“NIDA” Vətəndaş Hərəkatının və Vətən Həmrəyliyi Partiyasının üzvü, narkotiklə şərlənərək həbs olunmuş blogger Ömər Məmmədovun apelyasiya şikayəti üzrə dünən məhkəmə iclası keçirilib. Məhkəmə iclasında Ömər Məmmədovun vəkili Əlayif Həsənov vəsatət qaldıraraq bildirib ki, bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin protokolları saxtalaşdırılıb. Məhkəmə prosesində dindirilən şahid ifadələri məhkəmə iclas protokollarında təhrif olunub.
Qeyd edək ki, Əlayif Həsənov Bakı Apelyasiya Məhkəməsində bu işə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılmasını istəyib. Lakin məhkəmə ilkin baxış iclasının qərarı ilə bu vəsatəti rədd edib. Müdafiə tərəfi isə prosesin məhkəmə istintaqı aparılmaqla keçirilməsində israrlı olduğundan ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək qərarına gəlib.
Dünənki məhkəmə iclasında Əlayif Həsənov hakimdən şikayətin hazırlanıb Ali Məhkəməyə təqdim olunması üçün bir həftə vaxt istəyib. Məhkəmə razılaşıb. Bu səbəbdən Bakı Apelyasiya Məhkəməsində Ömər Məmmədovun işi üzrə proses sentyabrın 12-nə qədər təxirə salınıb.
Aytən


