«The Independent» repressiyalara görə birbaşa Əliyevin məsuliyyət daşıdığını yazır
«Əliyev fəalların həbsləri barədə qərarların qəbulunda şəxsən iştirak edir»
Böyük Britaniyanın dünyaca nüfuzlu nəşrləri Azərbaycandakı repressiyaları diqqətdən kənarda qoymur. “The Guardian”dan sonra “The Independent” də ölkəmizdə son vaxtlar güclənən repressiyalar, o cümlədən hüquq müdafiəçilərinin həbsindən bəhs edən məqalə yayımlayıb.
Əliyev “tənqidsiz mühit” yaratmağa çalışır
“Azadlıq” radiosunun məlumatına görə, “The Independent” son həbslər barədə yazarkən yada salır ki, hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus ötən ay ölkədə azadlıqlar sahəsindəki bərbad vəziyyətə etiraz olaraq, gələn ilin yayında Bakıda keçiriləcək Avropa OLimpiya Oyunlarını boykot etməyə çağırmışdı.
Qəzet yazır ki, bu yaxınlarda Ilham Əliyevin hökumətini tənqid etdiklərinə görə həbs olunmuş Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus “Amnesty International” təşkilatının tərtib etdiyi Azərbaycanda 24 nəfərdən ibarət vicdan məhbusları siyahısına daxil edilib.
Məqalədə deyilir ki, Əliyev qonşu Ermənistanla sərhəddəki vəziyyətdən və Ukraynadakı böhrandan nəhəng idman tədbiri ərəfəsində Azərbaycanda “tənqidsiz mühit” yaratmaq üçün istifadə edir.
Həbsləri İlham Əliyev əmr edir
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının Cənubi Qafqaz üzrə kampaniyaçısı Levan Asatiani “The Independent”ə bildirib ki, insan haqları fəalı Intiqam Əlievin həbsilə Azərbaycandakı vəziyyət son 2ÿhəftədə daha da pisləşib.
Asatiani yerli insan haqları müdafiəçilərinə istinadən deyib ki, Azərbaycan hakimiyyətinin son həbsləri onun Avropa Oyunları ərəfəsində ölkədə “tənqiddən azad” zona yaratmaq və tədbir zamanı hər hansı mümkün etiraz aksiyalarının qarşısını indidən almaq niyyətindən irəli gəlir.
Levan Asatiani beynəlxalq ictimaiyyəti hazırda Avropa Şurasının insan haqları və demokratiyaya cavabdeh olan Nazirlər Komitəsinin rotasiyalı sədri – Azərbaycanın prezidenti Ilham Əliyevin üzərinə təzyiqləri artırmağa çağırıb: “Azərbaycanda hökumətlə əlaqəsi olan az qala, bütün sahələrə birbaşa prezident tərəfindən nəzarət olunur. Ola bilməz ki, insan haqlarına hücumlardan prezidentin xəbəri olmasın. O, çox güman ki, fəalların həbsləri barədə qərarların qəbulunda şəxsən iştirak edir”.
Avropa Oyunları Bakıdan sonra davam edəcəkmi?
Bakıda Avropa Olimpiya Oyunlarıÿ2015-ci il iyunun 12-də başlayıb 17 gün davam edəcək.
Məqalədə deyilir ki, başqa qitələr artıq 60 ildir, öz olimpiadalarını keçirsələr də, Bakı Oyunları Avropanın ilk olimpiadası olacaq və Azərbaycan hökuməti bu tədbirdən özünün beynəlxalq imicini yüksəltmək üçün istifadə etmək niyyətindədir.
O da qeyd olunur ki, Bakıdan sonrakı oyunların keçirilməsi 49 Avropa Olimpiya Komitəsindən heç birinə həvalə olunmayıb.
“Xəzərin Kannı”
Bakıda keçiriləcək tədbirin qlobal televiziya yayını üçün saziş hazırlanacağı gözlənilir.
Avropanın aparıcı idmançılarının yarışlara cəlb olunması üçün bir çox idman növləri üzrə Rioda 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı yaradılacaq.
“The Independent” yazır ki, prezident Əliyev özünün bu sevimli layihəsi üçün milyonlarla funt-sterlinq xərcləyir.
Qəzet onu da qeyd edir ki, neftlə zəngin bu ölkədə insan haqları üzərinə hücumlara görə beynəlxalq tənqidlərin şiddətləndiyi bir vaxtda, Britaniya Olimpiya Assosiasiyasının (British Olympic Association) keçmiş sədri, hazırda isə Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına rəhbər təyin edilmiş Simon Clegg Azərbaycanı “son dərəcə azad cəmiyyət” və “yaşamaq üçün gözəl yer”ÿadlandırıb.
Simon Clegg Britaniya şirkətlərinin 2015-ci il Bakı Oyunlarına necə hazırlaşdıqları barədə danışıb. O bildirib ki, “yüzlərlə Britaniya şirkəti hökumətdən ictimai əlaqələrdən tutmuş, iaşə və tibb xidməti sahələrinədək milyonlarla funt sterlinqlik sifarişlər” alır.
Indiyədək 6 olimpiadada Böyük Britaniya missiyasına rəhbərlik etmiş və bir vaxtlar “Ipswich” futbol klubunun baş icraçı direktoru olmuş Simon Clegg deyib ki, sponsorlarının arasında BP də olan Bakı Olimpiya Oyunlarında Britaniya şirkətləri üçün əlverişli şərait yaradılacaq.
Azərbaycan paytaxtını “Xəzərin Kannı” adlandıran Clegg bildirib ki, Avropa Oyunları bu ecazkar, dinamik və mütərəqqi ölkəni böyük beynəlxalq tədbirləri keçirməyə qabil bir ölkə kimi tanıdacaq.
Cənab Clegg 3 ay bundan əvvəl Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru təyin edilib.
O bildirib ki, hazırda özünün Bakıdakıÿofisində London 2012 Olimpiadasının təşkilat komitəsində işləmiş 112 britaniyalı işçi çalışır.
Simon Clegg idman və prezidentin tapşırığı ilə məşğuldur
Qəzet xatırladır ki, Britaniyanın Xarici Işlər Nazirliyi ötən may ayında Azərbaycanda gənc demokratiya fəallarının saxlanmalarını “siyasi motivli həbslər və məhkumetmələrin narahatedici yüksəlişi” kimi tənqid edən bəyanat verib.
“The Independent”in bu barədə suallarına cavab olaraq cənab Clegg deyib ki, bu vəzifəni qəbul edərkən ölkənin reputasiyasından xəbərdar olub, lakin özü heç bir avtoritar davranış hiss etməyib və ümumiyyətlə, o, siyasətlə yox, idmanla məşğul olur.