Məhəmməd Talıblı
Ötən yazıda Seymur bəyin mübarizə ruhundan və özünəinamı haqqında yazmışdım. Onun doğrudan da mübariz bir insan olması və mübarizənin ön sırasında yer alması bir faktdır. Cəmiyyətdə bəzən mübariz insanlara, xüsusilə cəbhə şinelindən çıxmış əqidəli insanlara qaraguruh kimi yarlıqlar yapışdırmaq modda olub. Seymur mübarizənin ön sırasında yer almasına baxmayaraq ona münasibətdə bu tip ifadələrin işlədilməsinə nəinki rast gəlinməyib, əksinə onun özü mübarizəni intellektin təzahürü olması fəlsəfəsinin ictimailəşdirməsinə nail olub. Ona görə, Seymur bəy təkcə mübarizə üsulu ilə yox, həm də mübarizəsinin intellektual izahı ilə daha çox populyarlıq qazanırdı.
Seymur bir neçə cəbhədə vuruşurdu. Partiya rəhbərliyində ən yüksək təmsilçiliyə malik idi. Rayonlarda partiya müşavirələri keçirmək kimi siyasi funksionerlikdən başlamış və bir neçə rayon şöbələrində işlək rejimi təmin etməyə qədər praktik siyasi fəalliyyətə qədər faydalılığın sübut edirdi. Paralel olaraq “Azadlıq” qəzetində və “Azərbaycan saatı”nda da yaradıcı fəaliyyət göstərirdi. Maraqlıdır ki, o, bütün bu işlərə vaxt tapa bilirdi və ciddi uğurları da ortaya qoya bilmişdi.
Seymur azad düşüncəyə və psixologiyaya malik insandır. O, hətta hamının doğma və səmimi münasibətdə olduğu partiyanın RH-nin iclaslarında azad sözü, obyektiv tənqidi və müxtəlif istiqamətlərdə təşəbbüsü ilə seçilirdi. O, səhv etmək ehtimalından qorxmadığı üçün özünün mülahizələrini çox inamlı və ötkəm şəkildə ifadə edə bilirdi. O, bilirdi ki, böyük azadlıq ideyalarının ayaq tutması mikromühitdə bu dəyərlərin vərdişə çevrilməsindən keçir. Ona görə fərqlənirdi və bütün bu dediklərində daha orijenal təsir bağışlayırdı. Görünür ki, Seymur bəyin belə mülahizələrinin itiləməsi üçün RH-i yaxşı bir məktəbə çevrilib. Məhz onun nəticəsidir ki, indi o, məhkəmədə ittiham olunan yox, ittiham edən hakimləri mühakimə edəcək vəziyyət görüntüsü yaradıb. İlk məhkəmə iclasından sonra vəkili Elton Quliyevdən soruşulanda ki, Seymuru məhkəmədə müdafiə etmək çətin olmadı ki? Elton müəllim, dedi ki, Seymur heç imkan verir ki, mən (vəkil) danışım. Məhkəmə zalındakı hakimlər Seymurun hazırlığı və məntiqi qarşısında çaşqın vəziyyətə düşüblər. Təəcüblərini və pərtliklərini də gizlədə bilməyiblər. Seymur indiyə qədər bütün sınaqlardan üzüağ çıxdığı kimi, inanıram ki, bundan sonrakı fəaliyyəti ancaq ona uğur gətirəcək. Tam inamla deyirəm: Onun intellektual hazırlığı imkan verir ki, onun məhkəmələrdəki edəcəyi çıxışlar müasir gəncliyin manifestinə çevrilsin.
Onun yaradıcı və şəxsi məziyyətləri onu dərindən tanıyanlarda müxtəlif izlər qoyub. Mən o şəxslərdən sayılıram ki, onu müxtəlif bucaqlardan tanıya və qiymətləndirə bilmişəm. Bizim yaxşı dostluq münasibətlərimiz var idi. Biz istənilən mövzuda onunla çox rahat, istədiyimiz vaxt isə mübahisə edərək də danışa bilirdik. Arada isə bəzi mübahisələrimizin “toz qoparmasına” özümüz süni rəvac verirdik ki, daha dərindən açılaq və mübahisənin doğurduğu həqiqətə yaxınlaşaq. O da bu mübahisələri çox ustalıqla və yüksək mədəniyyətlə edirdi. Məncə bizim hər ikimiz bu mübahisələrdən zövq alırdıq. Seymur doğrudan da “baqajlı” insandır. Onunla neçə aylar idi ki, inkişaf etmiş ölkələrdə müxtəlif siyasi partiyaların və sonradan iqtidar partiyası olmuş təşkilatların konsepsiyaları və platformaları ilə bir daha yaxından tanış olurduq. Bu sənədlər üzərində saatlarla müzakirələr aparır və biri-birimizə öz fikirlərimizin doğru olduğunu inandırmağa çalışırdıq. Azərbaycan reallığında bunun üstünlükləri və çatışmazlığı kimi detalları belə dərinliyi ilə biri-birimizə izah etməyə çalışırdıq. Aylardır davam edən bu cür mübadilə imkanları bizim birgə baxışlarımızı uzlaşdırır və effektiv dialoq mühiti formalaşdırırdı. Maraqlıdır ki, belə saatlarla davam edən bu söhbətlər şəhərdən nisbətən sakit və uzaq olan dəniz kənarında baş tuturdu. Seymurun bu həbsi bizim üzərində işləyəcəyimiz bu platformanı yekunlaşdırmağımıza imkan vermədi. Amma inanıram ki, Seymurun həbsi ilə bağlı dialoq mühitinə verdiyimiz taum-aut bu sənədi sonradan daha da təkmil edəcəyimizə vəsilə olacaq. Çünki, bizim hər ikimiz həbslərə və dara çəkildiyimiz sınaqlara sadəcə böhran və ya depressiya kimi baxmırıq. Biz böhranı üstünlüyə və geniş imkana çevirmək kimi iddiayaya sahibik.


