Rus desantlar tutuldu VİDEO

Ukraynanın şərqində Rusiya hərbçilərindən ibarət qrup zərərsizləşdirilib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, avqustun 24-də Donetsk vilayətində, Rusiya sərhədindən təxminən 20 kilometr aralıda yerləşən Zerkalnoe qəsəbəsində Rusiya Hava Desant qoşunlarının 90-ci diviziyasının 10 hərbi qulluqçusu ələ keçirilib.

Sorğu-sual nəticəsində məlum olub ki, bir həftə əvvəl 350-400 nəfərdən ibarət qrup, 30-a yaxın hərbi maşın, 18 artilleriya qurğusu eşalonla Ukrayna sərhədində yerləşən Rostov na Donu vilayətinə göndərilib. Rusiyalı hərbi əsirlər prezident Putini Ukraynaya qoşun göndərməyi dayandırmağa çağırıblar. Rusiya hökuməti desantları Ukraynaya göndərərkən onlara yalan məlumatlar verib. Belə ki, saxlanılanlardan biri sosial şəbəkələrdən birində ona məxsus hesabında “ezamiyyətə” getdiyini yazıb. Digər saxlanılan əsir Smirnov da ona ancaq qarşıdakı təlimlər barədə məlumat verildiyini deyib.

Digər əsir Milçakov isə etiraf edib ki, əgər onun iradəsindən asılı olsaydı Ukrayna torpaqlarına girməzdi: “Mən hesab edirəm ki, Ukrayna müstəqil ölkədir. Əgər orada nə isə problem varsa, qoy onlar öz daxilində həll etsinlər”. Desant həmçinin əlavə edib ki, onları Ukraynaya göndərəndə orada olmaqlarının məqsədini açıqlamayıblar: “Heç nə demədilər, bildirdilər ki, 70 kilometrlik bir marş həyata keçirəcəyik”. Əsir serjant Qeneralov bildirib ki, rusiyalı hərbçilər ümumiyyətlə Ukraynada nə etdiklərini bilmirlər və Rusiya mətbuatı bu ölkədəki situasiya ilə bağlı çoxlu yalan informasiyalar yazır.

Qeneralov həmçinin Rusiya hökumətinə müraciət edib və cavanları Ukraynaya göndərməməyə çağırıb: “Dayanın, lazım deyil. Niyə? Bu, bizim müharibə deyil. Əgər biz burada olmsaydıq, heç nə də olmayacaqdı”.

Nazirliyin açıqlamasında bildirilir ki, saxlanılan Rusiya hərbçilərinin üzərində hansı ölkəyə məxsus olduğunu bildirən işarə olmayıb.