Elxan Şahinoğlu: «Bu üzdən o, Azərbaycandakı tərəfdarlarının tez təslim olmasını istəmir»
“Hizmət” hərəkatının lideri Fəthullah Gülənin son açıqlaması bir sıra aspektlərdən maraq kəsb edir. Gülən bu həftəki söhbətində Azərbaycandan da bəhs edib. Ən maraqlısı isə o, söhbət daxilində 90-cı illərdə Azərbaycanda yaranmış vəziyyətləri də yada salıb və onların vasitəsilə ölkəmizdə məktəblərin açılmasından söz açıb.
“Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə oraya getmişdilər. Bizimkilər ”Işğal edildik” deyə mənə zəng etdilər, dedim ki, “təhlükəli bir gündə, ölmək lazım olan bir gündə onları tərk edib gəlsəniz, gələcəkdə sizə inanmazlar. Onlar bizim qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”. Və ayrılmayıb orada oldular. O məktəblər orada bu şəkildə quruldu və bu sözün də bu işin də şahidi olan dostların da əksəriyyəti bu gün həyatdadır” – deyə Fəthullah Gülən söhbətində vurğulayıb.
F.Gülənin açıqlamasının nə məqsəd daşıdığı və hazırda tarixə bu cür “ekskursun” nəyə xidmət etdiyi sual doğurur? Xüsusilə bu bəyanatın Ərdoğanın Bakı səfəri ərəfəsində verilməsi təsadüfi dəyərləndirilmir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, Gülənin bu bəyanatı daha çox Azərbaycanı şantaja bənzəyir. Ərdoğanın bir vaxtlar ölkə müxalifətindən daha çox Gülən hərəkətindən ehtiyat etdiyini deyən E.Şahinoğlu hesab edir ki, Ərdoğan Gülən hərəkatını Türkiyədə tam bitirdikdən sonra, onun xaricdəki dayaqlarını hədəfə alacaq: “Gülənin ən böyük dayaqlarından biri Azərbaycandadır. Amma Azərbaycan hökuməti Gülənlə bağlı olan məktəbləri qapadı, bir sıra rəsmiləri işdən uzaqlaşdırdı. Ərdoğanın Bakı səfəri zamanı o Azərbaycan tərəfi ilə bu istiqamətdə danışıqlar aparacaq. Hətta Azərbaycandan bir hesabat xarakterli çıxış da istənilə bilər”.
Hazırda Gülənin mövqelərinin xeyli zəiflədiyini deyən ekspert qeyd etdi ki, Türkiyə hakimiyyəti xeyli sayda Gülən tərəfdarını neytrallaşdırıb. Hazırda da bu istiqamətdə mübarizə davam edir. “Gülən Azərbaycandakı tərəfdarlarının tez təslim olmasını istəmir. Bəlkə də onun ümidi var ki, bağlanan məktəblər başqa bir formada fəaliyyətlərini davam etdirəcəklər. Çünki Gülən Azərbaycandakı məktəblərin qapanmasına mənfi fikir söyləməyib. Bu isə onun Azərbaycan hakimiyyəti ilə əlaqələri pozmaq niyyətində olmamasını göstərir”.
Xəyal