Mehdiyevin müşavirəsi Milli Şurada müzakirə olundu

Koordinasiya Mərkəzi bir sıra cari qərarlar verdi

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai siyasi vəziyyət, siyasi məhbuslarla bağlı məsələlər və s. müzakirə olunub.
Toplantıda bir neçə gün öncə Prezident Administrasiyasında KİV rəhbərləri ilə keçirilən görüş hakimiyyətin narahatlığı kimi qiymətləndirib. Görüşdə “İlham Əliyevin ugurlu daxili və xarici siyasətini dəstəklənməyənlər cəzalandırılacaq” bəyanatının səslənməsi rejimin totalitar cəmiyyət yaratmaq iddialarının açıq təzahürü kimi qeyd olunub.
İclasda Leyla Yunusun və digər siyasi məhbusların hüquqlarının Müdafiə Komitəsinin yaradılması və gördüyü işlər təqdir olunub. Son günlər həyata keçirilən həbslər və repressiyalar pislənilib. Həbsdə olan siyasi məhbusların azadlığı istiqamətində səylərin artırılmasının vacibliyi bildirilib. Həmçinin vicdan və siyasi məhbusların müdafiə olunması ilə bağlı məsələləri diqqətdə saxlamaq şərti ilə vətəndaş cəmiyyətinə qarşı olan repressiyaların durdurulması, avtoritarizmə qarşı mübarizənin gücləndirilməsi, ölkədə demokratikləşmənin genişlənməsi istiqamətində səylərin artırılması qərara alınıb. 
İclasda Milli Şuranın sessiyasının keçirilməsi barədə qərara qəbul olunub və sessiyanın təşkili ilə bağlı müvafiq strukturlara lazimi tapşırıqlar verilib.
15 sentyabr- Bakının işğaldan azad olunması ilə bağlı Milli Şuranın Şəhidlər Xiyabanında Türk əsgərinin abidəsini ziyarət etməsi qərara alınıb.
İclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.