Azər Əsgərov həbsindən danışdı

Bunlar hamısı əvvəlcədən quraşdırılmışdı və məni qorxutmaq cəhdi idi

Ötən gün  AXCP-nin partladılmış qərargahının sahibi Azər Əsgərov  Nərimanov məhkəməsi tərəfindən 200 manat cərimələndi. 

Qeyd edək ki, “Azadlıq”a verilən məlumatda bildirilmişdi ki, Azər Əsgərovun işinə Məzahir Sadıqov adlı hakim baxıb. Əməkdaşımız bu şəxslə əlaqə saxladıqda isə, o bildirib ki, jurnalistin hakimə zəng etməsi və məlumat almaq istəməsi düzgün deyil. Eyni zamanda Azər Əsgərovun işinə hakimlik etməsini də təkzib etmişdi.

Azər Əsgərov sərbəst buraxıldıqdan sonra baş vüerənlərlə bağlı “Azadlıq”a məlumat verdi və ona qarşı olanların əvvəlcədən planlaşdırıldığını bildirdi: “Bildiyiniz kimi FHN və İcra Hakimiyyəti mənim mülkümü söküblər. Mən də öz hüququmu bərpa etmək üçün məhkəməyə müraciət etmişəm və aylardı ki, buna görə mübarizə aparıram. Aprel ayının 19-da 102 xidmətinə müraciət etmişəm və bildirmişəm ki, mənim obyektimi Kəmaləddin Heydərovla Orucəli Hacıyev partladıb. Yəni, bu xidmətə şikayət etmişəm və işimin araşdırılmasını tələb etmişəm. Ancaq, 4-5 ay keçməsinə baxmayaraq heç bir cavab ala bilmədim. Ona görə də avqustun 23-də yenidən 102 xidmətinə zəng etdim və izahat istədim. Soruşdum ki, siz şikayətə neçə ay ərzində baxırsınız, öz qaydalarınızı mənə başa salın. Telefonda danışan xanım bildirdi ki, sizin şikayətinizi FHN-ə göndərmişik. Mən buna etiraz etdim və bildirdim ki, mənim məktubumu şikayət etdiyim ünvana niyə göndərirsiniz? Bundan sonra həmin xanım mənimlə əsəbi tonda danışdı və dəstəyi asdı. Axşam vaxtı mənim mobil telefonuma zəng gəldi və bildirildi ki, sizin şikayətiniz araşdırılacaq. Daha sonra 18-ci polis bölməsindən Mamed adlı şəxs mənə zəng etdi və bildirdi ki, 102 xidmətinə müraciət etmisiniz,sizin şikayətinizə ədalətli baxılması üçün bizə tapşırıq verilib.  Sonra dedi ki, sabah saat 10-11 arası polis bölməsinə gəlin, şikayətinizə baxaq. Mən də sevindim və polis idarəsinə getdim. Fikirləşdim ki, Mamed adlı şəxsi tapmaq üçün növbətçi hissəyə müraciət edim. Biraz irəliyə getmişdim ki, bir mayor mənə yaxınlaşıb sinəmdən itələdi və dedi ki, sinəni qabağa verib özbaşına niyə gedirsən. Mən də cavab verdim ki, Mamaed adlı şəxsi axtarıram, məni özü dəvət edib. Daha sonra köynəyimin 2 düyməsinin açıq olmasına irad tutdu. Mən də aydınlıq gətirdim ki, ürəyim xəstədir. Bu məqamda başqa polis nəfərləri də gəldi və məni müavinin otağına saldılar. Bildirdilər ki, guya mən onları təhqir etmişəm, dövlətin əleyhinə danışmışam. Sonradan məlum oldu ki, bütün bunlar əvvəlcədən quraşdırılıb və bu bölmədə Mamaed adlı şəxs yoxdur. 1 sutka həmin bölmədə qaldıqdan sonra, səhəri gün məni Nərimanov rayon məhkəməsinə gətirdilər və məhkəmənin qərarı ilə 200 manat cərimələdilər. Mən məhkəmədən tələb etdim ki, həmin yerdə olan görüntü kameraları gətirilsin və mənim söyüş söyməyim təsdiq olunarsa 10 il həbs cəzası almağa da razıyam. Ancaq, mənim istəyim təmin edilmədi. Mən FHN-nin , icra hakimiyyətinin qarşısında aksiya etməmişəmsə, söyüş söyməmişəmsə, polis idarəsinin qarşısında bunu niyə etməliyəm? Bu çox məntiqsiz ittihamdı. Mənə deyirdilər ki, kəskin çıxışlar etmə, yazılar yazma, çıx get buralardan. Mən də dedim ki, mənə dəymiş ziyanı ödəyin, çıxım gedim. Təbii ki, bunlar hamısı məni qorxutmaq cəhdidir. Demək istəyirlər ki, səni istənilən vaxt həbs edəbilərik. Ancaq, mən sona qədər mübarizəmi davam edəcəm və heç nə məni haqqımı tələb etməkdən çəkindirə bilməz”.

Akif

***

24/08/19

AXCP-nin bir neçə ay əvvəl qərargah kimi istifadə etdiyi və partladılaraq sökülən mülkün sahibi Azər Əsgərov saxlanılıb. Bu barədə “Azadlıq” onun yaxınlarından məlumat alıb.

Məlumatda deyilir ki, avqustun 24-ü səhər saatlarında onu Nərimanov rayon 18-ci polis bölməsinə çağırıblar. Azər Əsgərovun bölmədə şikayət ərizəsi var və o, bununla əlaqədar çağırıldığını zənn edib. Lakin bölmədə sürprizlə üzləşib.

Bölmədə onun haqqında İnzibati Xətalar Məcəlləsinin 296 və 310 maddələri (xırda xuliqanlıq və polisə müqavimət) ilə akt tərtib olunub və iş Nərimanov rayon məhkəməsinə göndərilib.

Məhkəmə 16 saylı hüquq məsləhətxanasından vəkil dəvət edib. Amma Azər Əsgərov vəkildən imtina edib.

“Azadliq”a verilən məlumatda deyilirdi ki, işə Məzahir Sadıqov adlı hakim baxıb. Bunu dəqiqləşdirmək üçün əməkdaşımız hakimlə əlaqə saxlayıb. Hakim ona zəng olunduğu üçün etirazını bildirib, qanunun jurnalistə hakimdən açıqlama almağı qadağan etdiyini (?) deyib. Bununla yanaşı, əlavə edib ki, o, belə bir işə baxmayıb.

Azər Əsgərovun nümayəndəsi kimi hüquqşünas Namizəd Səfərov da məhkəməyə gedib, lakin onu Vəkillər Kollegiyasının üzvü olmadığı üçün qəbul etməyiblər.

Məhkəmədəki bəzi mənbələr isə işə avqustun 25-də baxılacağını, Azər Əsgərovun isə bölməyə qaytarıldığını deyib. İş günü olmadığı üçün bölmədən və Daxili İşlər Nazirliyindən hər hansı açıqlama almaq mümkün olmayıb.

Beləliklə, Azər Əsgərovun taleyi qeyri-müəyyən olaraq qalır.