Ramil Usubovla Eldəniz Quliyev arasında barışıq ola bilərmi?

Vəkil Əlirza Həbilov: «Eldəniz müəllim etdiyi əməldən peşman olduğunu rəsmi şəkildə etiraf etsəydi…»

Eldəniz Quliyev: «Mən polis tərəfindən şərlənib həbs olunan dostlarımdan artıq deyiləm ki…» 

“Eldəniz bəy ”bütün polislər” və ya “bəzi polislər” deyəndə nəyi nəzərdə tutur? Onun belə bir səlahiyyəti varmı ki, kimisə təhqir etsin və ya kiməsə böhtan atsın? Çünki Eldəniz bəyin dediyindən belə çıxır ki, onun “bəzi polisləri” təhqir etməyə haqqı çatır. Burada söhbət tənqiddən yox, təhqir və böhtandan gedir”.

Bunu Daxili işlər naziri Ramil Usubovun vəkili Əlirza Həbilov “moderator.az”a nazirin Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə qarşı məhkəmə iddiasını şərh edərkən bildirib.

Həbilov deyir ki, Eldəniz Quliyevin Usubova, nə də onun rəhbərlik etdiyi nazirliyə hər hansı müraciəti olmayıb: “Vətəndaşların ərizə və şikayətlərinə baxılması ilə bağlı Azərbaycan Respublikasının müvafiq qanunu var. Bu qanunun tələbinə görə, istənilən vətəndaş müraciət etmək hüququna malikdir. Əgər vətəndaş hər hansı bir nöqsan, qanun pozuntusu ilə bağlı məlumatlıdırsa və bunu öz müraciətində əlaqədar dövlət qurumunun diqqətinə çatdırırsa, bu, nə təhqir, nə də böhtan sayılır. Eldəniz müəllimin isə nə nazirin, nə də nazirliyin ünvanına hər hansı müraciəti daxil olmayıb. Burada söhbət təhqir və böhtandan gedir”.

Tərəflər arasında barışığa gəlincə, vəkil deyib ki, indiki məqamda belə bir barışıq üçün lazımi zəmin yoxdur: “Qanunvericilik xüsusi ittihamçı ilə təqsirləndirilən şəxsin tərəflərin münasibəti baxımından barışığına imkan verir. Lakin burada söhbət ondan gedir ki, bu barışığın reallaşması üçün hər hansı bir zəmin mövcud olmalıdır. Eldəniz Quliyev bir deyil, çoxlu sayda insanı təhqir edib və böhtan atıb. Əgər Eldəniz müəllim etdiyi əməldən, yol verdiyi təhqir və böhrandan peşman olduğunu rəsmi şəkildə etiraf etsəydi, o zaman xüsusi ittihamçının mövqeyini öyrənmək daha çox yerinə düşərdi. Bu gün isə belə bir addımdan heç bir söhbət getmir. Rüstəm Ibrahimbəyovun, Isa Qəmbərin, Eldar Namazovun və eləcə də Eldəniz Quliyevin verdiyi açıqlamalar göstərir ki, burada hər hansı barışıqdan söhbət getmir. Eldəniz Quliyev təkidlə öz iradəsinin üzərində dayanıb. Belə olan halda, hansısa barışıqdan danışmaq əbəsdir. Çünki indiki məqamda belə bir barışıq üçün zəmin yoxdur”.

Usubovun vəkilinin dediklərinə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev cavab verib. O, bir daha vurğulayıb ki, polisləri nə təhqir edib, nə də onlara böhtan atıb: “Ramil Usubovun vəkili yumşaq desək, yanlışlığa yol verib. Sanki bunu bunu qəsdən edir. Mən məhkəmənin hazırlıq iclasında da demişəm ki, insanı ”fasebook” səhifəsində yazdığına görə məhşər ayağına çəkməzlər. Demişəm ki, əgər hər hansı sayt kiminsə öz səhifəsində yazdığına istinad edirsə, bu da hələ məhkəmə çəkişməsinə əsas vermir. Mən həqiqətən polisi ümumilikdə nəinki təhqir, heç tənqid də etməmişəm və bunu dəfələrlə öz müsahibə və çıxışlarımda bildirmişəm. Halbuki, təhqir olunmalı o qədər polis əməkdaşları var ki… Indi hörmətli Əlirza müəllimin sürüşkən müsahibəsindən sonra bütün məsuliyyətimlə bildirirəm: elə polislər var ki, onları nəinki təhqir etmək, hətta asmaq lazımdır ki, xalqın canı onlardan qurtarsın, digər polislərə də dərs olsun. Mən onu da bildirirəm ki, belə polis əməkdaşlarına rəhbərlik edən şəxs, o cümlədən nazir “ən yaxşı müdafiə hücumdur” demək əvəzinə, ən azı, istefaya gedərdi. Azərbaycan polisinin o qədər suçu, o qədər tənqid olunası çatışmazlıqları var ki, saymaqla bitməz. Heç olmasa, utanıb dinməsinlər”.

Eldəniz Quliyev onu da qeyd edib ki, bu cür hücumlar qarşısında geri çəkilmək niyyətində deyil: “Heç ağıllarına da gətirməsinlər ki, mən bunların yalançı ittihamından və haray-həşirlərindən qorxuram. Mən polis tərəfindən şərlənib, böhtan atılaraq həbs edilmiş dostlarımdan artıq deyiləm ki, nədənsə və ya kimdənsə qorxam. Nə polisin cibinə narkotik atıb tutduğu imanlı-mənəviyyatlı dindar qardaşlarımdan, nə üzünə yalançı, dəyyus ”şahidlər” qoyub 5 il, 10 il zindana saldırdıqları müxalifətçi dostlarımdan, nə həqiqəti yazıb haqqı müdafiə edən jurnalistlərdən, nə də şər-şəbədəylə türmələrə doıdurduqları vətənpərvər və mübariz gənclərdən artıq deyiləm”.

Xatırladaq ki, Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb. Iddiaya Yasamal Rayon Məhkəməsində baxılır. Iddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz hərəkətləri barədə yazdıqları olub.