Indi çoxları epistolyar janrın unudulub, yox olub getməsindən gileylənir.
Əksəriyyət hesab edir ki, məktub romantikası artıq arxada qalıb və bunun başlıca səbəbi internetdir.
Tam haqlı arqumentdirmi? Çətin ki, belə olsun. Ona qalsa hələ ötən yüzilin ortalarında Sveyq də epistolyar janrın unudulmasından bəhs edirdi. Hansı ki, həmin vaxt internet hətta təsəvvürlərdə yox idi.
Amma şübhəsiz ki, elektron yazışmalar ənənəvi məktublaşmaları əvəz etmir. Təkcə ona görə yox ki, qələm və kağızın mistikası başqadır. Qətiyyən.
Artıq bizim uzaq uşaqlıq xatirələrinə çevrilən gülərüz bir poçtalyon qadın, nurlu bir poçtalyon kişi belə, o məktublara əlavə rəng, hiss, doğmalıq qatırdı.
Ümumiyyətlə isə bizdə epistolyar janrın parlaq nümunələrindən danışmaq nə qədər doğrudur? Ictimai, siyasi, ədəbi fikrimizdə Çexovun, Bayronun, Vulfun, Jan Jak Russo və ya Hötenin məktubları qədər əhəmiyyətli örnəklər nə qədərdir? Əlbəttə, istisnalar var, məsələn, Mirzə Fətəlinin, Mirzə Cəlilin məktubları kimi, amma bu, ümumi qaydanı, geniş mənzərəni dəyişirmi?
Viktor Hüqonun sevdiyi aktrisa Culyettaya məktublarını xatırlayın. O məktublardakı sevgi izharları qədər, intellektualizm, ictimailik insanın beynində və qəlbində necə qığılcımlar yaratmaq gücündədir.
Deyəcəksiniz ki, ölkədə repressiyaların amansız dalğası baş alıb gedərkən, bu vurhavur, tuthatut, ashaas, kəshakəsdə oturub epistolyar janr haqqında moizə oxumağın yeridirmi?
Məsələ burasındadır ki, yuxarıdakı sətirlərin yazılmasına vəsilə olan səbəb elə bu repressiv günlərlə birbaşa bağlıdır. Söhbət Leyla Yunusun məhbəs məktublarından gedir. O bu məktubları ilk baxışda məhbəsdən məhbəsə – həbsdə olan ömür-gün yoldaşı Arif bəyə yazır (niyə ilk baxışda? – buna bir qədər sonra aydınlıq gətirəcəyəm).
Bu məktublarda üzüntü də var, ümid də.
Hiss də var, həyəcan da.
Şəxsi duyğuların ifadəsi də var, ictimai ağrıların əksi də.
Mən əminəm ki, Leyla xanımın və onun 36 illik həyat yoldaşının başı üzərindəki bu qara buludların dağılacağı gün gələcək. Hazırkı çətin, məşəqqətli günlər kədərli, eyni zamanda qürurverici bir xatirəyə çevriləcək.
Həmin məhbəs məktubları isə bizim indi yaşadığımız məşəqqətli, məhrumiyyətlərlə dolu günlərin, hüquq və azadlıqlar, ədalət və demokratiya naminə aparılan mübarizənin şahidi kimi tarix kitablarına işıq tutacaq.
O kitabları oxuyanların, vərəqləyənlərin bu günlərin ağrılarını, iztirablarını, məhrumiyyətlərini daha yaxşı anlamalarına, işıqlı, ləyaqətli insanların başına gətirilənləri bütün çılpaqlığı ilə görüb dərk etmələrinə vəsilə olacaq.
Əlbəttə, könül istərdi ki, nə Leyla xanıma məhbəs yolu görünəydi, nə də həmin məhbəs məktubları yazılmış olaydı.
Amma bir halda ki, bu baş verib, kimsə unutmasın: o məktubların dəyəri və anlamı illər keçdikcə daha yaxşı anlaşılacaqdır. O məktublar demokratiya ədəbiyyatının qiymətli mətnləri kimi oxunacaq, lap vicdan məhbuslarımızın Əliyevlər rejiminin sifarişli məhkəmələrindəki çıxışları, “son sözlər”i kimi!..
Biz Leyla xanımın məktublarının əsl ünvanını da bilirik.
Təbii ki, onlar yalnız Arif bəyə yazılmır. Yuxarıda da yazdığım kimi, bu, yalnız ilk baxışda belədir.
O məktubların bəlkə də əsl ünvanı gələcəkdir, aydın və azad gələcək.
Və Leyla xanımın həmin məktublarının əsl ünvanına çatacağından da əsla şübhə olmasın.
Baxmayaraq ki, bu sadə həqiqəti ən yaxşı elə onun özünün bildiyinə şübhəm yoxdur.