Gələcək gəlməyə bilərmi?

Basqıçı, totalitar rejimləri birləşdirən ortaq özəllikləri sadalamaqla bitməz. Bunlardan biri daim qorxu içində olmalarıdır. Qorxduqları üçün qorxudurlar. Idarə etdikləri toplumları yalnız xof içində saxlamaqla var ola biləcəklərini sanırlar.

Başqa bir ortaq özəllikləri daxili və xarici təhlükə mifləri yaratmaq, bu miflərlə öz toplumlarının onlara daha çox itaət etməsinə nail olmaqdır. Guya, onların yoxluğunda toplumun nəsibi göz yaşı, qan, aclıq olacaqdır. Guya, hətta Günəşin doğmasının, yağışın yağmasının, çayların axmasının, bulaqların qaynamasının yeganə səbəbi də onlardır, onların uzaqgörən siyasətidir. Guya, onlar olmasa, bərəkətli torpaqlar otbitirməz səhralara çevriləcəkdir, göllər quruyacaq, bir daha çiçəklər açmayacaq, quşlar uçmayacaqdır. Guya, daxili və xarici düşmənlərin çoxdan hazırladıqları çirkin planlar sayəsində rifah, əmin-amanlıq öz yerini səfalətə, xaosa buraxacaqdır.

Totalitar rejimlərin belə ortaq özəlliklərini çox sadalamaq olar, amma mən indi daha çox onlardan biri haqqında danışmaq istəyirəm. Bu, onların keçmişə duyduqları heyranlıq hissidir. Səbəb sadədir: belə rejimlər bugünkü kimi idarə etmək üçün ən əlverişli zamanın məhz dünən olduğunu fikirləşirlər, gələcəkdə isə onlara ümumiyyətlə, yer olmadıqlarını bilirlər. Ötən hər günün əleyhlərinə işlədiyini və onları qaçılmaz olan bəlli sona, məlum aqibətə yaxınlaşdırdığının fərqindədirlər.

Keçmiş basqıçı, anti-demokratik rejimlərə həm də müqayisə üçün lazımdır. Onlar toplumlarına xırda, gözlə görünməsi belə çətin olan lütfkarlıqlarını böyük nailiyyət, tarixi uğur, irəliyə doğru nəhəng addım kimi təqdim etmək üçün məhz keçmişdən yararlanırlar. Keçmişin qaranlıq səhifələri onlara daim özlərini haqlı, xilaskar, mütərəqqi göstərmək üçün lazımdır. Bəzən isə özlərinin pis əməllərini malalamaq, məsuliyyətlərini azaltmaq üçün keçmişdən daha dəhşətli örnək gətirmək lazım gəlir. Məsələn, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Somada 400 nəfərin öldüyü mədən faciəsinin yaratdığı ajiotajı, qəzəbi və üzüntünü azaltmaq üçün 1860-cı illərə qayıtması – 150 il əvvəlin Ingiltərəsində yaşanan dəhşətli mədən qəzasını misal göstərməsi, bununla da belə faciələrin əslində, mədənçiliyin fitrətində olduğunu, belə qəzaları adi qarşılamaq lazım gəldiyini göstərmək istəməsi kimi!

Azərbaycandakı rejim üçün də keçmiş ən sadiq, öz aləmlərində ən etibarlı istinadgahlardan biridir. Məsələn, yaptokratların öz nitqlərində 1992-93-cü illərə tez-tez “tarixi ekskurs” etməsi yalnız ona görə lazımdır ki, insanları bu günlə bağlı hesab soruşmaq niyyətindən əl çəkməyə məcbur etsinlər. Tutaq ki, belə: “Nə korrupsiyabazlıqdır? 92-93-cü illərdə heç gecələr çölə çıxa bilmirdiniz, odur ki, sakitcə oturun, halınıza şükr edin”.

Və ya bu cür: “Yoxsulluq baş alıb gedir? Hə, nə olsun, ona qalsa, 92-93-cü illərdə çörək növbələrini nə tez unutdunuz”.

Üstəlik, yaptokratlar keçmişə istinad edərkən tarixin mahiyyətini, zamanın ruhunu da asanlıqla inkar və təhrif edə bilərlər, məsələn, mifik, folklordan gəlmə bir qəhrəman “yaxşı vətəndaş” elan olunarkən ilk Cümhuriyyəti qurmuş adam haqqında “ermənilərə torpaq satmış” biri kimi danışmaq onların əlində su içimi kimi asandır.

Siz yaptokratların dilindən nə vaxt bəşəri dəyərlər haqqında xoş bir söz eşitmisiniz? Əvəzində onlar köhnəlmiş adət-ənənələr haqqında “milli-mənəvi dəyər” kimi danışır, belə adət-ənənə, düşüncə tərzindən ikiəlli yapışmalı olduğumuzu hər fürsətdə dilə gətirir, nitqlərinə, yazılarına keçmişə həsəd və qibtə ruhu hakim olan kimsələri “ziyalı”, “mütəfəkkir” kimi camaata sırıyırlar. Bu cür adamları dinlədikcə belə məlum olur ki, gələcəkdə yaxşı, müsbət, xoş nəsə baş vermək ehtimalı yerli-dibli yoxdur, yaxşı, gözəl nə varsa, hamısı artıq keçmişdə qalıb. Insanları elə bir vəziyyətə gətiriblər ki, çoxluq yalnız keçmişin nostalgiyası ilə yaşayır, hər günün digərindən daha pis gəldiyinə, bu gedişlə gələcəyin yalnız qaranlıqlardan, təhlükələrdən, faciələrdən, qəzalardan ibarət olacağına inanmaqdadır.

Çünki Azərbaycandakı kimi rejimlər başqa cür var ola bilməzlər, onlar mövcud olmayacaqları gələcəyi yalnız belə yubada biləcəklərini düşünürlər.

Bacaracaqlarmı?

Indiyədək bunu kim bacarıb ki, onlar da bacarsın.