Əliyev Türkiyəyə təşəkkür etdi FOTO

“Ermənistan və dünya erməniləri beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç birinin tarixi əsası yoxdur, yalandır, böhtandır. Biz birgə səylərlə və yaxın ölkələrlə birlikdə erməni yalanını bundan sonra da ifşa edəcəyik”. 

Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib. 

İlham Əliyev Türkiyə dövlətinə Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə görə öz minnətdarlığımı bildirib. O, qeyd edib ki, Türkiyə bütün dövrlərdə olduğu kimi bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparıb və daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olub. 

İlham Əliyev daha sonra Dağlıq Qarabağ münaqişəsinin bölgə üçün ən böyük təhdid olduğunu da vurğulayıb. 

 

***

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə çıxış ediblər. İlham Əliyev R.T.Ərdoğana “Heydər Əliyev” ordeni təqdim edib.

***

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib. Bakının beynəlxalq aeroportunda ali qonağı və xanımı Əminə Ərdoğanı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbəri AzərTAc yayıb.

60 yaşlı Rəcəb Teyyub Ərdoğan prezident postuna bu il avqustun 10-da seçilib. O, siyasətlə 1976-cı ildən məşğul olur. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 2003-cü ildən ötən həftəyədək baş nazir və Ədalət və İnkişaf Partiyasının sədri olub.