Baş konsul iş adamlarından narazılıq etdi

Həsən Zeynalov: «Bəziləri diplomatik nümayəndəliklərin adı gələndə xof içində onlardan uzaqlaşmağa çalışır»

Azərbaycanın Istanbul şəhərindəki baş konsulu Həsən Zeynalov Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından narazılıq edib. O, APA-ya müsahibəsində deyib ki, iş adamlarının bəziləri kosulluqla əməkdaşlıq etməkdən yayınır:  

“Bizimlə səmimi münasibətlərdə olan, dəvətlərimizi qəbul edərək tədbirlərimizdə, toplantılarımızda yaxından iştirak edən, matəm və əlamətdar günlərimizdə bizimlə bərabər olan çoxlu şirkətlərimiz və iş adamlarımız var. Amma təəssüf ki, bəzi insanlarımız hələ də ”köhnə psixologiya” ilə, stereotiplərlə yaşayır və xarici ölkələrdəki diplomatik nümayəndəliklərin adı gələndə xof içində onlardan uzaqlaşmağa çalışır. Biz onlarla işləyərək, yaxınlaşaraq onlara dəstək ola biləcəyimizi aşılamağa çalışsaq da, bu, həmişə gözlənilən effekti vermir…

Səmimi etiraf edim ki, harada işləməyimdən, hansı ölkədə olmağımdan asılı olmayaraq, hər zaman azərbaycanlı iş adamlarının, onların şirkətlərinin uğurlu və güclü olmasını istəmişəm. Bunun üçün onların öz aralarında da əlaqələrinin, şəbəkə və birliklərinin olması vacib şərtlərdəndir. Lakin əfsuslar olsun ki, bu anlamda vəziyyət hələ də o qədər ürəkaçan deyil və iş adamlarımızın real olaraq təşkilatlanması prosesi olduqca zəif gedir. Türkiyədəki Azərbaycanlı Iş Adamları Birliyinin yaranmasından xeyli müddət ötməsinə baxmayaraq, birlik hələ də iş adamlarımızı öz ətrafında toplaya biləcək işlək mexanizm təklif edə bilməyib. Bizdən tez-tez soruşurlar ki, bu qurum nə işlə məşğuldur, fəaliyyəti varmı, baş konsulluqla əlaqələri hansı səviyyədədir?”