
Ikinci qrup əlil Ələkbər Əliyev deyir ki, onu aldadıblar. Daha doğrusu, vəd verib, yerinə yetirməyiblər. Söhbət onun birinci sinifdə oxumalı olan qızının təhsilindən gedir. “Mənə söz vermişdilər ki, övladın Heydər Əliyev adına liseydə oxuyacaq. Qızım bu il məktəbə getməlidir, indi də deyirlər ki, yer yoxdur”, – deyə əlil “Azadlıq”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, son 10 gündə hər gün liseyə gedərək, direktor Fikrət Xəlilovun qəbuluna düşmək istəyib, ancaq cəhdləri nəticəsiz qalıb: “Direktor Fikrət müəllim söz vermişdi ki, qızın liseydə oxuyacaq. Indi gedirəm, mühafizə xidmətinin əməkdaşları rəhbərliklə əlaqə saxlayır. Sonra da mənə bildirirlər ki, guya, liseydə yer yoxdur. Halbuki, məndən sonra bir neçə nəfər övladını həmin liseyə qoyub. Ikinci qrup əliləm, heç yerdə işləmirəm, 130 manat təqaüd alıram. Bir qızım var, istəyirəm yaxşı yerdə təhsil alsın. Amma göründüyü kimi, buna imkan vermirlər”.
Informasiya şöbəsi


