubad bəyin namizədliyi üstündə dayanmalıyıq”

Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu partiya sədrliyinə namizədlər arasından öz seçimini edib.

Hazırda həbsdə olan T.Yaqublu vəkili vasitəsilə “Yeni Müsavat”a göndərdiyi müraciətində açıq mətnlə Qubad İbadoğlunu dəstəklədiyini bəyan edib.

T.Yaqublunun həmin müraciətini olduğu kimi təqdim edirik:

“Salam, hörmətli qurultay nümayəndələri!

Əminəm ki, müəyyən edilmiş vaxtda qurultay keçiriləcək və müsavatçılar özlərinin növbəti başqanını seçəcəklər. Böyük ehtimalla qalan vaxt ərzində də hakimiyyət qurultayın baş tutmaması üçün xislətinə uyğun problemlər yaratmağa çalışacaq. Ona da əminəm ki, siz bu maneələri dəf etməyi bacaracaqsınız.

Mənim müraciətim başqanlığa namizədlərlə, daha çox da müdafiə etdiyim namizədlə bağlıdır. Buna keçməzdən əvvəl 1992-ci ildən bu yana Müsavat Partiyası başqanı postunu tutmuş, bu vəzifəni şərəflə, qeyrətlə və siyasətçilərə nümunə olacaq şəkildə yerinə yetirmiş İsa Qəmbərə dərin təşəkkürümü bildirirəm. Qəti qənaətim bundan ibarətdir ki, o, Məmməd Əmin Rəsulzadədən sonra partiyamızın ən uğurlu başqanı olub.
Məndə olan məlumata görə, başqanlıq postuna dörd iddiaçı var: Səxavət Əlisoy, Arif Hacılı, Tural Abbaslı və Qubad İbadoğlu. Onların hər biri başqanlıq postuna layiqdirlər və bunu keçdikləri şərəfli mübarizə yolu ilə sübut ediblər. Mənim düşüncəmə görə, əsas mübarizə Qubad İbadoğlu ilə Arif Hacılı arasında gedəcək və yəqin ki, siz artıq öz seçiminizi etmisiniz. Mən də öz seçimimi etmişəm, dəstəklədiyim namizəd Qubad İbadoğludur. Özüm də Qurultay nümayəndəsiyəm, həbsdə olmağım səbəbindən sesvermədə iştirak edə bilmərəm, amma həbsim müdafiə etdiyim namizədin lehinə təbliğat aparmağa maneə ola bilməz və bu, qaydalara tam uyğundur. Deyə bilərsiniz bir halda ki, nümayəndələr artıq öz seçimlərini ediblər, onda təbliğatın əhəmiyyəti nədir? Axı mən müsavatçılara müraciət edirəm. Onlar beyinsiz, konyukturaya tabe olan, yuxarıdan gələn tapşırıq əsasında səs verən YAP  tərəfdarlarından fərqli olaraq düşünməyi, arqumentləri dəyərləndirməyi və nəticədə düzgün qərar çıxarmağı bacarırlar.

Niyə Qubad bəyə üstünlük verdiyimi izah etmək üçün partiyamızın nizamnaməsindəki bir məqama diqqət çəkmək istəyirəm. Bir nəfərin iki dəfədən artıq başqan ola bilməməsi haqda müddəanı nəzərdə tuturam. Bu çox ciddi, vacib və ölkədə demokratik dəyərlərin daha da dərinləşməsinə xidmət edən müddəadır. Hamımıza aydındır ki, bu müddəa bizim nizamnaməmizə demokratik Qərbdə bir nəfərin iki dəfədən artıq ölkə başçısı seçilməsinə qoyulmuş qadağadan gəlib. Demokratik ölkələrin inkişaf təcrübələri sübut etdi ki, bu qadağa lazımlı və effektlidir. Elə biz özümüz də müxalifət olaraq ölkənin idarə olunmasında bu prinsipin pozulmasının inkişafımıza çox ciddi əngəl olduğu qənaətindəyik və bu bir acı həqiqətdir.

Arif Hacılı milli azadlıq hərəkatının, milli hakimiyyətin və 1993-cü ilin iyun qiyamından sonra başladılmış demokratiya uğrunda mübarizənin ən önəmli isimlərindəndir. Onun çağdaş Azərbaycan tarixində özünəməxsus yeri var. Eyni zamanda o, Müsavat Partiyasında əsas liderlərdən biridir.  Bu bir faktdır ki, illər ərzində Müsavat Partiyasının qərarlarının qəbul edilməsində, siyasətinin müəyyənləşdirilməsində onun rolu İsa Qəmbərdən sonra ikinci olub. Bir çox hallarda İsa bəyin özünün də qərar və mövqeyinə həlledici təsir edib. Yəni Müsavat Partiyasının istər hakimiyyətə qarşı mübarizəyə, istərsə də müxalifət düşərgəsinə münasibətə görə qərarlaşdığı bu günkü mövqeyinin oluşmasında Arif Hacılının rolu nəinki yerdə qalan 3 namizədə, hətta yerdə qalan Divan üzvlərinə nisbətən çox olub. Sözsüz ki, Müsavat Partiyasının, eləcə də müxalifət düşərgəsinin indiki durumu qətiyyən ürəkaçan deyil və nikbinlik üçün heç bir əsas yaratmır. Əlbəttə ki, bunun daha çox obyektiv səbəbləri var, rejimin mahiyyətinə və hərəkətlərinə ötəri nəzər salmaq hər şeyi anladır. Ancaq vəziyyətimizin real şəraitdə ən optimal olduğunu da iddia edə bilmərik. Deməli, nələrisə yaxşı və ya fərqli etməliyik. Məsələn, mən bir şeyə qəti əminəm ki, reallıq və elementar məntiq müxalifətin bir-biri ilə savaşmasını yox, bir yerdə olmasını tələb edir. Bu, aksiomdur, ona görə də sübut etməyə çalışmayacam. Ona da qəti əminəm ki, müxalifətdaxili münasibətlərin iqtidara sərf edən gərginliyində, digərləri kimi bizim də günah payımız var. Arif Hacılının başqan seçilməsi o demək olar ki, əvvəlki xətt davam etdiriləcək, olsun ki, bir az da daha mühafizəkar formada.

Belə olduqda zəruri başqan dəyişikliyinin fəlsəfəsi pozulur. Bu norma nizamnaməmizə hansı zərurətdən daxil edildiyini, demokratik ölkələrdə prezidentlərin iki dəfədən artıq seçilməsinə qadağanın niyə tətbiq edildiyini bir daha xatırlayın. Fikrimi obrazlı şəkildə izah etməyə çalışım. Riyaziyyatda toplananların yerini dəyişdikdə cəm dəyişmir, amma siyasətdə, idmanda, iqtisadiyyatda və s. dəyişir. Baxırsan ki, ulduzlardan ibarət futbol komandası məşhur bir məşqçinin rəhbərliyi altında uğur qazana bilmir. Rəhbərlik məşqçini dəyişdirəndən sonra təzə məşqçi (olsun ki, o qədər də məşhur olmayan) elə həmin oyunçularla qələbədən qələbəyə qoşur. Çünki təzə məşqçi yeni taktika seçir, meydançada oyunçuların yerini dəyişdirir, mövcud stereotipləri pozur və s. Bununla onu demək istəyirəm ki, əgər biz  nələrisə dəyişmək istəyiriksə mütləq Qubad bəyin namizədliyi üstündə dayanmalıyıq. Qubad İbadoğlu ölkənin ən savadlı və tanınmış iqtisadçısıdır. Onun rəhbərlik etdiyi QHT bütün dünyada tanınır və ciddi tərəfdaş kimi qəbul edilir. Onun təhlilləri və proqnozları Azərbaycana diqqət ayıran beynəlxalq iqtisadi-maliyyə mərkəzlərində diqqətə alınır. Onlara istinad edilir. O, bir iqtisadçı kimi yüksək elmi dərəcəyə malikdir, ingiliscə danışır, çox ciddi beynəlxalq təşkilatlarla və şəxslərlə yaxşı münasibətlərə malikdir. Qubad bəyin rəhbərlik etdiyi mütəxəssislər qrupu özünün sanballı araşdırmaları ilə iqtidarın yalançı iqtisadi göstəricilərini, saxta statistik məlumatlarını alt-üst edir, onun monopoliya və korrupsiya əməllərini ən mütərəqqi metodologiya əsasında təkzibedilməz faktlarla ifşa edir. Bu da öz növbəsində onun yüksək səviyyəli alim, bacarıqlı təşkilatçı və prinsipial müxalifətçi olduğunu ortaya qoyur. Belə isə ona niyə önəm verməməliyik? Ukraynaya fikir verin, bu ölkənin prezidenti kim oldu? Maydanda fiziki savaş verən Kliçkomu, yoxsa bütün dünyada ciddi iqtisadçı kimi tanına Poroşenkomu? Yeri gəlmişkən, sizə bir detalı da xatırladım. Maydan hərəkatı zamanı rus kəşfiyyatı ABS diplomatlarının telefon danışıqlarını yaymışdılar. Onlar Kliçkonun prezidentlik perspektivliyi haqqında danışarkən demişdilər ki, o, iqtisadçı olmadığından bu post üçün yaramır. Bunu çağdaş dünyada iqtisadçılara necə önəm verildiyini xatırlatmaq üçün söylədim…

Sizə uğurlar arzulayıram!
Sizinlə fəxr edirəm!
Sizə güvənirəm!

Tofiq Yaqublu                                                               
Şəki qazamatı 01.09.2014”