NATO-da kritik Azərbaycan müzakirələri

Kerrinin vasitəçiliyi ilə Əliyev Sarkisyan görüşü nə vəd edir?

Vəfa Quluzadə: «ABŞ Qarabağ probleminin həllini öz prioriteti elan edirsə, münaqişə tezliklə həllini tapacaq»

Sentyabrın 4-5-də Uelsdə (Böyük Britaniya) keçiriləcək NATO sammitinin proqramı açıqlanıb. Sammitdə ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və daha 60 ölkənin liderlərinin, nazirlərinin iştirakı gözlənilir. Tədbir çərçivəsində bundan başqa müttəfiq ölkələrin dövlət və hökumət rəhbərləri ISAF iştirakçıları da daxil olmaqla, 27 tərəfdaş dövlət, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Bosniya və Herseqovina, Monteneqro və digər dövlətlərin rəsmiləri ilə görüşəcəklər.

NATO müdafiə nazirlərinin 24 ölkədən olan tərəfdaş dövlətlərin təmsilçiləri ilə görüşdə Azərbaycan da iştirak edəcək. Sentyabrın 5-də isə NATO müdafiə nazirləri Avropa İttifaqının ali nümayəndsəi Ketrin Eşton, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla məsləhətləşmələr aparacaqlar. Bəzi müşahidəçilər hesab edir ki, bu tədbirdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mühüm müzakirələr də aparılacaq. Eyni zamanda yayılan məlumatlara görə, NATO-nun tədbirində ABŞ-ın dövlət katibi Kerrinin təşəbbüsü ilə Azərbaycanla Ermənistan dövlət başçılarının görüşü keçiriləcək. Rusiyanın Qarabağla bağlı danışıqlar prosesini nəzarəti altında saxlamağa çalışdığı bir zamanda ABŞ-dan belə bir addımın atılması heç şübhəsiz Kreml tərəfindən birmənalı dəyərləndirilməyəcək.

Vəfa Quluzadə: «Əgər ABŞ Qarabağ probleminin həllini öz prioriteti elan edirsə münaqişə tezliklə həllini tapacaqdır»

Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Ukraynaya hücum etməsi, Krımı özünü birləşdirməsi Qərbi «yuxudan» oyatdı və Qərb anladı ki, artıq Rusiyaya yanaşmada fərqli siyasət yürütmək lazımdır. Kremlin yürütdüyü aqressiv siyasətdən irəli gələrək NATO-nun Rusiya ətrafında mövqelərini gücləndirdiyini deyən V.Quluzadə qeyd etdi ki, NATO Rusiya ilə hazırda həm əsgəri, həm də sərt siyasət müharibəsi aparır: «Baş verənlərin Azərbaycana böyük xeyri var. Çünki artıq ABŞ anlayır ki, Qarabağ münaqişəsini hazırkı durumda saxlamaq olmaz. Qarabağ problemi hökman həll olunmalıdır. Çünki Qarabağ münaqişəsi Putinin əlində bir qumbaradır. O, istədiyi zaman onu işə sala bilər. Rusiyanın bu hərəkəti isə daha çox Qərbin maraqlarına toxunacaq. Ona görə əgər ABŞ Qarabağ probleminin həllini öz prioriteti elan edirsə münaqişə tezliklə həllini tapacaqdır. Kerrinin rəhbərliyi altında Azərbaycan və Ermənistan dövlət başçılarının Uelsdəki görüşü uğur vəd edir. Ən azı bu görüşdə Ermənistan anlayacaq ki, dünyada gedən proseslərdə udan və uduzan tərəf hansılardır. Heç şübhəsiz Ermənistan udanın tərəfində olacaqdır».

Poroşenko ilə Putinin atəşkəs barədə danışmasının bir çox mətləblərə aydınlıq gətirdiyini deyənV.Quluzadə vurğuladı ki, Putin bununla etiraf edir ki, Ukraynanın şərqindəki proseslərə rəhbərlik edir. Hazırda regionda cərəyan edən proseslərin fonunda Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın təşəbbüsünə Rusiyanın sərt reaksiya verə biləcəyini düşünməyən politoloq hesab edir ki, Putinin Poroşenko ilə razılığa getməsinin səbəbi növbəti sanksiyalardan ehtiyat etməsidir: «Qərb növbəti sanksiyalara keçəcəyi təqdirdə Rusiyanın qısa müddət ərzində çöküşü qaçılmazdır. Qərb bunu istəmir. Neftin dünya bazarında qiyməti durmadan aşağı düşür. Rublun dəyəri durmadan azalır. Ona görə Kremlin siyasətində ciddi dəyişiklik etməsindən başqa yolu yoxdur».

Xəyal