Yaxud, Leyla Yunus həbs olunmaya da bilərdi
Biz hələ də yaşayırıq. Hələ də məntiqin, hüququn, həqiqətin öldürüldüyü ölkədə diri qalmağı bacarırıq. Bəlkə də buna bacarıq demək də düzgün deyil. Daha dəqiq desək, baş verənlərlə barışa-barışa taleyimizdən küsürük.
Yaşadığımız ölkədə haqsız həbslər, bu həbslərin tragikomik əsaslandırılması, vicdanlı adamlara müxtəlif “adlar”ın verilməsi normaya çevrilib.
Bildiyiniz kimi “Vaşinqton Post” qəzetində Leyla və Arif Yunusların həbsinə görə hakimiyyət kəskin tənqid olundu. Qəzetdə bu həbslərin siyasi sifariş olması və hakimiyyətin Yunuslar ailəsindən qisas aldığı vurğulanırdı.
Təbii ki, bu məqalə hakimiyyəti qıcıqlandırmaya bilməzdi. Ona görə də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Vaşinqton Post” qəzetinə məktub göndərərək qəzetin ötən həftə dərc etdiyi, Leyla və Arif Yunuslara görə hakimiyyətin tənqid olunduğu redaksiya məqaləsinə münasibət bildirib.
Elin Süleymanovun məktubunda deyilir: “Leyla və Arif Yunuslara görə ittihamların nə dərəcədə əsaslı olduğunu Azərbaycanın hüquq sistemi müəyyən etməlidir. Əgər aparılan istintaqla bağlı ifadə vermək üçün dəfələrlə göndərilən çağırışlara cavab versəydilər, onların həbsindən qaçmaq mümkün olardı”.
Siz, fövqəladə və slahiyyətli səfirimizin bu həbslərlə bağlı izahatı ilə tanış oldunuz.
Azərbaycanı ABŞ-da təmsil edən adam deyir ki, Leyla Yunus və Arif Yunus vaxtında ifadə verməyə gəlsəydilər, onlar həbs olunmaya da bilərdi.
Təkcə bu açıqlama sübut edir ki, Azərbaycanda hüquq sadəcə ölməyib, həm də tikə-tikə doğranıb.
Səfirin məntiqindən belə çıxır ki, Leyla Yunusa qarşı irəli sürülən “vətənə xəyanət”, “qanunsuz sahibkarlıq”, “vergidən yayınma” və s. ittihamlar gec ifadə verdiyinə görədir.
Görəsən hörmətli səfirimiz Cinayət Məcəlləsinin hansı gözəgörünməz maddələrinə istinad edir ki, bu “fövqəladə” əsaslandırmanı irəli sürür?
Sual meydana çıxır. Leyla Yunus biraz da gec ifadə versəydi, ona qarşı hansı ittihamlar irəli sürüləcəkdi?
Bəlkə, IŞID-ə rəhbərlik etməkdə, Suriyada iğtişaş törətməkdə, Krımın ilhaqında günahlandırılacaqdı. Görünür, hüququn öldüyü ölkədə istintaqa gec ifadə vermək insanın boynuna qətl ittihamı qoyulmasını da zəruri edə bilir.
Elin Süleymanovun məntiqiylə yanaşsaq, gərək bu ölkənin başında duranların hamısı ömürlük həbsə məhkum edilsin.
Çünki, bu adamlar 20 ildən artıqdır ki, xalqa hesabat vermirlər. Milyonluq villaları, holdinqləri, maşınları necə əldə etdikləri barədə ifadələrini almaq mümkün deyil.
Elin müəllimin güvəndiyi hüquq sistemi bu halları niyə müəyyən etmir?
Niyə mandat alverinə, ofşordakı milyardlara, qızıl yataqlarına görə ifadə verilmədi, niyə bu ittihamlara görə də istintaq aparılmadı?
Bu necə hüquqdur ki, 60 yaşlı qadının qarşısında qətiyyətli olduğu halda, məmurların qarşısında məzluma dönür?
Amma Elin Süleymanovun dediklərində bir həqiqət var; həqiqətən də Leyla və Arif Yunusun, Intiqam Əliyevin, Rəsul Cəfərovun həbsindən qaçmaq mümkün olardı. Hətta onlara “Şərəf” və “Şöhrət” ordeni də vermək olardı.
Bu adamlar vicdanlı vətəndaşları yox, korrupsiyanı, yalanı, yaltaqlığı, saxtakarlığı müdafiə etsəydilər, indi “vicdanlı vətəndaş” ola bilərdilər.
Bəlkə də Elin Süleymanovu qınamağa da dəyməz. Çünki, yalanı bir yerə qədər müdafiə etmək olar. Bəlli yerdən sonra isə, arqument sadəcə olmur. Leyla Yunus və digərlərinin həbsi ilə bağlı arqumentlər Bakıda tükənib. Bu məsələ ilə bağlı ABŞ-a arqumentlə getmək mümkün deyil.
Indi bu həbslərlə bağlı ən yaxşı açıqlama “biz zarafat edirdik” ola bilər.
Di gəl ki, bu rejimin yumor hissi də yoxdur.