Naxçıvan ziyalıları İlqar Nəsibovla bağlı bəyanat verdi

Naxçıvan ziyalıları Muxtar Respublikada hücuma məruz qalan hüquq müdafiəçisi İlqar Nəsibovla bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Qeyri -Hökumət Təşkilatlarının və  Demokratiyanın İnkişafı Mərkəzinə edilmiş basqın və təşkilatın təsisçisi İlqar Nəsibovun amansızcasına döyülməsi hər bir ölkə vətəndaşı kimi Naxçıvan ziyalılarını da narahat edir. Doğma diyarımızın adıyla yanaşı səslənən bu cür hadisələr  əsrlər boyu intellektual potensialıyla tanınan, ölkəmizin ən mütərəqqi ziyalılarını yetişdirən məmləkətimizin adına ləkə salır.
Naxçıvan ziyalıları hesab edir ki, bu hadisə Azərbaycanda son zamanlar qeyri-hökumət təşkilatı nümayəndələrinə və hüquq müdafiəçilərinə qarşı həyata keçirilən repressiv hərəkətlərin daha barbar forması, tərkib hissəsidir. Leyla Yunus, İntiqam Əliyev və s. ziyalılarımızın qanunsuz həbsiylə başlayan repressiya dalğasının daha amansız şəkildə Naxçıvanda özünü büruzə verməsi təsadüfi deyil. Mürtəce rejim, nə yazıq ki, Naxçıvanı siyasi repressiyaların sınaq labaratoriyasına çevirib. Son zamanların təcrübəsi onu deməyə əsas verir ki, Muxtar Respublikada “uğurla” sınaqdan keçirilmiş metodlar daha sonra ölkənin müxtəlif bölgələrində tətbiq olunur. Eyni hadisələrin bir daha təkraranmaması üçün regional mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını, partiya və ictimai təşkilatlarımızı İlqar Nəsibova qarşı törədilmiş vandalizmi qınamağa, etiraz etməyə çağırırıq. Əks halda sabah hər birimiz İlqar Nəsibovun üzərində sınaqdan çıxarılan vəhşiliyin qurbanı ola bilərik.
Hüquq müdafiəçisini huşunu itirənə qədər döydükdən, bədənin müxtəlif hissələrinə ağır xəsarətlər yetirdikdən sonra ofisində təkbaşına, köməksiz vəziyyətdə buraxılmasını ölümə qəsd  hadisəsi kimi qiymətləndirən Muxtar Respublika ziyalıları yerli mürtəce rejimin bununla vətəndaşlara göz dağı verdiyinə inanır. Sanki bununla demək istənilir ki, nəinki hüququ pozulan sakinlər, hətta onların hüququnu müdafiə edən şəxslər belə Naxçıvanda öz haqqını tələb etmək imkanına malik deyillər.
Bu hadisə hər şeydən əvvəl respublikamızın hüquqi dövlətçilik prinsipinə vurulmuş ən böyük zərbədir. Azərbaycan Konstitusiyasına and içən ölkə rəhbərliyi ali qanunumuzu ayaq altına salıb tapdalayan yerli hakimiyyətin zülmünə laqeyd qalmamalı, hər kəsə görk olsun deyə bütün məsul şəxsləri ağır bir şəkildə cəzalandırmalıdır. İnsan hüquqlarının bu dərəcədə pozulması yalnız şəxsiyyət azadlığına hörmətsizlik deyil, həm də konstitusiyamızın əsas müddəalarını tapdalayan dövləti cinayətdir.
Törədilən bu cinayətin əsas səbəblərindən biri də Muxtar Respublikada cəzasızlıq mühitinin hökm sürməsidir. Bundan əvvəl də bir sıra bənzər cinayətlərə səhnə olan Muxtar Respublikada dövlət gücündən repressiv məsədləri üçün istifadə olunmasının qarşısı vaxtında alınsaydı, indi sözü gedən vəhşilik də baş verməzdi. Xatırladaq ki, bundan əvvəl Turac Zeynalov adlı vətəndaş Naxçıvan MTN-ində vəhşicəsinə döyülərək öldürülmüş, onun yoldaşı müxtəlif təzyiq və alçadıcı vasitələrlə ələ alınmışdır. Daha sonra Naxçıvanın tanınmış ziyalısı, istiqlalçı deputat, milli-azadlıq hərəkatında əzmkar mövqeyi və dəyanətiylə seçilən İbrahim İbrahimli təhqir və fiziki təzyiqlərə məruz qalmışdır. Müxtəlif zamanlarda polis və hüquq mühafizə orqanlarının özbaşınalığıyla qarşılaşan çox sayda vətəndaşımız rejimin ağlasığmaz işgəncələrinin hədəfinə çevrilmişdir. Nə yazıq ki, bu cinayətlərin və insana qarşı törədilmiş vəhşətlərin günahkarları indiyə qədər də heç bir cəzaya layiq görülməmişlər. Nəticədə ölkəmizin ən demokratik düşüncəli diyarı ən repressiv bölgəyə çevrilmişdir.
Naxçıvan ziyalıları hesab edirlər ki, Muxtar Respublikada baş vermiş son vandalizm hadisəsi Azərbaycanda vətəndaş cəmiyyətinə və hüquq müdafiəçilərinə qarşı şüurlu şəkildə aparılan represiya siyasətinin tərkib hissəsidir.
Bütün bunları nəzərə alaraq Azərbaycan hakimiyyətindən və ictimaiyyətindən, eyni zamanda beynəlxalq hüquq təşkilatlarından gözləntilərimizi  bəyan edirik:
1. Vəzifəsindən və ictimai statusundan asılı olmayaraq hər kəs insanlığa düşmən kəsilən, respublikamızın adını bütün dünyada bədnam edən Muxtar Respublika yetkililərinin layiqli cəza almasına çalışmalı, bu istiqamətdə bütün güc və bacarıqlarını səfərbər etməlidirlər.
2. Azərbaycan hüquq-mühafizə orqanları Naxçıvanda baş verən vandalizmə qarşı cinayət işi açmalı, işi araşdıraraq təxirəsalınmaz lazımi tədbirlər görməlidilər.
3. Dünyanın bütün mütərəqqi və demokratik ruhlu ictimaiyyəti, dövlətləri, beynəlxalq təşkilatlar bu hadisələri göz önündə tutmalı, repressiya siyasətini dayandırmaq məqsədiylə Azərbaycan hakimiyyətinə ciddi təzyiqlər göstərməlidirlər.
4. Azərbaycan QHT təşkilatları, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatlarının nümayəndələrində ibarət ictimai-tədqiqat komissiyası yaradılmalı və hadisənin yerində araşdırılması üçün bölgəyə nümayəndə heyəti göndərilməlidir.
5. Son zamanlar həbsə atılan bütün hüquq müdafiəçiləri və siyasi məhbuslar təcili azadlığa buraxılmaılıdırlar”.