İlqar Mikayıloğlu ANS-dən niyə getdi?

ANS prezidentinin müşaviri: “Yəqin, özünə yağlı qapı tapıb, kim bilir”

İşdən çıxan aparıcı: “Yağlı qapı olduğunu bilmirdim; ANS-ə heç vaxt qayıtmayacağam”

Tanınmış teleaparıcı İlqar Mikayıloğlu “ANS” telekanalı ilə yollarını ayırıb. Bu barədə məlumatı lent.az-a aparıcının özü  xəbər verib. O bildirib ki, yeni mövsümdə hansı telekanalla əməkdaşlığa başlayacağını hələ bilmir: “Artıq mənim “ANS” ilə müqavilə müddətim bitib. Yenidən həmin televiziyada işləyib, işləməyəcəyim barədə bir söz deyə bilmərəm. Durum deyim ki, “ay mənə bir neçə telekanaldan dəvətlər var”, bu yalan olar. Açığı indi heç iş barəsində düşünmürəm. Çünki səhhətimdə problem var. Qolum çıxıb. Ona görə də səhhətimlə məşğulam”.

“Biz onu bacısı həbsdə olanda belə işdən çıxartmamışdıq”. Bu sözləri azxeber.com-a açıqlamasında ANS televiziyasının prezidentinin ictimai əlaqələr üzrə müşaviri Mais Məmmədov söyləyib. O, İlqar Mikayıloğlunun ANS-dən çıxması xəbərini təsdiqləyib: “Biz onu bacısı həbsdə olanda belə işdən çıxartmamışdıq. Hələ bizə bununla bağlı suallar da verirdilər. ANS rəhbərliyi hər zaman onun yanında olub. İndi özü ərizəsin yazıb və çıxıb gedib. Onunla rəhbərlik arasında heç bir narazılıq olmayıb. İşdən çıxmasının səbəbini biz də bilmirik. Yəqin, özünə yağlı qapı tapıb, kim bilir”.

İlqar Mikayıloğlu “Mövqe.az”da Mais Məmmədovun bu sözünə cavab verib: “Allah onun köməyi olsun. Yaşlı kişidir. Vallah, yağlı qapı olduğunu da bilmirdim, ondan eşitdim. ANS-ə heç vaxt qayıtmayacağam. Başqa telekanalda da işləyib, işləməyəcəyim dəqiq deyil. Bu dəqiqə qolumun hayındayam”.

“Gecce.az” saytı isə yazıb ki, İlqar Mikayıloğlu yeni mövsümdən  ATV telekanalında aparıcılıq edəcək. Onun aparacağı veriliş əyləncə mövzusunda olacaq.
“Günəbaxan” verilişini yeni mövsümdə teleaparıcı Kamran Həsənli aparacaq.

İ.Mikayıloğlu ATV telekanalına keçməsi haqda deyilənlərin yalan olduğunu bildirib: “Mətbuatda yazıblar ki, guya ATV telekanalında işləyəcəyəm. Yalan söhbətdir. Mənim hələ ki, belə bir planım yoxdur”.

İlqar Mikayıloğlunun ANS-dən çıxmasına bacısı, sabiq deputat Gülər Əhmədova münasibət bildirib. O, aznews.az açıqlamasında deyib ki, qardaşının işdən getməsindən xəbəri yoxdur: “Mən ilk dəfə sizdən eşitdim bu xəbəri. Açığını deyim bu dəqiqə məni İlqarın işi deyil, səhhəti maraqlandırır. Onun qolu çox pis sınıb. Hamımız onun başına gələn bu xoşəgəlməz hadisəyə görə narahatıq. Mənim üçün əsas onun tez sağalmasıdır”.
Sabiq deputat deyib ki, qardaşının səhhəti ilə əlaqədar ona tez-tez baş çəkir: “Qolu sınandan sonra ona tez-tez baş çəkirəm. Amma nədənsə bu qərarı ilə bağlı mənə heç nə deməyib. İş məsələsi ilə bağlı İlqarla danışmamışam. Qardaşımın işdən getməyini ilk dəfə sizdən eşidirəm”.