«Korrupsiya yüksək olan yerdə narkobiznesə qalib gəlmək olmaz»
Maykl Braun: «Korrupsiya yoxdursa, narkotikin daşınması, əldə olunan gəlirlərin banklar vasitəsilə yuyulması və s. əməliyyatları həyata keçirmək mümkün olmayacaq»
Iyulun əvvəlində Gürcüstan hakimiyyəti Azərbaycandan bu ölkəyə daşınan 2,79 ton maye heroin aşkar etdi. Gürcüstan Xarici Işlər Nazirliyinin bu haqda yaydığı məlumatda bildirilirdi ki, 400 milyon dollar dəyərində yük “Taliban” hərəkatına məxsus olub və Avropaya göndərilirmiş.
Gürcüstan tərəfi bu yüklə bağlı iki vətəndaşını həbs edib. Azərbaycan rəsmiləri isə bu məsələ haqda uzun müddət susdu. Hüquq-mühafizə orqanları belə böyük həcmdə narkotik maddənin Azərbaycan ərazisindən necə keçirildiyi haqda sualı cavabsız qoydu.
Beynəlxalq narkobiznesə qarşı mübarizə üzrə mütəxəssis Maykl Braun “Turan” agentliyinin əməkdaşı ilə söhbətində bu vəziyyəti şərh edib. Qeyd edək ki, Maykl Braun ABŞ Ədliyyə Nazirliyi yanında Narkotiklərlə Mübarizə Agentliyinin operativ bölməsinin rəhbəri olub.
Maykl Braun hesab edir ki, Qafqaz regionu narkotik maddələrin daşınması üzrə iri beynəlxalq qovşaq olaraq qalır. Sözügedən hadisə də bundan xəbər verir.
Dünya heroininin 90 faizdən çoxunun Əfqanıstanda istehsal olunub Avropaya getdiyini deyən mütəxəssis onu da qeyd edir ki, yüz illərdir Qafqazdan ticarət yolları mövcuddur və bu marşrutla narkotik maddə də daşınır.
“Qəribədir ki, Azərbaycanda belə böyük həcmli daşınmaya diqqət yetirməyiblər. Əgər bu, hüquq-mühafizə orqanlarının səmərəsiz işinin nəticəsidirsə, deməli, bunun səbəbi korrupsiyadır”, – deyə Braun bildirib.
O həmçinin qeyd edib ki, qlobal narkosindikatlar öz yüklərini hakimiyyətin ələ keçirməsindən qorunmaq üçün nəhəng məsrəflərə gedirlər. Onlar korrupsiya amilindən, zorakılıq, kommunikasiyanın yeni vasitələrindən istifadə edirlər. Odur ki, təhlükəsizlik qüvvələrinin bu cür yükləri aşkar etməsi elə də asan olmur.
Belə bir vəziyyətdə ortaya sual çıxır: əgər “Taliban” tonlarla heroin istehsal edib bir neçə sərhədi keçməklə min kilometrlərlə uzağa göndərə və ya onu kriminal sindikata sata bilirsə, o, daha nəyə qadirdir?
Maykl Braun deyir ki, trans-milli mütəşəkkil qruplar və qlobal terror şəbəkəsi böyük həcmdə qaçaqmalın hər yerdə nəqli üçün yaxşı hazırlanıb. Buna nümunə olaraq, Cənubi Amerikada kokain istehsalını və onun bir neçə sərhədi keçərək ABŞ-a daşınmasını, həmçinin Venesueladan okean vasitəsilə Afrikaya, sonra Avropaya, Çinə, Rusiyaya daşınmasını misal göstərir: “Bu zaman tamamilə fantastik metodlardan istifadə etmək olar. Məsələn, bir dəfəyə 8 tona yaxın yük daşıyan sualtı qayıqlar var. Dünyada iri kokain istehsalçısı olan, ABŞ və Avropa Ittifaqı tərəfindən ciddi terror təşkilatı kimi tanınan FARK (Kolumbiya inqilabi qüvvələri) bundan istifadə edir”.
Braun qeyd edir ki, terrorizm və trans-milli kriminala qarşı mübarizə çox ağır işdir və bütün qaçaqmalı tutmaq mümkün deyil. Lakin bütün ölkələrin vətəndaşları öz hökumətlərindən bu hallara qarşı effektiv iş tələb etmək, günahkarların cəzalandırılmasını tələb etmək hüququ var: “Məlumdur ki, heç bir ölkə bu cür hallara qarşı təkbaşına mübarizə apara bilməz. Bu məsələdə beynəlxalq əməkdaşlıq mütləq vacibdir”.
Konkret Azərbaycandan Gürcüstana keçirilən 3 ton heroinə gəlincə, mütəxəssis bildirib ki, bu, “Taliban”ın beynəlxalq bazara çıxardığı narkoməhsulun bir hissəsidir: “Məlumdur ki, taliblərin bu biznesdən gəlirləri daim artır. Narkoticarətdən gələn gəlir taliblərin saxlanması üçün mühüm resursdur”.
BMT-nin son hesabatlarına görə, Azərbaycanda müsadirə edilən narkotik vasitələrin həcmi daim artır. STRATFOR Mərkəzinin məlumatına görə, Əfqanıstan narkotraffikinin 40 faizi Irana, sonra Azərbaycana gedir. Bu problemə qarşı mübarizənin təşkili barədə danışan Braun bildirib ki, Iranda heroinə tələbat adambaşı baxımından dünyada ən yüksək göstəricilərdən biridir. Sonra Rusiya gəlir. Ona görə də bu məsələdə səyləri koordinasiya etmək lazımdır.
“Təəccüblü deyil ki, narkotik maddələrin istehsal olunduğu və daşındığı regionlar yüksək səviyyədə korrupsiyaya malik ölkələrdir. Narkosindikatlar dövlət məmurlarının, hökumət üzvlərinin və özəl biznesmenlərin ələ alınması üçün hər il milyonlarla dollar vəsait xərcləyirlər. Korrupsiya təkcə narkotik maddələrin daşınmasına yox, həm də əldə olunan gəlirlərin banklar vasitəsilə yuyulmasına, daşınmaz əmlaka, investisiyalara sahib olmağa kömək edir. Odur ki, ictimaiyyət bir sadə həqiqəti başa düşməlidir: əgər korrupsiya yoxdursa bütün bu əməliyyatları həyata keçirmək mümkün olmayacaq”, – deyə Braun vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bu istiqamətdə əhalini maarifləndirmək, onlara narkotik maddələrin zərərini başa salmaq da çox vacibdir.
Ekspert Azərbaycan hökumətinin narkotiklərə qarşı mübarizə sahəsindəki siyasətini, bu sahədə ABŞ-la əməkdaşlığı haqda sualı isə belə cavablandırıb: “Narkobiznesə Qarşı Mübarizə Agentliyində xidmət zamanı Mərkəzi Amerika ölkələrinin bir neçə prezidenti ilə görüşmüşdüm. Mənə həmişə deyirdilər ki, əgər ABŞ-da narkotik maddədən istifadə olunmasa, Cənubi Amerika kokain istehsal etməz və ABŞ-da narkoman olmaz. Bu prezidentlərin mövqeyi ondan ibarət idi ki, onlar tranzit yolundadır və onlardan çox az şey asılıdır.
Hər dəfə mən onlara xatırladırdım ki, əslində, vəziyyət başqadır. Tranzit ölkələri də geniş narkomanlığa məruz qalır. Niyə? Çünki böyük vəsaitlərə sahib olan narkokartellər öz işlərinə mümkün qədər daha çox adam cəlb edirlər, onları girova, narkotik maddə istifadəçisinə çevirirlər. Böyük pullar istənilən qapını açmağa, çoxlarını ələ almağa imkan verir ki, bu da yeni bazarlar açmaq deməkdir. Narkobiznes milli təhlükəsizliyə qorxu yaradır, çünki mütəşəkkil cinayətkarlıq zəifləmiş və korrupsiyaya uğramış hakimiyyətə daha çox təsir göstərə bilər, onu özünün maraqları çərçivəsində hərəkət etməyə məcbur edər. Bunun da nəticəsi dövlətçiliyin qismən və ya əhəmiyyətli dərəcədə itirilməsidir”.
Maykl Braun Azərbaycanda hakimiyyətin jurnalistləri, hüquq-müdafiəçilərini, fəalları narkotik maddə alverçisi kimi həbs edərək, narkotiklərə qarşı mübarizə görüntüsü yaratması haqda da danışıb. O bildirib ki, hökumətin edə biləcəyi ən əsas və yeganə iş korrupsiyadan azad məhkəmə sisteminə, polis, prokuror və həbsxana administrasiyasına malik olmaqdır: “Əgər bu mürəkkəb sistemin bir hissəsi zədələnibsə, bütün məhkəmə prosesi uçuruma məhkumdur”.
Azərbaycan hakimiyyəti daim bəyan edir ki, işğal altında olan Dağlıq Qarabağdan narkotraffik məqsədilə istifadə olunur. Maykl Braun da deyib ki, Dağlıq Qarabağ idarə olunmayan məkana klassik nümunədir: “Trans-milli sindikatlar, terrorçular və mütəşəkkil cinayətkarlıq hər zaman belə ərazilərə daxil olmağa və orada möhkəmlənməyə can atırlar. Sərfəli coğrafi məkan və nəzarətin olmaması cəzasız hərəkət etməyə imkan verir. Qanunsuz şəbəkələr kommersiya strukturlarını yaratmağa başlayırlar ki, bunların da vasitəsilə, korrupsiya və zorakılığın sayəsində leqallaşırlar. Bundan sonra yerli hakimiyyətlər həmin mütəşəkkil cinayətkarlığı, narkobiznes şəbəkələrini və terrorçu qrupları öz nəzarətinə götürə bilmir.
Maraqlıdır ki, bir çox belə yerlərdə həmin strukturlar eyni zamanda, həm mütəşəkkil cinayətkar, terrorçu, həm da üsyançı rolunda çıxış edir. Bütün bunlar hakimiyyətin, bəzən isə dövlətin özünün kriminallaşmasına yol açır ki, bu da onun zəifləməsinə, deqradasiyaya uğramasına gətirib çıxarır”.