Azərbaycan hökuməti isə əks bəyanatlar verir
Fuad Qəhrəmanlı: «Hakimiyyət çalışır ki, belə görüşlərdən istifadə edərək, yalançı təəssüratlar yaratsın»
Ermənistan prezidenti Serj Sərkisyan bugünlərdə verdiyi açıqlamada bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda 2011-ci ildən bu yana heç bir irəliləyiş yoxdur.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2011-ci ildə Kazanda keçirilmiş görüşündən sonra danışıqlar masasındakı sənədə heç bir düzəliş və ya əlavə edilməyib: “Bizim məqsədimiz odur ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil şəkildə müəyyən etməsi hüququnu tanısın. Bizim başqa vəzifəmiz yoxdur, biz istəyirik ki, bu, yeni qurbanlar vermədən sülh yoluyla baş versin. Deməliyəm ki, danışıqlar prosesində proqress görmürəm, ancaq danışıqlar davam edir”.
Amma Soçi görüşündən sonra Azərbaycan tərəfi Prezident Administrasiyası səviyyəsində bu görüşü müsbət qiymətləndirərək, müəyyən irəliləyiş əldə olunduğunu bəyan etmişdi. Görəsən, nədən eyni görüşlər, danışıqlarla bağlı belə ziddiyyətli açıqlamalar meydana çıxır?
Politoloq Fuad Qəhrəmanlı deyir ki, məsələyə tərəflərin fərqli yanaşması ermənilər üçün “status-kvo”nun qalmasının daha sərfəli olduğunu göstərir. Buna görə də Ermənistan hakimiyyəti cəmiyyətin tənqidilə üzləşmir: “Azərbaycan hakimiyyəti isə uzun illərdir cəmiyyətin qınağına məruz qalır və ”lazım gəlsə, torpaqları azad edəcəyi” fikri artıq qeyri-ciddi qəbul edilir. Buna görə də hakimiyyət bu cür görüşlərdə Qarabağ probleminin həlli istiqamətində hansısa nəticələr əldə etdiyi təəssüratı yaradır. 20 ildən artıqdır davam edən Əliyevlər hakimiyyəti dövründə Qarabağ probleminin həlli yönündə uğur əldə olunmur və cəmiyyətin hakimiyyətə qarşı total inamsızlığı var. Bunun qarşılığında hakimiyyət çalışır ki, belə görüşlərdən istifadə edərək, yalançı təəssüratlar yaratsın. Ortada heç bir real nəticə və dəyişiklik yoxdur. Ona görə də Azərbaycan tərəfinin təbliğatları daxili auditoriyaya hesablanıb. Yəni, burda söhbət hakimiyyətin Qarabağ probleminin həlli istiqamətində hansısa səylər göstərməsi təəssüratının formalaşdırılmasından gedir”.
Informasiya şöbəsi